İŞİD tərkibində döyüşən britaniyalı repçi həbs edilib

22 Aprel 2020 - 22:24

Rəsmilər və medianın bildirdiyinə görə, İraq və Suriyada İŞİD dəstələrində döyüşdükdən sonra qaçaq olan keçmiş britaniyalı repçi İspaniya polisi tərəfindən ələ keçirilib.

İspaniyanın Daxili İşlər Nazirliyinə və bir Avropa təhlükəsizlik mənbəyinə istinadən Əbdül Məcid Əbdül Bari İspaniyanın cənubundakı Almeriya şəhərində, koronavirusdan təcrid zamanı arabir üz maskası ilə tərk etdiyi mənzildə həbs edildiyi bildirilib.

Britaniya mediası Misir əsilli olan Barinin Böyük Britaniya vətəndaşı olduğunu, lakin İslam Dövlətinə qoşulduqdan sonra Britaniya vətəndaşlığından məhrum edildiyini yazıb.

İspaniyanın Daxili İşlər Nazirliyinin açıqlamasında çərşənbə axşamı Bari ilə birlikdə daha iki şübhəlinin həbs olunduğu bildirilib. Nazirlik Reuters xəbər agentliyinə bunun çox əhəmiyyətli bir həbs olduğunu deyib.

Britaniyanın “The Guardian” qəzeti də daxil olmaqla, media Əbdül Məcid Əbdül Barinin 1998-ci ildə Keniya və Tanzaniyadakı ABŞ səfirliklərində 224 nəfərin ölümü ilə nəticələnən partlayışlara görə 25 il həbs cəzasına məhkum edilən və hazırda ABŞ-da həbsdə olan Adil Əbdül Barinin oğlu olduğunu deyir.

İspaniyanın Daxili İşlər Nazirliyinin açıqlamasında Barinin İslam Dövlətinin qanlı cinayətlərini əks etdirən propaqanda şəkillərində yer aldığı bildirilib.