“Kölgədə” itən pensiya –Müqaviləsiz işləyənlər təqaüdə necə çıxır?

Bu il yanvarın 1-dən bəri Azərbaycanda minimum əmək pensiyası artıb. Həmin tarixədək ölkədə ən aşağı əmək pensiyası 200 manat idisə, indən belə o rəqəm 240 manata yüksəlib.

Azpost.info bildirir ki, artım yalnız indiyədək 240 manatdan az pensiya alanlara şamil edilib. Pensiyaçı həmin tarixədək, tutalım, 200 manat alırdısa – 40 manat, 230 manat alırdısa – cəmi 10 manat məbləğində pensiya artımından yararlanacaq. Rəsmi açıqlamada bildirilirdi ki, əmək pensiyalarının minimum məbləğindəki artım toplam 44 min pensiyaçını əhatə edəcək. Ölkədə əmək pensiyası alanların toplam sayı ötən ilin sonlarında 716 min nəfər olub.

Azərbaycanda rəsmi şəxslər tez-tez kölgə iqtisadiyyatının və qeyri-rəsmi məşğulluğun böyük həcminə dair açıqlamalar verir. Rəsmi açıqlamalarda tez-tez bu problemi aradan qaldırmaq üçün islahat aparıldığı deyilir. Azadlıq radiosunun bununla bağlı təhlilində deyilir ki, əslinə baxanda isə, ölkədə qeyri-rəsmi məşğulluq səviyyəsinin yüksəkliyi elə hökumətin təklif etdiyi pensiya sistemindən də qaynaqlanır. Pensiyaya çıxmağa imkan verən pensiya kapitalı məbləğinin hər an artma ehtimalı rəsmi müqavilə olmadan çalışdırılan şəxslərin rəsmiləşmə tələb etməsinə heç bir ehtiyac yaratmır. Hazırda ölkədəki bütün məşğul əhalinin yalnız üçdə bir bölümü rəsmi əmək müqaviləsi və əməkhaqqı ilə çalışır. Rusiya və Belarus kimi keçmiş sovet respublikalarında bu göstərici 93-96 faizdir. Avropa Birliyi ölkələrində həmin göstərici – 85; Mərkəzi Avropa və Baltikboyu ölkələrdə – 82; Türkiyədə – 69; Gürcüstanda isə 50 faiz civarındadır.

Azərbaycan qanunlarına görə, 25 il iş stajı və minimum pensiya kapitalı olmayan şəxslərə pensiya yaşına çatanda yalnız qocalıq müavinəti təyin edilir. Həmin müavinətin məbləği bu ildən 130 manatdan 180 manata yüksəldilib. Ölkədə yaşa görə sosial müavinət alan vətəndaşların sayı ilk dəfə ötən il 100 min nəfəri ötüb. 2017-ci ildə, yəni pensiya yaşı yüksəldilənədək bu say cəmi 17 min nəfər idi.

Toplam pensiyaçı sayına gəlincə, ötən ilin rəqəmlərinə görə, ölkədə yaşa görə 716 min nəfər pensiya alır. Təkcə 2021-ci ildə pensiyaçıların sayı 26 min nəfər azalıb. 2010-cu ildən bəri ölkədə yaşa görə pensiya alanların sayında ardıcıl azalma gözə çarpır. 10 il öncə əmək pensiyaçılarının sayı 859 min nəfər idi. Ötən ilin sonunda yaşa görə pensiya alanların orta aylıq pensiya məbləği 331 manat olub.

Beynəlxalq Əmək Təşkilatının açıqladığı Qlobal Sosial Müdafiəyə dair hesabatında da Azərbaycandakı pensiya məsələsi ayrıca vurğulanıb. Orada qeyd edilib ki, son illərdə pensiya yaşına çatmış yaşlı əhalinin pensiyayla əhatə səviyyəsi kəskin şəkildə aşağı düşüb və bu ciddi problem sayılmalıdır. Səbəb kimi hökumətin sığorta əsaslı pensiya sisteminə dair tələbləri ciddi şəkildə sərtləşdirdiyi göstərilir. Həmin sərtləşdirmələr rəsmi məşğulluğun əhatə dairəsini elə də genişləndirməyib. Nəticədə uyğun yaşa çatan yaşlı insanlar pensiya hüququndan məhrum qalır və əvəzində hökumət onlara daha aşağı məbləğlərlə ifadə olunan qocalıq müavinəti təklif edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bu günə olan valyuta məzənnələri

Sonrakı məqalə

“Oskar” mükafatının nominantları məlum oldu –