“İstiqlal Bəyannaməsi”nin altındakı 12-ci imza –Lənkəranlı Hacı Mirzə Səlim Axundzadə (FOTO)

1918-ci il fevralın 8-də Bakıdan Lənkərana bir teleqram vuruldu: yerli İcraiyyə Komitəsinə sanballı bir nümayəndəsini mərkəzə göndərmək tapşırılırdı. O, artıq sabah səhər Bakıda olmalı idi ki, axşam – yeni yaradılan Zaqafqaziya Seyminin azərbaycanlı üzvlərindən biri kimi – Tiflisə yola düşsün.
Lənkəranlılar bu tarixi missiyaya Hacı Mirzə Səlim Axundzadəni layiq bildilər.
Səlim Axundzadə 1872-ci ildə Lənkəranda, şair və maarif xadimi Mirzə İsmayıl Qasirin ailəsində dünyaya göz açmışdı.
O, əvvəlcə müasir tipli «Üsuli-cədid» məktəbini, sonra Lənkəran şəhər gimnaziyasını bitirərək həm Şərq, həm Avropa qaydasınca təhsil aldı. Bir müddət yerli idarələrdə katib işlədikdən sonra təhsilini davam etdirmək üçün İrana və İraqa getdi, Türkiyədəsə fransızcanı öyrənib, bir çox Qərb ölkələrini gəzdi.
Təhsilini başa vurandan sonra qabaqcıl baxışlara malik bu gənc Lənkəran məscidlərindən birinə axund təyin edildi. Lakin gün-gündən artan nüfuzu Lənkəranın çar məmurlarını onu məsciddən uzaqlaşdırmağa vadar etdi. 1911-ci ildə Axundzadəni şəhər gimnaziyasına şəriət və rus-fransız dilləri müəllimi götürdülər.
O, 1916-cı ildə yenidən Yaxın Şərq ölkələrinə səyahətə çıxdı. Fevral inqilabından az keçmiş Lənkərana qayıdan Hacı Mirzə Səlimi 1917-ci ilin sonunda yeni yaradılan yerli hakimiyyət orqanlarının tərkibinə daxil etdilər. «Ümid» Xeyriyyə Cəmiyyətinin üzvləri arasında keçirilən gizli səsvermə nəticəsində o, cəmiyyətin sədri seçildi…
Bundan başqa, Məhəmmədəmin Rəsulzadə Lənkərana gəlib Səlim Axundzadədən “Müsavat”ın yerli şöbəsini yaratmağı xahiş etmiş, o da bu işə ciddi girişib, partiyanın Ümumrusiya Müəssislər Məclisinə seçkilərdə uğur qazanması üçün qısa müddətdə çox iş görmüşdü…
Beləliklə, 1918-ci ilin 8 fevralında, Lənkəran qəzasını Zaqafqaziya Seymində təmsil eləmək məsələsi ortaya çıxanda bu haqqın ona verilməsi təəccüblü deyildi…
Lənkəran-Bakı marşrutuyla üzən paraxodda Hacı Mirzə Səlim 9 fevral səhərini dirigözlü açdı.
Axşam dəmiryol vağzalına gəldi. Yol yoldaşları – Fətəli xan Xoyski, Məhəmmədhəsən bəy Hacınski və başqaları Tiflis qatarının yanına toplaşmışdılar.
Gəncə vağzalında Nəsib bəy Yusifbəyli başda olmaqla o ətrafın say-seçmələri də onlara qoşuldu.
Yəqin ki, o günlər Bakı-Tiflis qatarı, bir növ, səyyar siyasi disput klubu imiş bu sərnişinləri ilə…
Fevralın 13-də Zaqafqaziya Seyminin iclasına qatıldılar.
1918-ci il aprelin 9-da böyük bir tarixi hadisə baş verdi – Zaqafqaziya Seymi Cənubi Qafqazın Rusiyadan müstəqilliyini elan edərək Zaqafqaziya Federativ Demokratik Respublikasını yaratmaq barədə qərar qəbul etdi.
Zaqafqaziya hökuməti Hacı Mirzə Səlimə mayın 1-də çox məsul bir vəzifə tapşırdı: onu və qaxlı əsilzadə İsmayıl bəy Qəbulovu Zaqatala bölgəsinə ezam etdilər. Seymin nümayəndələri bölgənin müsəlman və xristian əhalisi arasında gözlənilən ədavətin qarşısının almalı idilər.
Missiya bölgədəki türk hərbi əsirləri, azərbaycanlı, gürcü və dağlı camaatının ağsaqqalları, islam və xristian din xadimləri, yerli ziyalılarla ardıcıl görüşlər keçirərək gərginliyi aradan qaldıra bildi.
Onlar Tiflisə qayıdanda federativ respublika gürcü, erməni və azərbaycanlı nümayəndələrin daxili narazılıqları üzündən dərin böhran keçirirdi. Nəticədə Gürcüstan federasiyadan çıxıb öz dövlət müstəqilliyini elan etdi. İki gün sonra ermənilər və azərbaycanlılar eyni addımı atdılar. 1918-ci il mayın 28-də Seymin azərbaycanlı üzvlərindən ibarət Milli Şura Azərbaycanın İstiqlal bəyannaməsini qəbul etdi.
Bu müqəddəs tarixi sənədin altındakı on ikinci mübarək imza – Hacı Mirzə Səlim Axundzadənindir.
O, əqidə yoldaşları ilə birlikdə adi kağıza yox, Azərbaycan tarixinə imza atmışdı…
Hacı Mirzə Səlim növbəti dəfə tarix səhnəsinə tamam yeni bir qiyafədə çıxdı: Qafqaz İslam Ordusu hissələrindən və yeni yaradılan Azərbaycan ordu bölmələrindən təşkil olunmuş 4 minlik hərbi qüvvənin komanda heyətində Gəncədən Zəngəzura yollandı; erməni daşnaklarına qarşı döyüşlərdə iştirak etdi. O, türk-Azərbaycan qoşunlarının Bakıya yürüşünə də qoşuldu.
Hacı Mirzə Səlim dəyərli fəaliyyətini Azərbaycan Cumhuriyyəti parlamentinin uzvi qismində davam etdirdi. Bu arada yeni yaradılan Bakı Dövlət Universitetində onun geniş erudisiyasına və pedaqoji təcrübəsinə ehtiyac duyulmuşdu.
1920-ci il aprelin 28-də xarici hərbi təcavüz və yerli silahlı üsyan 1-ci Azərbaycan Respublikasının varlığına son qoydu. Sovet hakimiyyətinin repressiya maşınından yaxasını qurtarıb xaricə mühacirət edən sabiq parlament üzvlərinin içində Hacı Mirzə Səlim də var idi.
O, İrana qaçdı. Axundzadə kimiləri Sovet rejimini müvəqqəti bir hal sayır, tezliklə Vətənə qayıdacaqlarını düşünür, odur ki, yaxına mühacirət edirdilər.
Amma illər keçir, ömür gedirdi və vətən gün-gündən əlçatmaz olurdu…
Hərçənd Azərbaycanı bir an belə unutmadı…
Bu illərdə xeyli siyasi mühaciri müxtəlif yollarla məxfi əməkdaşlığa cəlb eləmiş sovet kəşfiyyatı Hacı Mirzə Səlimi heç cür yola gətirə bilməmişdi…
O, Xəzər sahilindəki liman şəhəri Lənkəranda dünyaya göz açmışdı, Xəzərin o biri sahilindəki liman şəhəri Ənzəlidə gözlərini dünyaya yumdu.
Ömrünün sonunda yerli dövlət məktəbində şəriət dərsi dedi; 1930-cu ildə, vəfatından az öncə oturub xatirələrini yazmağa başladı. Hacı Mİrzə Səlim «Xatirat»ında Azərbaycan xalqının mütləq yenidən öz dövlət müstəqilliyinə qovuşacağına əminlik ifadə edirdi. Və bunu o zaman yazırdı ki, üfüqdə istiqlalın əlaməti belə, görünmürdü…
Amma İstiqlal bəyannaməsinin altındakı on ikinci imzanın sahibi o günü bəsirət gözü ilə görürdü.
Seymur Şahbaz-zadə 
Əvvəlki məqalə

Ukraynada fransız jurnalist həlak oldu –

Sonrakı məqalə

Türkiyədə oteldə rus mahnısına görə münaqişə yaranıb –