Ceyms Qallaqer
BBC Radiosunun səhiyyə və elm üzrə müxbiri
Yaxınlaşmaqda olan qış ənənəvi olaraq soyuqdəymə və qrip xəstəlikləri mövsümü sayılır.
Bu səbəbdən fəsillər dəyişməsi dövrü koronavirusun güclənəcəyi və bəlkə də əvvəlkindən daha intensiv olan epidemiyanın ikinci xəstəliyin dalğasına gətirib çıxaracağı qorxusunu artırır.
Bununla belə, “COVİD qışı”nın necə olacağını proqnozlaşdırmaq asan iş deyil – burada qeyri-müəyyənlik hökm sürür – həm narahatlıq üçün, həm də arxayınlıq üçün dəlillər tapmaq mümkündür.
Şimal yarımkürəsində qışın nə dərəcədə ağır keçəcəyi təkcə koronavirusdan deyil, bütün digər qışa xas olan xəstəliklərdən, davranışımızdan və hökumət proqramının uğurlu və ya uğursuz olub-olmadığından da asılı olacaq.
Yeni elmi araşdırmalara əsasən, bir virus digərini potensial olaraq bloklaya bilir və bu effektin koronavirusa necə təsir etməsi hələlik öyrənilməyib.
Odur ki, Britaniyanın Baş naziri Boris Consonun “Milad bayramınadək” vəziyyətin normal hala düşəcəyi proqnozunun özünü doğruldacağı və ya vəziyyətin pisləşəcəyi dilemması hələlik sual altındadır.
Qışda koronavirus güclənəcəkmi?
Bu sualın cavabı məlum deyil. Lakin alimlərin qənaətinə görə, qışda koronavirusun güclənə bilməsi ehtimalı kifayət qədər böyükdür. Bu nəticə, əsasən, digər viruslar barədə bilgilərimizə əsaslanır.
Koronavirusun ümumi soyuqdəymə simptomlarını döğuran digər dörd növü var. Onların hər biri qışda daha asan yayılır. Ümumi soyuqdəyməyə səbəb olan qrip, rinoviruslar və tənəffüs sintsitial virusu (RSV) bənzər simptomlara malikdir.
“Qışda fəallaşmağa meyilli olan digər virusları nəzərə alaraq, onun mövsümi ola bilməsini güman etmək olar”, – London Gigiyena və Tropik Tibb Məktəbindən doktor Raçel Lou BBC-yə deyib.
“Ancaq bu virusları fəallaşdıran mexanizmlər barədə məlumat azdır, bu, meteoroloji şərtlərdən, yoxsa insandanmı daha çox asılı olur?” – o, əlavə edib.
Havalar soyuyanda viruslar bədən xaricində şəraitə daha yaxşı tab gətirir. Britaniyanın Fövqəladə Hallar üzrə Elmi Məşvərət Qrupunun (Sage) bildirdiyinə görə, 4C temperaturlu hava şəraiti koronavirus üçün ən əlverişli mühit yaradır. Qışda eləcə də virusu aktiv haldan salan ultra-bənövşəyi işıq da xeyli zəif olur.
Havalar soyuyanda insanlar evin içində, qapalı məkanda daha çox vaxt keçirirlər. Və bu zaman pəncərələrin bağlı olması içəridəki havanın təmizlənməsini, təzələnməsi imkanlarını daraldır.
Bütün bunlar koronavirusun yayılmasını asanlaşdıra bilər.
Bir yüksək vəzifəli məmurun mənə dediyi kimi, “yayda biz çox şeylərdən yaxa qurtara bilərik”.
Tibb Elmləri Akademiyasının hazırladığı bir hesabata əsasən, Britaniyada qışda ən pis ssenari reallaşacağı təqdirdə 251000 insanın öləcəyi təxmin edilir.
Bu rəqəm, virus daşıyıcısı olan hər bir insanın nə qədər başqa insanı yoluxdurduğunu göstərən R əmsalından asılıdır. Yuxarıda qeyd olunan ölüm sayı R əmsalının 1,7 olduğu halda baş verə bilər. Britaniyada karantin tətbiq olunandan əvvəl R əmsalı 3.0 idi, hazırda isə 1.0-dən aşağıdır.
“İnsanlar haqlı olaraq narahatdırlar,” – London İmperial Kollecdən professor Vendi Barklay BBC-yə deyib.
“İkinci bir dalğanın olacağı tamamilə mümkündür, kollektiv immunitetimizin olmadğı aydındır və qışda ikinci dalğanın olacağı gözlənəndir, – o, əlavə edib. – Hazırda isə nəyi isə proqnozlaşdırmaq çox çətindir”.
Bu günə qədər Britaniyada insanların yalnız 5 faizinin koronavirusa yoluxduğu təxmin edilir, yəni əhalinin 95 faizində heç bir immunitet yoxdur. ABŞ-ın misalı isə göstərib ki, virusun nəzarətdən çıxacağı halda infeksiyaya yoluxma halları kəskin arta bilər.
Qrip kimi digər qış virusları problem yarada bilərmi?
Qışda qrip mövsümünün ikinci koronavirus dalğası ilə üst-üstə düşəcəyi ilə bağlı böyük qorxu hissi var.
Lakin indi hər şey pozulmuş kimi görünür və normal qaydaların neçəsinin düzgün işlədiyi bilinmir.
Cəmiyyətlərin geniş miqyasda transformasiyası və davranışımızın dəyişməsi – koronavirusun yayılmasının qarşısını almaq üçün əllərimizi daha çox yumağımız, üz örtüklərindən istifadə etməyimiz, sosial məsafəni gözləməyimiz və evdən işləməyimiz – bunların hamısının, görünür, digər viruslara da təsiri ola bilər.
Hazırda qış mövsümü olan Honq -Konqda karantin rejiminin tətbiq edilməsi orada qrip mövsümünü yatırtdı, Avstraliyada isə demək olar ki, qrip mövsümü özünü hələ heç göstərməyib və ya qeyri-adi dərəcədə gec başlayır.
Qrip və digər qış xəstəlikləri ilə bağlı oxşar mənzərə Çili və Cənubi Afrika da daxil olmaqla, cənub yarımkürəsinin digər ölkələrində də özünü göstərir.
Bununla belə, şimal yarımkürəsinin qışının da eyni tərzdə keçəcəyini düşünmək təhlükəli olardı. Karantin, məktəblərin bağlanması və qrip mövsümündə uçuşların məhdudlaşdırılması kimi tədbirlərin təsiri özünü göstərə bilər. Ancaq indi şimal yarımkürəsində bəzi ölkələr karantin tətbiq etməkdənsə daha çox karantindən çıxmağa üstünlük verir.
“Sosial məsafənin gözlənməsi ətrafdakı qrip viruslarının miqdarını, mümkündür ki, azaldıb. Lakin düşünmürəm ki, yalnız bu, kifayət edə bilər,” – professor Barklay deyir.
Digər qış xəstəlikləri öskürək və qızdırma kimi koronavirus simptomlarına bənzər fəsadlar doğuracaqsa, bu halda daha çox insanı testdən keçirmək məcburiyyəti yaranacaq.
“Düşünürəm ki, ikinci dalğaya hazır olmalı və sosial məsafə və əl gigiyenasına diqqətimizi azaltmamalıyıq, çünki bunu etməsək o, başlaya bilər,” – Liverpool Universitetindən profesor Culian Hiscox BBC-yə deyib. – İlkin mərhələdə eyni klinik simptomlara malik olan 3-4 respirator infeksiyaları koronavirusdan ayırmaq üçün çox yaxşı diaqnostik testlər hazırlanmalıdır”.
“O zaman, kiminsə COVİD-ə və ya qripə yoluxduğuni dərhal müəyyən etmək mümkün olacaq”.
Ona görə də Britaniya test keçirmə imkanlarını gündə 500 minə çatdırmağa və rekord sayda insanı qripə qarşı peyvəndləməyə çalışır.
“Düşünürəm ki, bu (qış fəslinə) tamamilə hazır olmalıyıq. Ən böyük təhlükə insanların ayıq-sayıqlığı əldən verməkdir,” – Dr Lou deyib.
Viruslar qarışdıqda nə olur?
Qışın ən elmi cəhətdən maraqlı və izahı olmayan cəhətlərindən biri Sars-CoV-2 adlanan yeni koronavirusun digər viruslarla necə qarşılıqlı təsir göstərməsidir.
Respirator virusların hamısı bədəndəki eyni obyekti hədəf seçir – burun, boğaz və ağciyərdəki hüceyrələri. Bu, viruslar arasında rəqabətə səbəb ola bilər.
Tədqiqatlar göstərib ki, bir virus infeksiyası, əslində, başqa birisini sıxışdırıb zəiflədə bilər. Məsələn, geniş yayılmış rinovirus xəstəliyi ola bilsin ki, bəzi Avropa ölkələrində 2009-cu ildə donuz qripi pandemiyasının yayılmasına mane olub.
İzahlardan biri budur ki, bir infeksiyaya ümumi immun sisteminin reaksiyası digər virusların bədənə daxil olmasını əngəlləyir.
Glazqo Universitetinin virus araşdırmaları mərkəzindən doktor Pablo Murcia BBC-yə deyib ki, “bir virusa insanın yoluxması, həmin insanın immun sistemini işə salır, iltihaba səbəb olur və bu ilkin reaksiya müəyyən bir müddət ərzində orqanizmi bir sıra viruslardan qoruyur”.
Lakin elə həmin araşdırmalar göstərib ki, bəzi viruslar əslində bir-birinə yaxşı uyğunlaşa da bilir və birgə öz işlərini görürlər.
Bəs görəsən, Sars-CoV-2 bu mürəkkəb situasiyada özünü necə aparacaq?
“Bizdə olan məlumata görə, qrip virusu çox nadir hallarda dirgər viruslara qarışır, odur ki, Sars-CoV-2 və qrip infeksiyalarının tez-tez birgə görəcəyimizi düşünmürəm”, – Dr Murcia deyib.
Bəzilərinin hər iki virusa yoluxma halları az da olsa qeydə alınıb – və nəticəsi yalnız viruslardan birinə yoluxmaqdan daha ağır olub.
Bununla belə, Dr Murcia deyib ki, digər növ koronaviruslar, göründüyü kimi, RSV, adenoviruslar və bəzi qripvari viruslar ilə eyni vaxtda infeksiyaya səbəb ola bilir.
“Mən hazırkı vəziyyətdən və gələcəkdən narahatam,” – Dr Murcia vurğulayıb.