Keçmiş filmlərimizə nostalji yaradan serial

“Velvet” ispanların tarixini, mədəniyyətini, mənəviyyatını bütünlüklə əks etdirir

 

Seriallar efirlərə meydan oxuyandan köhnə filmlərin xiffəti ilə yaşamağa başlamışıq. Xüsusilə son illərdə çəkilməli olub çəkilməyən filmlərin. Nostaljiyə əsaslarsa yeni adı ilə tamaşaçıya sırıdılan film və serialların şit zarafatlardan, əksər hissəsinin motivi “xəyanət”dən ibarət olmaqla bayağı ssenarilərdən  o tərəfə keçə bilməməsidir. Amma gözəl ssenari və böyük məsuliyyət hissilə müasir gözəl filmlər və hətta gözəl seriallar da çəkmək olarmış…

İctimai televiziyanın efirində İspaniya kinematoqrafiyasına məxsus bir serial yayımlanır. Adına “Velvet” də, “Velvet qalereyası” da deyirlər. Bu serialla bizim tamaşaçıların damaq dadında özünə məxsusi yer eləmiş keçmiş filmlərimiz arasında paralellər aparmaq mümkündür. Fikir verirsinizmi? Bizim bədii filmlərlə. Azca gözləyin, bu barədə aşağıda danışacağıq. Yadımdan çıxmamış, bu serialın yayımına və yüksək peşəkarlıqla dublyajına görə İTV komandasına dərin təşəkkürlərimi çatdırmaq istəyirəm.

“Velvet” tikiş dizaynı qalereyasında baş verən olaylar fonunda ssenariləşdirilib. Məhəbbət detalları ilə uzanan xətt üzrə davam etdirilir. Tamaşaçı serialın əvvəlindən başlayan sevgi olaylarının sehrinə düşür. Qalereya sahibinin oğlu Alberto ilə yetim qalmış Anna adlı qızın sevgi hekayəsini izləməyə başlayır. Serialsa öz əbədi xarakterinə uyğun olaraq bədii film kimi tez bir zamanda başa çatmaması üçün vaxtı uzatmağa asanlıqla nail ola bilir. Amma burada serialın ssenari müəllifi Ned Vin və rejissoru Riçard Lanq sadəcə seyrçinin zamanını almaqla serialı sabun operalarına dönməkdən məharətlə qoruya, baş rolların ecazkar aktyor truppası  Leah Ayren, Şaei Belafonte, Mari-Marqaret Humes, Şeree C.Vilson və başqalarının güclü tərəf müqabilliyi sayəsində isə 55 hissəlik serialı çox maraqlı bir bədii nümunəyə çevirə bilmişlər.

“Velvet” başdan-başa dinamika üzərində qurulub. Otaq şəraitində ölüvay musiqi fonunda və pafoslu danışıqlar üzərində alışdığımız seriallardan fərqli olaraq, Velvet-in qəhrəmanlarını sadəcə elə otaq şəraitində bir yerə pərçimlənib sözünü deməklə obrazını yola vermək cəhdində görə bilməzsən. Dinamik yaşayış və dinamik həyat tərzinin gözəl bir nümunəsidir obrazların hərəkətliliyi. Bunlar öz yerində. Söz verdiyimiz kimi, qayıdaq filmin əhəmiyyətinin bəzi detallarına.

Qeyd etdiyim kimi, iki gəncin hələ uşaqlıqdan bir-birinə isinişməsi səbəbindən yaranan sevgi hekayəsinin üzərində başlayır əsas hadisələr. Təbii ki, sevgi hər kəsin diqqətini cəlb edən bir məsələ olaraq nə tarixdə, nə ədəbiyyatda, nə filmlərdə öz yerini heç nəyə güzəştə getməyib indiyəcən. Görünür bu da o hisslərin ilahi gücü və həyatın onsuz mümkünsüzlüyü ilə bilavasitə bağlıdır. Müəlliflər bu sevgi gözləntiləri ilə tamaşaçının bütün diqqətini seriala cəlb edə biliblər. Diqqətləri cəlb etməklərindən çox məharətlə istifadə edərək filmə İspaniyanın və ispan xalqının tarixi, mədəniyyəti, nailiyyətləri, biznes mühiti, biznesin yaşaması və inkişafı üçün aparılan çabalar, bu yolda lazım gələrsə sevgi hisslərindən belə imtina, milyarderin yatıracağı investisiya qarşılığında öz qızını ailə qurmaq məqsədilə başqa bir biznesmenə təklif etməsi kimi nüansları yerli-yerində seriala yerləşdiriblər. Digər nüanslarsa milyarderin kübar mühitdə böyümüş qızına verdiyi nəsihətlər içərisində “qadının ən böyük xoşbəxtliyi onun ismətlə ərə getməsidir” sözləri, milyarder qızınınsa əri ilə qardaşı arasında yaranmış mübahisə və mövqe döyüşləri zamanı əvvəlcə mehribançılığın yaranmasına çalışması, bu mümkün olmadıqda isə ərinə “mənim ailəm sənsən” deyə xitab etməsi kimi əlamətlərin filmdə öz əksini tapmasıdır. Filmdə İspaniyanın bir sıra tarixi nailiyyətləri, o cümlədən bu xalqın və ölkənin Latın Amerikası – Kuba adası ilə bağlılıqları da da çox incə ştrixlərlə yerləşdirilib. Don Rafaelin Kubadakı fəaliyyəti və oğlunun anası olan xanımını orada buraxıb gəlməsi faktının fonunda.

“Velvet” filminin bir özəlliyi də ispan xalqını və ispan mühitini başdan-başa tərifləməməsi, nöqsanları, çatışmazlıqları da eynən qabarıq şəkildə göstərə bilməsidir. Müxtəlif xarakterlərin üzərində qurulan xəyanətlər, nadanlıqlar kimi əlamətləri də görən tamaşaçı bu filmə bir qədər də bağlanır.

Niyə mən “Velvet”i Azərbaycan kinematoqrafiyasının çəkdiyi ölməz filmlərimizlə müqayisə etmək istədim? Fikir verirsinizmi, bizim də filmlərimizin bir çoxu məhəbbət hisslərinin, ailə institutlarının fərqi yoxdur ki, mənfi və ya müsbət istiqamətdə, bütün hallarda artan dinamikası üzərində ssenariləşdirilib. Bizim müqtədir sənətkarlarımız – ssenaristlərimiz, rejissorlarımız da bir sevgi axtarışı ilə yola çıxan filmlərimizdə tamaşaçını sonluq gözləntisi ilə öz produksiyalarına cəlb edərək onu bir çox dəyərlərimizlə baş-başa qoymağı bacarıblar.

Adicə, nisbətən komik üslubda çəkilmiş “Əhməd haradadır?” filmini götürək. Görkəmli sənətkarlarımız – yazıçı Sabit Rəhmanın ssenarisi və Adil İsgəndərovun rejissorluğu ilə çəkilən filmin əvvəlində Azərbaycanın nurani kişi obrazı Şirin kişinin, göyçək Nərgiz xalanın, yaraşıqlı gənc oğlan Əhmədin, qonşunun gözəl qızı Leylanın üzərində qədim adət-ənənələrimizdən dolayı yaranan “sevgi-evlənmək ixtilafının” necə sonuclanmasını həsrətlə gözləyir tamaşaçı. Hətta bir neçə dəfə filmə baxdıqdan sonra sanki yuxudan ayılaraq “aha, gör bu filmdə nələr var imiş” deməyə başlayır. Filan epizodda şəhər mühitinin üstünlükləri, filan epizodda şəhər mühitinin eybəcərlikləri, filan epizodda Nərgiz xalanın dediyi “biabırçılıqdan qurtardıq”, “bura bax ey, ikibaşlı danışma”, “Allah abrınızı töksün” kimi söylədiyi fikirlər, Şirin kişinin “onun ayağını kəndirləmək lazımdır” sözləri, rəngsaz Əhmədin nişanlısının qısqanlıq səhnələri“, yataqxana həyatı, evsizlikdən evlənə bilməmək problemləri, Zülümovun yersiz-yararsız sözləri, Bəşir Səfəroğlunun yaratdığı əyyaş obrazı, uzundraz Oqtayın “mən bilirəm, qadın böyük qüvvədi”, komendantın bir qədər də lağlağa obyektinə çevrilmiş “sükanı belə saxla” sözləri və daha nələr… Tamaşaçı isə ilk izləmədə ancaq xoşluqla sonuclanmış “Mən burdayam, Leyla da yanımda!” sözlərini eşitməklə xoşbəxt olaraq filmdən ayrılmışdı. Amma zamanla Azərbaycan tamaşaçısının sizlərə də rast gələn bir ifadəsini yadınıza salmaq istəyirəm: “Mən filan filmimizə hər dəfə baxanda orda fikir vermədiyim, vacib nəsə tapıram, yaxud rastlaşıram…” Deməli, bizim də nə zamansa çətin şəraitdə, indikindən qat-qat zəif texnika ilə ərsəyə gətirilən, ancaq boşuna israf edilməyən kinolentlərimiz olubmuş…

Digər əbədiyaşarılıq qazanmış filmlərimiz haqqında da belə saysız-hesabsız misalları gətirmək olar. Lakin bu filmlərimizin Vaqif Səmədoğlu, Ramiz Əzizbəyli və Orxan Fikrətoğlunun müəllifliyi ilə komediya janrında 1991-ci ildə ekranlaşdırılan “Bəxt üzüyü” filmi ilə yekunlaşması və məhəllə səviyyəsinə düşməsi bizləri çox ağrıdır. Seriallarımızsa…onlardan ümumiyyətlə danışmağa dəyərmi?!..

“Velvet” serialı ilə bağlı fikirlərimə qayıdaraq bir azərbaycanlı tamaşaçı kimi filmin dublyajı barədə də razılığımı bildirmək istəyirəm. Burada peşəkarlıq özünü o dərəcədə göstərir ki, tamaşaçı filmin ispan kinematoqrafiyasının məhsulu olduğunu unudaraq sanki onun Azərbaycan dilində çəkildiyinə inanmaq istəyir. Bu isə yəqin ki, İTV komandasının uğurudur.

Nəzirməmməd Zöhrablı,

Azpost.info    

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.