Sosial şəbəkələrdə bir istifadəçinin paylaşımı böyük rezonans doğurub. AzPost xəbər verir ki, Şahin Muxtarov adlı vətəndaş öz Kapital Bank kartına Mpay platforması vasitəsilə səhvən 400 manat köçürüldüyünü bildirib. O, pulu qaytarmaq üçün həm Mpay, həm də Kapital Banka müraciət etsə də, hər iki qurum məsuliyyətin onlara aid olmadığını qeyd edib.
Məlumatda qeyd olunur ki, Mpay qəbz nömrəsi ilə köçürən şəxsin tapılıb əlaqələndirilməsinin mümkün olmadığını bildirib. Kapital Bank isə Şahinin müraciətini 24 saat ərzində araşdıracaqlarını deyib. Ardınca Bank rəsmi səhifəsi vasitəsilə bildirib ki, bu hal onların səlahiyyətində deyil və vətəndaş hüquq-mühafizə orqanlarına müraciət etməlidir.
Şahin Muxtarovun paylaşımı qısa müddətdə sosial dəstəyə çevrilib. Onlarla istifadəçi onu dürüst davranışına görə alqışlayıb, “cəmiyyətdə sizin kimi insanlar çox olsun” sözləri ilə dəstək ifadə ediblər. Bəzi şəxslər isə oxşar hadisələr yaşadıqlarını qeyd edərək, bankların bu məsələlərə laqeyd yanaşmasından narazılıq bildiriblər.
Sosial şəbəkə üzvləri bu cür halların həm texniki boşluqlardan, həm də onlayn qumar və şübhəli pul köçürmələri nəticəsində baş verdiyini qeyd ediblər. Şərhlərdə dəfələrlə vurğulanıb ki, belə vəziyyətlərdə pulun geri qaytarılması yalnız insan vicdanı ilə tənzimlənir, banklar isə məsuliyyətdən yayınmağa çalışır.