Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanıması ilə bağlı təşəbbüsün dayandırılmasında Azərbaycanın diplomatik səylərinin mühüm rol oynadığını açıqlayıb.
AZPOST xəbər verir ki, Hikmət Hacıyev bu barədə “Haber Global” telekanalına müsahibəsində danışıb.
O bildirib ki, İsraildə 1915-ci il hadisələrinin “erməni soyqırımı” kimi tanınması təşəbbüsü Azərbaycan üçün ciddi narahatlıq doğurub. “Çünki qardaş Türkiyənin maraqları Azərbaycan üçün hər zaman prioritet olub və bu məsələ bizim üçün həmişə “qırmızı xətt”dir”, – deyə Prezidentin köməkçisi vurğulayıb.
Hikmət Hacıyevin sözlərinə görə, məsələ gündəmə gələn kimi Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan intensiv diplomatik fəaliyyətə başlayıb. “İsrail tərəfinə də mesajlarımızı çatdırdıq ki, belə bir qərarın qəbul edilməsi, ilk növbədə, ədalətsizdir, tarixi reallığı əks etdirmir və biz onun qəbulunu düzgün hesab etmirik. Müsbət hal ondan ibarətdir ki, İsrail tərəfi də Azərbaycanın bu mesajlarını ciddi qəbul etdi. Hesab edirik ki, bunun daha da irəliləməsinin qarşısı alındı. Bizim qənaətimizə görə, bu, heç bir halda tarixi reallığı əks etdirməyən, tamamilə ədalətsiz bir addım olardı”, – o qeyd edib.
Prezidentin köməkçisi Azərbaycan-Türkiyə münasibətlərinin strateji xarakter daşıdığını bir daha vurğulayaraq bildirib: “Türkiyənin olmadığı masada Azərbaycan, Azərbaycanın olmadığı masada isə Türkiyə var. Ölkələrimizin maraqlarına qarşı atılan hər bir addıma qətiyyətlə cavab veririk və bundan sonra da verəcəyik.”
Qeyd edək ki, İsrail hökuməti ermənilərin 1915-ci il hadisələrinin “soyqırımı” kimi tanınmasına dair təşəbbüsün irəlilədilməsi prosesini dayandırıb. Azərbaycanın diplomatik səylərindən sonra məsələ İsrail Knessetinin gündəliyindən çıxarılıb.