İslam Əməkdaşlıq Təşkilatı Donald Trampın sülh planını rədd edib

03 Fevral 2020 - 16:11

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ABŞ prezidenti Donald Trampın “Yaxın Şərq sülh planı”nı qəbul etməyib.

“Report” “CNN Türk”ə istinadən xəbər verir ki, quruma üzv dövlətlərin xarici işlər nazirləri sənədin müzakirəsi üçün fövqəladə toplantı keçiriblər.

Tədbir Səudiyyə Ərəbistanının Ciddə şəhərində baş tutub. Yığıncağın yekununda planın qəbuledilməz olduğu qərarına gəlinib.

Qeyd edək ki, Donald Tramp “Yaxın Şərq sülh planı” çərçivəsində Qüdsün İsrailin bölünməz paytaxtı sayılacağını və bu sənədin müstəqil Fələstin dövləti üçün son şans olduğunu söyləmişdi.