Koronavirusa yoluxan professor İdris Abbasov xəstəxanaya yerləşdirildi

05 İyul 2020 - 17:11

AMEA Nəsimi adına Dilçilik İnstitutu COVİD-19-a yoluxan işçisi – filologiya elmləri doktoru İdris Abbasov xəstəxanaya yerləşdirilib.

Bunu APA-ya açıqlamasında TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib. Onun sözlərinə görə, İdris Abbasov müalicə üçün “Yeni Klinika”ya yerləşdirilib.

Qeyd edək ki, AMEA da bu gün professor İdris Abbasovun səhhəti ilə bağlı məlumat yayaraq bildirib ki, Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasovun səhhəti ilə bağlı məsələ AMEA rəhbərliyinin diqqətindədir:

“Günün birinci yarısında AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini Elsevər Ağayevə və TƏBİB-in sədri Ramin Bayramlıya zəng edərək onlara professor İdris Abbasovun səhhəti ilə bağlı məlumat verib və lazımi köməklik göstərilməsini xahiş edib.

Səhiyyə Nazirliyinin və TƏBİB-in məsul şəxsləri professor İdris Abbasovun və onun ailə üzvlərinin səhhəti ilə əlaqədar lazımi tibbi tədbirlərin görüləcəyini bildiriblər”.