Azərbaycanda son aylarda kartof qiymətləri kəskin artıb. AzPost-un apardığı araşdırma göstərir ki, bahalaşmanın əsas səbəbləri arasında idxal və ixrac balansındakı dəyişikliklər, yerli istehsalın azalması, yanacaq qiymətləri və iqlim amilləri mühüm rol oynayır.
2025-ci ilin aprel ayında bazarlarda kartofun qiyməti bir çox bölgələrdə 1 kiloqram üçün 2,5-3 manata qədər yüksəlib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfəyə yaxın bahalaşma deməkdir.
Mütəxəssislər qeyd edirlər ki, daxili bazarda təklifin azalması qiymət artımına birbaşa təsir göstərib. 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanın kartof ixracı 32 faiz, ixracdan əldə olunan gəlir isə 34 faiz azalıb. Bu dövrdə 48 min 200 ton kartof ixrac edilib ki, bu da son illərin ən aşağı göstəricilərindən biridir.
Digər tərəfdən, idxal da zəifləyib. 2023-cü ildə 172 min tondan çox kartof idxal olunmuşdu. Əsas tədarükçü ölkələr arasında Rusiya, İran və Belarus üstünlük təşkil edirdi. Lakin 2024-cü ilin ilk aylarında, xüsusilə Rusiya ilə ticarətdə azalma qeydə alınıb ki, bu da daxili bazarda məhsul çatışmazlığına səbəb olub.
Yerli istehsal da vəziyyəti yaxşılaşdırmayıb. 2024-cü ildə Azərbaycanda ümumi kartof istehsalı 927 min ton təşkil edib. Bu göstərici əvvəlki illərlə müqayisədə aşağıdır və əsas səbəb kimi iqlim dəyişiklikləri, suvarma problemləri və kənd təsərrüfatında artan xərclər göstərilir.
Qeyd edək ki, 2024-cü ildə dizel yanacağının qiymətində 25 faiz artım baş verib. Bu da məhsulun istehsalı və bazarlara çatdırılması xərclərini əhəmiyyətli dərəcədə artırıb. Fermerlər bu səbəbdən məhsulun maya dəyərinin artdığını, bunun da satış qiymətlərinə təsir etdiyini bildirirlər.
Mütəxəssislərin fikrincə, kartof qiymətlərinin sabitləşdirilməsi üçün idxal mənbələrinin genişləndirilməsi, yerli istehsalın subsidiyalarla dəstəklənməsi və logistik xərclərin azaldılması zəruridir. Əks halda, ərzaq məhsullarının qiymətində bahalaşma tendensiyası davam edə bilər.