“Süni mayalanma və transplantasiyanın Xidmətlər Zərfinə daxil edilməsi planlaşdırılır”- Agentlik

“Gələcəkdə süni mayalanmanın və transplantasiya xidmətlərinin müvafiq şərtlər əsasında icbari tibbi sığortanın təminatına daxil edilməsi planlaşdırılır”. 

Bu barədə APA-nın sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib. Qeyd olunub ki, ilkin mərhələdə Xidmətlər Zərfinə ölkədə geniş yayılmış, əlillik və ölüm riski olan xəstəliklərin müalicəsi, həyati vacib-dəyəri yüksək olan əməliyyatların təminata alınması nəzərə alınıb.

Xidmətlər Zərfinə daxil edilən xidmətlər müvafiq meyarlara uyğun olmalıdır:

-ölkədə həmin xidmətlərin yüksək səviyyədə göstərilməsi;

-tibb müəssisələri tərəfindən tibbi xidmətlərin göstərilməsi imkanları;

-müəyyən dövr üçün həmin xidmətlərə dair statistik göstəricilər.

Bildirilib ki, qeyd olunanlar nəzərə alınaraq ilkin mərhələdə süni mayalanma və transplantasiya xidmətləri Xidmətlər Zərfinə daxil edilməyib.

Məlumata əsasən, ölkədə geniş yayılmış, əlillik və ölüm riski olan xəstəliklərin stasionar şəraitdə medikamentoz və cərrahi müalicəsi icbari tibbi sığorta təminatına alınıb. Təminata alınmış əməliyyatlar sırasına sayı 150 xidmətdən çox olan həyati vacib-dəyəri yüksək olan əməliyyatlar da daxildir.

Qeyd edək ki, Xidmətlər Zərfi sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusudur. Zərfə təcili və təxirəsalınmaz tibbi yardım, ilkin səhiyyə xidməti, ixtisaslaşdırılmış ambulator yardım, stasionar tibbi yardım üzrə 2550 sayda müxtəlif tibbi xidmət daxildir. Bunlardan təcili və təxirəsalınmaz tibbi yardım üzrə 6, ilkin səhiyyə xidməti üzrə 35, ixtisaslaşdırılmış ambulator yardım üzrə 1265 və stasionar tibbi yardım üzrə 1244 xidmət təminata alınıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait artıb

Sonrakı məqalə

İslam Əməkdaşlıq Təşkilatı Donald Trampın sülh planını rədd edib