Kəndlərdə tullantıların daşınması başlı-başına qalıb – Zibil üçün məsuliyyəti hansı qurum daşımalıdır? (MÜZAKİRƏ)

Son onilliklərdə bütün dünyada böyük diqqət yetirilən məsələlərdən biri məişət tullantılarının idarə edilməsinin müasir tələblərə uyğun sisteminin qurulmasıdır. Son illər ölkəmizdə bu istiqamətdə Böyük Bakını əhatə edən zonada bu sahədə həyata keçirilən işləri xüsusilə qeyd etmək olar. Amma araşdırmalar göstərir ki, bölgələrdə və kənd yerlərində bu sahədə ciddi problemlər qalmaqda davam edir. 

Azpost.info bildirir ki, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin bu gün təşkil etdiyi dəyirmi masada  bu problem müzakirə olunub. “Kənd yaşayış məntəqələrində məişət tullantılarının idarə edilməsi sahəsində mövcud durum və sistemin təkmilləşdirilməsi üzrə tövsiyələr“ mövzusunda Dəyirmi masaya mövzuya marağı olan hökumət qurumlarının nümayəndələri, ekologiya və məişət tullantılarının idarə edilməsi məsələləri üzrə mütəxəssis və ekspertlər, araşdırmaçı alimlər, iqtisadçılar və vətəndaş cəmiyyəti təmsilçiləri qatılıblar.

Tədbiri giriş sözü ilə açan İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev bildirdi ki, təşkilat “Kənd yaşayış məntəqələrində məişət tullantılarının idarə edilməsi sahəsində problemlərin həlli ilə bağlı ictimai müzakirlərin və ictimai vəkilliyin təşkili” adlı layihə həyata keçirib. Bu layihə Niderland Krallığının Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Qafqaz Tədqiqatlar və Resurs Mərkəzi – Gürcüstan təşkilatı tərəfindən icra olunan “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində baş tutub. Layihə çərçivəsində kənd yaşayış məntəqələrində məişət tullantılarının idarə edilməsi sahəsində normativ-hüquqi bazanın mövcud durumu və bir neçə pilot ərazi timsalında real vəziyyət araşdırılıb, bu sahədə son illər əldə olunmuş nailiyyətlər və problemlər aşkarlanıb, mövzu üzrə bir sıra ölkələrin maraqlı təcrübələri öyrənilib, habelə sahənin mütəxəssisləri və ekspertləri ilə məsləhətləşmələr əsasında kənd ərazilərində məişət tullantılarının idarə olunması sisteminin təkmilləşdirilməsi üzrə  təklif və tövsiyələr hazırlanıb.

Sonra layihə haqqında ətraflı məlumat verən Azər Mehtiyev qeyd etdi ki, araşdırma nəticəsində kənd yerlərində məişət tullantılarının idarə edilməsi sahəsində ciddi problemlər aşkarlanıb. Məlum olub ki,  qanunvericilikdə kənd yaşayış məntəqələrində məişət tullantılarının toplanması, daşınması rayon icra hakimiyyəti başçılarına həvalə edilsə də, hazırda kənd yaşayış məntəqələrində demək olar ki, bu fəaliyyətlər həyata keçirilmir.

Eyni zamanda kənddə  məişət tullantılarının daşınması üçün işlək mexanizmləri nə qanunvericilikdə, nə də praktik təcrübədə yoxdur, işlərinin təşkili üçün dövlət büdcəsindən məqsədli (ünvanlı) vəsait ayrılmır. Xarici təcrübədə bu məsələ əsasən bələdiyyələrin vəzifə və səlahiyyətlərinə aid olduğu halda, ölkəmizdə bələdiyyələrə yalnız maarifləndirmə rolu həvalə olunub.

Araşdırma zamanı bəlli olub ki, kəndlərdə  plastik materialların yığılması üçün xüsusi tutumlar yoxdur, Bakı şəhəri və qismən Abşeron zonası istisna olmaqla, ölkənin digər ərazilərində istehsalalt və məişət tullantılarının daşınması üçün zəruri tələblərə cavab verən poliqonlar yaradılmayıb.

Layihə çərçivəsində Polşa, Türkiyə, Rusiya və Gürcüstanın bu sahədəki təcrübələrinin araşdırıldığını bildirən A.Mehtiyev vurğuladı ki, həmin ölkələrdə kənd yerlərində məişət tullantılaırnın toplanması, daşınması və emal edilməsi məsələləri əsasən bələdiyyələrin səlahiyyətindədir.

Təqdimatda qeyd olundu ki, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi kəndlərdə məişət tullantılarından təmizlənməsi üçün 3 alternativ mexanizmini təqdim edib.

Kənddə məişət tullantılarından təmizlənməsinin mənzil-kommumal təsərrüfatı qurumlarının müstəsna səlahiyyət verilməli, yaxud bələdiyyələrin səlahiyyət sahibi kimi tanınması, ya da özəl operatorların xidmətindən istifadə olunmalıdır.

Çıxışının sonunda A.Mehtiyev bildirdi ki, hazırlanmış təklif və tövsiyələr bu müzakirələrdən sonra təkmilləşdirilərək müvafiq hökumət qurumlarına, habelə digər maraqlı tərəflərə təqdim ediləcək.

Sonra tədbirdə çıxış edən Ekologiya və Təbii Sərvətlər nazirliyinin təmsilçisi Ceyhun Hüseynov  bölgələrdə və kənd yerlərində məişət tullantılarının idarə edilməsi sisteminin qurulması istiqamətində işlərin hələ ilkin mərhələdə olduğunu, hökumətin müvafiq tədbirlər planında bununla bağlı müəyyən fəaliyyətlərin nəzərdə tutulduğunu bildirdi. Kənd yerlərində məişət tullantılarının toplanması və daşınması işinin bələdiyyələrin müstəsna səlahiyyətinə verilməsinin məqsədəuyğun olduğunu qeyd etdi.

İqtisadiyyat nazirliyinin və “Təmiz Şəhər”  ASC-nin nümayəndəsi Səbuhi Babayev qeyd etdi ki, ASC Bakı şəhərinin 12 inzibati rayonuna xidmət göstərir. Məişət tullantılarının toplanması və daşınmasına icra hakimiyyətləri cavabdehlik daşıyır. O qeyd etdi ki, hazırda Şüvəlan və Qaradağ rayonlaırnın ərazisində məişət tullantılarının qəbulu məntəqələri tikilməkdədir. S.Babayev vurğuladı ki, hazıırda Bakıdan başqa ölkənin heç bir yerində məişət tullantılarının daşınması üçün müvafiq tələblərə cavab verən sanitariya poliqonları yoxdur. Amma Milli Strategiyada ölkənin 12 ərazisində belə poliqonların qurulması nəzərdə tutulur.

Müzakirələrdə iştirak edən vətəndaş cəmiyyətinin nümayəndələri həyata keçirilən layihənin son dərəcə mühüm bir mövziya həsr edildiyini və layihə çərçivəsində görülən işlərin əhəmiyyətini qeyd etdilər və müzakirəyə çıxarılan təkliflərin təkmilləşdirilməsi üzrə tövsiyələrini verdilər. Konstitusiya Araşdırmaları Fondunun sədri Əliməmməd Nuriyev bu məsələnin bələdiyyələrin səlahiyyətinə verilməsi ilə prinsipcə razılaşdığını, lakin indiki halda bu məsələyə dövlət qurumlarının daha çox diqqət ayırmalı olduğunu, xüsusilə sahənin idarə edilməsinin hüquqi bazasının təkmilləşdirilməsinə diqqətin artırılması və bu problemlərin həllinə beynəlxalq təşkilatların cəlb edilməsi zəruriliyini vurğuladı. Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzinin sədri Mehriban Vəzir bu sahədə bağçalardan başlayaraq bütün təhsil səviyyələrində, habelə cəmiyyətdə geniş maarifləndirmə işlərinin təşkilinə diqqət ayrılmasının vacibliyini, Hüquq və İnkişaf İctimai Birliyinin sədri Hafiz Həsənov problemin həllinin qanunvericilikdə bu məsələlər üzrə səlahiyyət və məsuliyyətin dəqiq müəyyən edilməsindən baılamalı olduğunu vurğuladılar. “Güzəran” Sosial Araşdırmalar Mərkəzinin sədri Qadir İbrahimli kənd yerlərində məişət tullantılarının toplanması və daşınması işi ilə mərkəzi idarəetmə qurumların məşğul olmasının ümumiyyətlə anlaşılmaz olduğunu, bu işin məhz bələdiyyələrə aid olduğunu və səlahiyyətin, müvafiq maliyyə təminatı yaradılması şərti ilə, bələdiyyələrə ötürülməsinin vacib olduğunu dedi. Bazar İqtisadiyyatına və Sahibkarlığın İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov problemin əslində kənd yaşayış məntəqələrində və bütünlüklə ölkədə mülkiyyət hüquqlarının dəqiq təyin edilməməsindən, insanların yaşadıqları əraziyə kifayət qədər sahiblənməməsindən qaynaqlandığını bildirdi və çıxış yolunun məhz mülkiyyət münasibətlərinin təkmilləşdirilməsində olduğunu vurğuladı.

Tədbirdə çıxış edən digər vətəndaş cəmiyyəti təmsilçiləri də bu işlərin bələdiyyələrin səlahiyyətinə verilməsini məqsədəuyğun hesab etsələr də, indiki şəraitdə bələdiyyələrin bu işlərin öhdəsindən gələ biləcəklərinə ehtiyatla yanaşdıqlarını bildirdilər.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkiyə XİN:

Sonrakı məqalə

“Azərbaycana dəstəyimizi göstərmək üçün bu Zirvədə iştirak etdik”