Koronavirusun ən çox qurbanı İspaniyanın qocalar evləri olub

15 Aprel 2020 - 09:52

İtaliyadan sonra İspaniya koronavirusa yoluxma hallarının sayının azalmağa başladığını bildirsə də, ölkədə virusun ən çox qurbanı olan qocalar evlərində bu kabus hələ də sona çatmayıb. İspaniyada yaşlı koronavirus xəstələrinin yataqlarında ölü tapıldığı və bəzi qocalar evinin başlı-başına qaldığı xəbərləri şok kimi qarşılanıb.

Hər yerdə olduğu kimi, burada da pandemiyanın ən çox təsirinə məruz qalanlar qocalar oldu. Bu, çox tanış bir mənzərəyə çevrildi: Qocalar evlərindən hər gün meyitlər daşınır.

Zəiflərin sayı çoxdur. İspaniya dünyanın ən çox yaşlı əhalisi olan ölkələrdən biridir – İspanların 19 faizinin yaşı 65-dən yuxarıdır. Ölkədə 380.000 yaşlı insanın yaşadığı 5.400 qocalar evi var. Bu, özəl və ictimai qocalar evlərini təmsil edən qrup hökuməti qocalar evlərini lazımi təchizatla təmin etməməkdə ittiham edir. İqnasio Fernandez Cid: “Biz yoluxma riski yüksək olan insanlara qayğı göstəririk. Əvvəlcə bizə dedilər ki, ən həssas insanlar yaşlılardır və onlara daha çox diqqət tələb edirik. Lakin nə şəxsi qoruyucu vasitələr, nə də epidemiyanı müəyyən etmək üçün test üçün ləvazimat verdilər.”

Çox hallarda xəstələr xəstəxanalara aparılmır. Qocalar evlərində xəstəliklərin müalicəsi üçün lazımi avadanlıq yoxdur. “Onlar bizə yalnız morfin və sedativ preparatlar verir” – deyə, İqnasio Fernandez Cid bildirir.

İspaniyada qocalar evləri beş milyard dollara başa gəlir və hər il dörd faiz artır. Tənqidçilər yaşlılarla işləmək təcrübəsi olmayan korporasiyalar və investorların bu işlə yalnız pula görə məşğul olduqlarından şikayətlənir. Siyasətçi Raul Kamarqo Fernandez: “Yaşlı insanlara qayğı göstərməyə yalnız pul qazanmaq üçün gəlmiş bütün bu yırtıcıları dayandırmaq lazımdır və yaşlılara qulluq işinin yeganə məqsədi cəmiyyətə fayda olmalıdır.”

Təkcə bu qocalar evində azı 31 nəfər ölüb. Bir korporasiyaya məxsus müxtəlif qocalar evlərində isə 480 nəfər ölüb və hökumət məsələyə müdaxilə edərək, həmin şirkətin 13 obyektini əlindən alıb.