İşğal olunmuş ilk kənd –33 il əvvəl törədilmiş Bağanis-Ayrım faciəsi

 Vətən Müharibəsi erməni vəhşiliyinin acı mənzərəsini bütün dünyaya nümayiş etdirdi. Yerlə yeksan edilmiş rayonlar, dağıdılmış qəbirlər, ibadətgahlar, öldürülümüş minlərlə günahsız dinc insan işğalın geridə qalmış qanlı izini saxlayır.

Bu nankor düşmənə xatırlatmalı çox səhifələr var.

Belə qanlı və ağır hadisələrdən birinin  33 ili tamam olur.

Ermənistanın Azərbaycana qarşı işğal siyasətinin qurbanlarından biri və birincilərindən olan Qazaxın işğalda olan 7 kəndindən biri, Bağanis Ayrım kəndidir. Düşmənin hələ 1988-ci ildən mütəmadi olaraq törətməyə başladığı təxirbatlar Bağanis Ayrımı da gözləyirdi. Xüsusi strateji əhəmiyyətə malik Bağanis Ayrım kəndi İcevan-Noyamberyan avtomobil yolu üzərində yerləşdiyindən düşmən gələcəkdə daha rahat hərəkət edə bilməsi üçün bu kəndin işğalını xüsusi plan əsasında həyata keçirib.

1990-cı ilin martında erməni silahlı dəstələrinin Qazax rayonunun Bağanıs-Ayrım kəndində törətdikləri dəhşətli qırğın xalqın yaddaşından silinməz iz qoydu.

1990-cı ilin martın 23-dən 24-nə keçən gecə erməni silahlı dəstələri Qazax rayonunun Bağanıs -Ayrım kəndinə hucum etdilər. Qabaqcadan təşkil edilmiş plan əsasında hücuma məruz qalan kənd  martın 24-ü səhər saatlarında ermənilər tərəfindən işğal olundu.  Kəndin işğalını xüsusi plan əsasında həyata keçirmişdi.

Əliyalın kənd sakinləri təpədən-dırnağadək silahlanan erməni hərbçilərindən canlarını qurtarmaq üçün qonşu kəndlərə və meşələrə üz tuturlar. Evləri talayan ermənilər sonra onlara od vurur, qaçan insanları isə tutaraq oda atırlar. Yeddi nəfər kənd sakini insanlığa sığmayan işgəncələrə məruz qalaraq öldürülür. Onlar diri-diri ocağa atılaraq yandırılır. İki nəfər güllələnir. Ocaqda yandırılanların ən kiçiyi iki aylıq körpə, böyüyü isə 70 yaşında qoca olub. Bu faciə zamanı kənddə olan 100 evdən 17-si yandırılır, 11 ev qarət edilir.

Bununla da Bağanıs Ayrım ermənilərin işğal etdiyi ilk Azərbaycan kəndi kimi tarixə düşdü.

Bu qanlı hucum ölkənin ictimai –siyasi həyatında böyük rezonans verdi.

Sovet rəhbərliyinin hadisəyə etinasız münasibəti Azərbaycan cəmiyyətində ciddi etiraza səbəb oldu. Ölkənin tanınmış ictimai xadimləri, ziyalıları mərkəzi hakimiyyətdən  bu hərbi cinayəti araşdırmağı tələb edirdilər.

1990-cı il martın 31-də Azərbaycandan seçilmiş SSRİ xalq deputatları prezident Mixail Qorbaçova müraciət ünvanlayaraq, Ermənistanın hucumuna, Bağanıs Ayrım faciəsinə qiymət verilməsini istədilər. Deputatlar imzaladıqları bu müraciətdə Qarabağ probleminin həllində Moskvanın birtərəfli mövqeyinə ciddi etirazlarını bildirmişdilər.

Azərbaycandan olan SSRİ xalq deputatlarının imzaladığı müraciətdə deyilirdi: “Bu il martın 24-də və 26-dək erməni yaraqlıları Ermənistanla bütün sərhəd boyunca Azərbaycan SSRİ ərazisinə silahlı basqın etmişlər. Silahlı hucum zamanı müasir avtomatlar və ağır artelleriya işlədilib. Qazax rayonunun sərhədyanı kəndləri və Naxçıvan MSSR-in Sədərək kəndi top atəşinə tutulub. Erməni terrorçuları Azərbaycan dəmir yolunun Ermənistan SSR-in Mehri rayonu ərazisindən keçən hissəsində partlayış törədiblər. Noraşen-Bakı qatarının sərnişinləri qurban getməli idilər, yalnız xoşbəxtlikdən heç kəsə xəsarət dəyməyib. Aydın deyil ki, Sovet Ordusunun və daxili qoşunların rəhbərliyi nəyə görə terrorçuların azğın hərəkətlərinə fikir vermir? Ermənistan ərazisindən yaxşıca silahlanmış və Azərbaycan SSR-ə qarşı elan edilməmiş müharibə aparan çoxminli ordunun əməllərinə niyə göz yumur?

 

Azərbaycandan olan SSRİ xalq deputatları sizə müraciət edərək sizə verilmiş bütün prezident səlahiyyətlərindən istifadə edərək təxirəsalınmaz tədbirlər görməyi təkidlə tələb edirlər:

–Ermənistan SSR-də əslində nizami orduya çevrilmiş silahlı dəstələrin dərhal tərksilah edilməsi üçün qoşunlardan istifadə edilsin.

-Zaqafqaziyaya silah, o cümlədən ən müasir silahlar gətirən kanallar təcili sürətdə müəyyən edilsin”.

Müraciəti  SSRİ xalq deputatı olan Anar, Arif Məlikov, Mirzə İbrahimov, Həsən Turabov, Şeyxülislam Allahşükür Paşazadə və digərləri imzalamışdı.

Digər bir müraciəti isə Azərbaycanın yeddi ictimai-siyasi təşkilatı qəbul etmişdi. Həmin müraciətdə deyilirdi ki, martın 24-26-da edilən hucumları Azərbaycan SSR-in süverenliyinə və ərazi bütövlüyünə silahlı qəsd kimi qiymətləndirirlər: “Biz sual edirik? Cəzasızlıq nə vaxta qədər davam edəcək? Nə üçün 7 milyonluq Azərbaycan xalqı DQMV-in 140 min nəfərlik erməni əhalsinin iddialarına qurban verilir? Nə üçün Azərbaycan paytaxtında fövqəladə vəziyyət qüvvədədir, ölkənin ictimai-siyasi, mədəni həyatını iflic edir, amma qanunun cəzaverici qılıncı beynəlxlaq ekstemizimin və terrorizm yuvası olan Ermənistanda kəsərdən düşür?

Erməni millətçilərinə, qanlı münaqişənin təşkilatçılarına qarşı dərhal ən qəti və təsirli tədbirlər görməyi, quldur birləşmələrinin tərksilah edilməsini və cəzalandırılmasını tələb edirik”.

Bu müraciəti “Qayğı” Cəmiyyəti, Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi, Qarabağa Xalq Yardımı Komitəsi, Qaçqınlar Cəmiyyəti, Respublika Qadınlar Şurası, “Vətən” Cəmiyyəti, Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Şurası, Azərbaycan Ziyalıları Demokratik İttifaqı imzalamışdı.

SSRİ rəhbərinin loyal mövqeyindən istifadə edən Ermənistanın və Dağlıq Qarabağda separatizmi körükləyən dairələr Azərbaycanın dinc əhalisinə qarşı ilk fürsətdə terror törətməkdən çəkinmirdilər. Azərbaycan kommunist rəhbərliyinin Moskva qarşısında müti duruşu və xalqın müdafiəsini təşkil etməkdə bacarıqsızlığı da bu qanlı hadisələrin artmasına imkan yaradırdı.

Cinayət cəzasız qalmamalıdır.

Azərbaycan Respublikasının vətəndaşlarına qarşı törədilmiş sülh və insanlıq əleyhinə, müharibə, terrorçuluq cinayətlərinin və digər cinayətlərin istintaqı, onlara hüquqi qiymət verilməsi, həmin cinayətlərin təşkili və törədilməsində iştirak etmiş şəxslərin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb edilməsi məqsədi ilə 2003-cü il dekabrın 18-də Baş Prokurorun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlərinin vahid əmri ilə birgə istintaq-əməliyyat qrupu yaradılıb.

2005-ci il mayın 5-dən isə həmin cinayət işinin istintaqı ibtidai araşdırmaya prosessual rəhbərlik Hərbi Prokurorluğa tapşırılıb. Cinayət işinin vahid istintaq-əməliyyat planına əsasən ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, beynəlxalq hüquq normalarına, eləcə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, Cinayət Prosessual Məcəllənin tələblərinə tam uyğun və baş vermiş cinayət hadisələrinin hər birinin mahiyyəti üzrə aparılıb.

İstintaq materialları ilə Bağanis-Ayrım soyqırımı epizodu üzrə sübuta yetirilib ki, 1990-cı il martın 24-də saat 8 radələrində azərbaycanlıları bir milli qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmək və digər cinayətlər törətmək məqsədilə qanunsuz erməni silahlı birləşmələri Ermənistan ərazisindən Qazax rayonunun Bağanis-Ayrım kəndinə hücum edərək müxtəlif istiqamətlərdən çeşidli hərbi texnika, döyüş və xüsusi təyinatlı nəqliyyat vasitələrlə kəndə daxil olaraq iriçaplı odlu silahlardan, pulemyotlardan, avtomatlardan, qumbaraatanlardan intensiv atəşlər açmaqla əhalini, yəni dinc kənd sakinlərini küçələrdə və öz evlərində atəşə tutub.

 

Nəticədə məhz azərbaycanlı olduqlarına görə üçü qadın, biri 39 günlük körpə olmaqla 10 nəfər ağlasığmaz işgəncələr verilməklə xüsusi amansızlıqla qətlə yetirilib, iki şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib. Eyni zamanda 12 yaşayış evi qarət edilərək yandırılıb, eləcə də 438 nəfər kənd sakini beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan qanuni yerləşdikləri yerlərindən məcburən didərgin salınıblar.

Cinayət işinin istintaqı zamanı konkret olaraq Bağanis-Ayrım soyqırımı epizodu üzrə sülh və insanlıq əleyhinə cinayətlər törətmələri sübuta yetirilmiş 18 şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü (Soyqırım) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul olunub.

Həmin şəxslərin barəsində məhkəmə qərarlarına əsasən həbs qətimkan tədbiri seçilib və onların axtarışlarının təmin edilməsi üçün sənədlər İnterpolun Azərbaycandakı Milli Bürosuna və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinə göndərilib. Hazırda bu istiqamətdə hərtərəfli istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, Bağanıs Ayrım Qazaxın tarixinə ermənilər tərəfindən ilk işğal edilmiş və yandırılmış kənd kimi daxil olub. Erməni quldurları bu qanlı hadisədən sonra Qazaxın daha 6 kəndini – Xeyrimli, Aşağı Əskipara, Sofulu, Badxudarlı, Qızıl Hacılı, Yuxarı Əskipara kəndlərini də işğal ediblər.

Bu gün Qazaxın yeddi kəndi terrorçuluğu dövlət səviyyəsində həyata keçirən Ermənistanın işğalı altındadır. 1990-cı ilin martında Bağanıs Ayrımda törədilən qətliam erməni silahlı qüvvələri tərəfindən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda daha geniş miqyasda təkrarlandı.

Ümumiyyətlə, 1991-ci ilin oktyabr və noyabr ayları ərzində Qarabağda 30-dan çox yaşayış məntəqəsi, o cümlədən Tuğ, Sırxavənd, Meşəli, Cəmilli, Umudlu, Qaradağlı və Kərkicahan kimi kəndlər Ermənistan silahlı qüvvələri, həmçinin onlara kömək edən rus hərbçiləri tərəfindən yandırıldı və əhalisi qətlə yetirilib.

 

Azərbaycan xalqının başına gətirilən faciələrin dünya ictimaiyyətinə çatdırılması üçün sistemli iş aparılır.

Prezident  İlham Əliyevin yürütdüyü siyasətin əsas proritetlərindən biri budur. Birinci vitse-prezident Mehriban Əliyeva, Heydər Əliyev Fondu  bu istiqamətdə çox ciddi işlər görür. Bağanıs Ayrım kəndində törətdiyi soyqırımın dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə bu faciədə həlak olmuş şəxslərin xatirəsi əbədiləşdirilib, abidə kompleksi ucaldılıb.

 

X.SƏFƏRLİ

 Yazı MEDİA-nın dəstəyi ilə  “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusunda hazırlanıb.

Əvvəlki məqalə

Türkiyədə prezidentliyə namizədlər üçün müraciət prosesi başlayıb

Sonrakı məqalə

Jurnalistlərin işğaldan azad edilən Talış kəndinə səfəri təşkil edilib