Elektriklə qızdırılan yataqaltılar düzgün istifadə edildikdə ümumilikdə təhlükəsiz hesab olunur. Lakin istilik funksiyası daim açıq vəziyyətdə yatmaq bədənin həddindən artıq qızması, yanıq riski, xroniki xəstəliklərin kəskinləşməsi və hətta yanğın təhlükəsi yarada bilər.
Bu barədə AzPost Southern Living saytına istinadən məlumat verir.
Qızdırılan yataqaltı ilə yatmaq nə dərəcədə təhlükəsizdir?
Yataqaltılar birbaşa döşəyin üzərinə yerləşdirilir. Müasir modellərin əksəriyyətində temperaturu tənzimləməyə imkan verən idarəetmə elementləri mövcuddur, bəzilərində isə cütlüklər üçün iki ayrı istilik zonası yaradılıb.
Bir çox yeni model təhlükəsizlik məqsədilə avtomatik sönmə funksiyası ilə təchiz olunur. Gecə isinməkdə çətinlik çəkən insanlar üçün bu cür yataqaltılar faydalı ola bilər.
Elektrik yorğanlar da oxşar prinsipdə işləyir, lakin onlar daha portativdir və evin istənilən yerində istifadə oluna bilər. Buna baxmayaraq, mütəxəssislər onların yuxu zamanı istifadəsinə ehtiyatla yanaşmağı tövsiyə edirlər. Səbəb isə yanğın riskidir. Bəzi müasir modellərdə əlavə təhlükəsizlik funksiyaları olsa da, istifadə etməzdən əvvəl mütləq təlimatla tanış olmaq vacibdir.
Həddindən artıq qızma riski
Şəkərli diabet, qan dövranı problemləri, sinir zədələnməsi və ya demensiya diaqnozu olan şəxslərə qızdırılan yataqaltı və ya elektrik yorğanla yatmaq tövsiyə edilmir. Hamilə qadınlar isə bu cür vasitələrdən istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməlidir. Qızdırılan yataqaltılar və elektrik yorğanlar uşaqların yatağında qətiyyən istifadə olunmamalıdır.
Eyni zamanda, bu iki istilik mənbəyini paralel şəkildə istifadə etmək olmaz. Bu, həddindən artıq qızmaya səbəb ola bilər. İstiliklə təmasda olan dəridə qızartı, qaşınma və yanma hissi yarana bilər. Belə hallar müşahidə olunarsa, həkimə müraciət etmək tövsiyə olunur.
Təhlükəsizlik üçün vacib tövsiyələr
Qızdırılan yataqaltıdan istifadə edərkən aşağıdakı məqamlara diqqət yetirmək vacibdir:
-
Yalnız UL (Underwriters Laboratories) və ya ETL (Electrical Testing Laboratories) sertifikatlı məhsullar alın
-
Yataqaltını uzadıcıya deyil, birbaşa rozetkaya qoşun
-
10 ildən çox istifadə olunan cihazları yenisi ilə əvəz edin
-
Taymer və ya avtomatik sönmə funksiyası olan modellərə üstünlük verin
-
İstifadə zamanı ev heyvanlarının yataqda yatmasına icazə verməyin, xüsusilə naqilləri gəmirən heyvanlar üçün bu təhlükəlidir
Mütəxəssislər bildirir ki, sadə təhlükəsizlik qaydalarına əməl edildiyi halda riskləri minimuma endirmək mümkündür.