“Kart oğurluğuna görə banklar məsuliyyət daşımalıdır” –EKSPERTDƏN ETİRAZ

Banklar onlayn kredit üçün qeyri-rəsmi sistemlərlə vətəndaşı identifikasiya edir – risk kimindir?

Ötən günlər bank kartlarından kütləvi talamalar və bankların məsuliyyəti ilə bağlı yazıdan sonra daxil olan müraciətlər sektorda problemlərin daha ciddi olduğunu göstərir. Bir çoxları onların adından kredit götürüldüyünü bildirilər. Araşdırdıqda isə ağlasığmaz bir vəziyyətlə rastlaşırıq.

Azərbaycanda son zamanlar bütün banklar onlayn kredit xidməti təklif edirlər. Bu proses sürətlə yayılıb.

Müxtəlif kiber fırıldaqlarla başqasının adından onlayn kredit götürmək halları da artıb. Kredit alan şəxs adından əməliyyat aparıldığını günlərlə sonra öyrənir. Bank isə sadəcə “siz təsdiqləmisiniz” deyib məsuliyyəti üzərindən atır.

Adi bir araşdırma ilə müşahidə etmək olur ki,  bankların onlayn kredit prosesində ciddi risklər var.

Qısa araşdırma ilə müəyyən etdim ki yalnız bir neçə bank dövlətə məxsus SİMA biometrik imza sistemi ilə  identifikasiya etməklə kredit verir.

Əksəriyyət isə adi qaydada, ən yaxşı halda isə video zənglə identifikasiya edib dərhal onlayn formada kredit ayırırlar.

Hətta elə nəhəng banklar var ki, güman ki xarici mütəxəssislərin iştirakı ilə  özlərinin daxili biometrik sistemlərini yaradıblar və bununla vətəndaşları identifikasiya edirlər.

Amma qanunvericilikdə nəzərdə tutulduğu qaydada lisenziyalar əldə etməyiblər. Maraqlıdır ki Mərkəzi Bank da bu tip hallara qarşı ciddi tədbirlər görməyib.

Əlbəttə, Mərkəzi Bankın mövcud qaydalarına görə banklar video zəng  xidmətlərindən istifadə edib identifikasiya apara  bilərlər.

Amma bu tip yanaşmalar artıq öz əhəmiyyətini itirib. Qonşu ölkələrin də təcrübəsinə baxanda görsənir ki daha çox təkmil biometrik identifikasiyaya üstünlük verilir.

Düşünürəm ki, Azərbaycanda da qanunvericilik təkmilləşdrlməlidir. Biometrik identifikasiya onlayn kredit üçün məcburi olmalıdır – başqa seçim verilməli deyil banklara. Bu mütləq şəkildə qanunvericilikdə, Mərkəzi Bankın qaydalarında  öz əksini tapmalıdır.

Həm də yalnız lisenziyası olan biometrik imzalama vasitələrinə icazə verilməlidir.

Daha bir məqam isə rəqəmsal savadlılığı yetərli olmayan, əlində bir neçə bankı kartı olan vətəndaşlarla bağlıdır.

Əlbəttə ümumilikdə onlayn kredit xidmətlərini tam məhdudlaşdırmaq , bankların rəqəmsal xidmətlərini çətinləşdirmək doğru olmazdı və bu rəqəmsal transformasiyanı da ləngidə bilər.

Amma düşünürəm ki bütün banklar öz mobil tətbiqlərində vətəndaşlara seçim imkanlarını genişləndirməldir, məsələn vətəndaşlara  ümumiyyətlə kredit məsələsinə STOP qoymaq imkanı verməlidir.

Ümumiyyətlə, düşünürəm ki hazırda bu sektorda yaranmış situasiya diqtə edir ki Mərkəzi Bank banklara qarşı yeni yanaşma sərgiləməlidir.

Yəni banklar  kartları talanmış, rəqəmsal savadlılığı yetərli olmayan  vətəndaşlara, adına onlayn kreidt götürülmüş vətəndaşlara  “təhlükəsizlik sizin öhdəliyinizdədir”, “özünüz kodu təsdiqləmisiniz” deyə başdan eləməli deyillər.

Əgər bankların bu sahədə məsuliyyəti artırılmayacaqsa, oğurlanan və talanan vəsaitlərə görə banklar da məsuliyyət daşımayacaqsa bu problemin həlli çox çətin olacaq.

Osman Gündüz

Azərbaycan İnternet Forumunun Prezidenti

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.