Koronavirus pandemiyası Avropanın vahid olmadığını göstərdi. Avropa Birliyi (AB) adlı qlobal layihədə iştirak böhran vəziyyətində qarşılıqlı yardım anlamına gəlmir. Üstəlik, Avropa dövlətləri bir-birilə sərhədlərini bağlayır. Məsələn, Çexiya hakimiyyəti Avropa sərhədlərinin daha iki il bağlı qala biləcəyini istisna etmir.
AB-nin əsas iqtisadi lokomotivi Almaniyadır. Media.az iki alman politoloq – Andreas Umland və Aleksandr Rarla bu mövzuda söhbət edib.
Azpost.info müsahibəni oxucularına təqdim edir:
İlk həmsöhbəti Andreas Umlanddır.
– Avropada koronavirusla bağlı indi nə baş verir? Qloballaşmanın sonu haqqında danışa bilərikmi? Axı, hər ölkənin özü üçün olduğu aydın oldu. Bundan əlavə, Çexiya İtaliya və digər ölkələr üçün nəzərdə tutulmuş tibbi maskaları mənimsəyir.
– Düşünürəm ki, yeni bir çağırışla toqquşduq. Səyləri birləşdirə biləcək bir struktur yoxdur. Düşünürəm ki, bu, müvəqqəti haldır. Köklü dəyişikliklər olacağını hesab etmirəm.
– Sanksiyalar altındakı, ya da başqa sözlə, Qərbdə çox da sevilməyən Kuba, Rusiya, Çinin bu ölkələrə kömək etməsi sizə təəccüblü gəlmir?
– Almaniya İtaliyadan olan xəstələri qəbul edir. Kömək hər tərəfdən gəlir. Ancaq məsələn, Rusiyanın İtaliyaya göndərdiyi həkimlərə, virusoloqlara özünün ehtiyacı vardı.
Ümumiyyətlə, demək çətindir. Ancaq bu, ölkələrin hələ qarşılaşmadığı yeni bir vəziyyətdir. Ümumavropa səhiyyə sistemi yoxdur.
Öz növbəsində, Aleksandr Rar Media.az-a bildirib ki, qloballaşma hazırda həqiqətən işləmir:
– Sərhədlər bağlanır, Şengen rejimi faktiki olaraq ləğv edilib, AB işləmir. İndi Avropa milli dövlətlər statusunda yaşayır.
– Niyə belə olur?
– Məsələ burasındadır ki, Avropa Birliyinin böhranla tam miqyaslı mübarizə aparmaq üçün avtoriteti və suveren hüquqları yoxdur.
Bizdə küçədə iki nəfərdən çox insanın görüşməsinin qadağan edilməsi kimi inzibati tədbirlər tətbiq edilir. Bəzi ölkələrdə komendant saatı elan olunub. AB isə dövlətlərə hansı tədbirlərin tətbiq olunmasını göstərə bilməz. Yenidən milli dövlətlərin vaxtı gəldi. Həqiqətən, maraqlı bir vəziyyət yaranıb.
– Bəs sonra nə olacaq?
– Düşünürəm ki, Avropa Birliyi bu cür böhrandan, çarəsizlik anlayışından belə tez xilas ola bilməyəcək. İnstitutları gücləndirmək və həmrəyliyi bərpa etmək lazım olacaq. Mentalitet barədə də unutmaq olmaz: psixoloji baxımdan çətin olacaq, xüsusilə italiyalılar üçün. İndi onlara kömək etməyə başlayıblar. Lakin buna qədər atıldıqlarını, tək qaldıqlarını hiss edirdilər. Bu, iz buraxmadan keçməyəcək. Ancaq istənilən halda, Avropa Birliyi əvvəlki kimi olmayacaq. Birliyin genişlənməsi də real görünmür.
Bir neçə il əvvəl maliyyə böhranı dövründə Yunanıstanda olduğu kimi, xilas üçün daha pul yoxdur. İndi hər kəs özünü xilas edəcək, səhiyyə sistemini gücləndirəcək.
Almaniyada xilas olmaq üçün pul tapılacaq, ancaq İtaliya və digər dövlətlərdə yox.
– Ümumiyyətlə, Almaniyada koronavirusla bağlı vəziyyət necədir?
– Bizdə sərt qaydalar qüvvədədir. Hakimiyyət əhalinin intizamını qeyd edir. Hər kəs qoyulan qaydalara riayət edir, küçələr boşdur, restoranlar isə bağlıdır. Heç kim qanunu pozmur. Almanların italyanlar və ispanlardan fərqi budur. Almanlar qanuna tabe olurlar və bu, onları xilas edir. Almaniyada ölənlərin sayı digər Avropa ölkələrinə nisbətən çox azdır. Ölkənin səhiyyə sistemində isə böhran yoxdur.