İrşad Electronics mənə nasaz məhsul satıb- Müştəri şikayət edir

İrşad electronics
İrşad electronics

Elektronika mağazalar şəbəkəsi İrşad Electronics bu dəfə müştəri narazılığı ilə gündəmə gəlib. AzPost xəbər verir ki, şikayətçi Orxan Hüseynin sözlərinə görə, 26 sentyabr 2025-ci il tarixində mağazadan aldığı toster elə ilk gündən düzgün işləməyib.

Müştəri problemi aradan qaldırmaq üçün dəfələrlə mağazaya müraciət etdiyini, nəhayət 5 yanvar 2026-cı il tarixində məhsulun rəsmi servisə təhvil verildiyini bildirib. Lakin servis müdaxiləsindən sonra da vəziyyət dəyişməyib – toster əvvəlki kimi nasaz işləməyə davam edib və texniki problemlər aradan qaldırılmayıb.

Məsələ bununla da bitməyib. Şikayətçinin iddiasına görə, servisə tam sağlam vəziyyətdə təhvil verilən məhsul geri qaytarılarkən üzərində batıqlar və mexaniki zədələr aşkar edilib. Servis əməkdaşları bu zədələrin guya məhsul qəbul edilən zaman mövcud olduğunu iddia etsələr də, müştəri bunu qəti şəkildə təkzib edir və bu arqumenti əsassız sayır.

Narazı vətəndaş yaranmış vəziyyəti həm maddi, həm də hüquqi baxımdan qəbuledilməz hesab edir. O, məhsulun:

  • yenisi ilə əvəz olunmasını və ya

  • ödəniş etdiyi məbləğin tam şəkildə geri qaytarılmasını,

  • eləcə də servis tərəfindən vurulduğu iddia edilən mexaniki zədələrə hüquqi qiymət verilməsini tələb edir.

Şikayətçi bildirir ki, məsələ müsbət həllini tapmadığı təqdirdə məhkəməyə və aidiyyəti dövlət qurumlarına müraciət edəcək.

Qeyd edək ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, istehlakçıya qüsurlu və yararsız məhsulun satılması qadağandır və satıcı məhsulun keyfiyyətinə görə tam məsuliyyət daşıyır. Qanunvericiliyə görə, istehlakçı qüsur aradan qaldırılmadıqda məhsulun dəyişdirilməsini və ya pulun geri qaytarılmasını tələb etmək hüququna malikdir.

Məsələ ilə bağlı İrşad Electronics və rəsmi servisin mövqeyini öyrənmək mümkün olmayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.