Kapital Bankın müştərisi çıxılmaz vəziyyətdə- İkiqat ödəniş tutulub

Kapital Bank
Kapital Bank

Bakı sakini Şəbnəm Qarayeva “Kapital Bank”ın xidmətindən narazıdır. Vətəndaşın iddiasına görə, bank onun hesabından iki dəfə ardıcıl ödəniş çıxsa da, səfirlik tərəfindən bu ödənişlər qəbul edilməyib və məbləğ geri qaytarılmır.

AzPost.info xəbər verir ki, bu barədə müştəri sosial şəbəkələrdə şikayətini paylaşıb.

Şikayətçinin sözlərinə görə, o, Vyetnam səfirliyinin saytı üzərindən ödəniş edərkən texniki problemlə üzləşib. Saytda ödənişin uğursuz olduğu qeyd edilsə də, “Kapital Bank” hesabdakı vəsaiti silib. Müştəri banka müraciət etdikdə isə ona ödənişin uğurlu olduğu və yalnız səfirliklə yazışmaları təqdim edəcəyi təqdirdə “chargeback” (ödənişin geri çağırılması) proseduruna başlanıla biləcəyi bildirilib.

“Səfirlik cavab vermir, bank isə skrinləri qəbul etmir”

Ş.Qarayeva bildirir ki, qarşı tərəflə əlaqə saxlamaq mümkün deyil:

“Vyetnam səfirliyi e-maillərə və zənglərə heç bir halda cavab vermir. Lakin sistemə girəndə ödənişin uğursuz olduğu açıq-aydın görünür. Bank isə bu ekran görüntülərinə (skrinşotlara) baxmır və vəsaiti qaytarmaqdan imtina edir.”

Bankın reaksiyası: “Rəsmi sənəd lazımdır”

Məsələyə “Kapital Bank” tərəfindən rəsmi münasibət bildirilib. Bank rəsmiləri müştərinin müraciətinin qeydə alındığını, lakin araşdırmanın davam etdirilməsi üçün təqdim edilən sübutların yetərsiz olduğunu vurğulayıblar:

“Məsələnin daha dəqiq araşdırılması üçün ödənişlərin uğursuz olduğunu təsdiqləyən və əməliyyat detalları aydın görünən rəsmi sənədin təqdim olunması zəruridir. Hazırda təqdim etdiyiniz sənəddə bu məlumatlar tam əks olunmadığı üçün prosesi davam etdirmək mümkün olmur”, – deyə bankın cavabında qeyd olunur.

Hazırda vətəndaş həm bankın, həm də səfirliyin arasında yaranan bu bürokratik maneə səbəbindən maddi zərərə uğradığını və problemin həllsiz qaldığını bildirir. Ekspertlər isə bu kimi hallarda müştərilərə banka rəsmi yazılı ərizə ilə müraciət etməyi və mərkəzi bankın müvafiq departamentlərinə məlumat verməyi tövsiyə edirlər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.