Kariesin qarşısını almağın gözlənilməz yolu tapıldı

Minnesota Universitetinin alimləri ağız boşluğunda bakteriyaların “söhbət mexanizmini” müdaxilə etməklə kariesin inkişafını əngəlləməyin mümkün olduğunu açıqlayıblar. AzPost xəbər verir ki, nəticələr NPJ Biofilms and Microbiomes jurnalında dərc olunub.

Alimlərin izahına görə, ağız bakteriyaları ayrı-ayrı mövcud olmurlar; onlar “kvorum-sensing” adlanan mexanizm vasitəsilə kimyəvi siqnallar mübadiləsi aparır. Bu siqnallar mikrob icmasının davranışını koordinasiya edir, gen fəaliyyətini tənzimləyir və hansı növlərin üstünlük təşkil edəcəyini müəyyənləşdirir. Bu tarazlıq, mikrobiyotanın sağlam qalması və ya karies və diş əti xəstəliklərinə meylli olması üçün həlledicidir.

Tədqiqatçılar laboratoriya şəraitində diş plaqlarını analiz edərək bəzi bakteriyaların istifadə etdiyi N-asilqomoserin laktonları (AHL) siqnal molekullarına diqqət yetiriblər. Məlum olub ki, xüsusi fermentlər bu siqnalları bloklaya bilir və beləliklə bakteriyalar arasında “söhbəti boğur”.

Bu müdaxilə diş ətinin iltihabına səbəb olan bakteriyaların fəaliyyətini azaldır, eyni zamanda sağlam ağız mikrobiotası üçün xarakterik bakteriyaların artımını təşviq edir.

Alimlər bildirirlər ki, diş plaqının formalaşması bir ekosistemin inkişafına bənzəyir: əvvəlcə nisbətən zərərsiz bakteriyalar səthə yerləşir, sonra isə əlverişsiz şəraitdə Porphyromonas gingivalis kimi daha aqressiv növlər ortaya çıxır ki, bu da periodontitlə sıx bağlıdır.

Tədqiqatın müəllifi, biokimyaçı Mikael Elias qeyd edir: “Bakteriyaların ünsiyyət üçün istifadə etdiyi kimyəvi siqnalları pozmaqla diş plaqlarının icmasını ağız sağlamlığına uyğun vəziyyətə yönləndirmək mümkündür.”

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.