Orbitdən Yerə doğru düşən raket və peyk qalıqları mülki aviasiya üçün yeni təhlükə mənbəyinə çevrilməkdədir. Hazırda toqquşma riski aşağı qiymətləndirilsə də, hər yeni buraxılışla bu risk artır və alimləri uçuşların təhlükəsizliyi ilə hava nəqliyyatının fasiləsizliyi arasında tarazlıq axtarmağa vadar edir.
AZƏRTAC “Scientific Reports” nəşrinə istinadla xəbər verir ki, orta hesabla həftədə bir dəfə iri kosmik texnika fraqmenti, məsələn, daşıyıcı raketin işlənmiş pilləsi və ya sıradan çıxmış peyk atmosferin sıx qatlarına daxil olur. Onların əksəriyyəti yanaraq məhv olsa da, ayrı-ayrı hissələr təyyarələrin uçuş hündürlüyünə – 9-12 kilometrə qədər çata bilir. Hətta kiçik fraqmentlər belə aviasiya mühərrikini sıradan çıxarmaq qabiliyyətinə malikdir.
2025-ci ilə aid tədqiqat göstərib ki, yaxın bir il ərzində kosmik tullantıların nəzarətsiz şəkildə sıx hava məkanına düşməsi ehtimalı 26 faiz təşkil edir. Proqnozlara əsasən, 2030-cu ilədək kommersiya təyyarəsinin fraqmentlə toqquşma ehtimalı 1/1000 səviyyəsinə çata bilər. Uçuşların yüksək intensivliyi fonunda bu, real qəza təhlükəsi yaradır.
Bu cür hallar artıq müşahidə olunub. Belə ki, 2022-ci ilin noyabrında Çinin “Long March 5B” raketinin 20 tonluq pilləsinin nəzarətsiz şəkildə Yerə enməsi İspaniya üzərində hava məkanının bağlanmasına və yüzlərlə reysin gecikdirilməsinə səbəb olub. Hadisə dəqiq proqnozların və ölkələrarası koordinasiyanın çatışmazlığını üzə çıxarıb.
Əsas problemlərdən biri kosmosla atmosferin sərhədində seyrək hava qatları ilə mürəkkəb qarşılıqlı təsir səbəbindən düşmə vaxtı və yerinin hesablanmasında saatlarla və minlərlə kilometrə çatan səhvlərin yaranmasıdır. Eyni zamanda, riskin hansı səviyyəsində hava məkanının bağlanmalı olduğunu müəyyən edən aydın qaydalar mövcud deyil. Həddindən artıq məhdudiyyətlər aviasiya əlaqələrini iflic edir, hərəkətsizlik isə risklərin toplanmasına gətirib çıxarır. Bir ölkədə (İspaniya nümunəsində olduğu kimi) hava məkanının bağlanması uçuş axınlarının qonşu regionlara yönəlməsinə və yeni problemlərin yaranmasına səbəb olur.
Avropa Kosmik Agentliyinin 2027-ci ildə buraxılması planlaşdırılan “DRACO” missiyası peykin atmosferdə dağılması prosesini 200 sensor vasitəsilə araşdıraraq proqnoz modellərini dəqiqləşdirməyi hədəfləyir. Bundan başqa, tərkibində 13 agentliyin yer aldığı Kosmik Tullantılar üzrə İdarələrarası Komitə mövcuddur və bu qurum hər il proqnozları müqayisə edərək modelləri təkmilləşdirir. Bununla belə, kosmik agentliklər və hava hərəkətinə nəzarət xidmətləri arasında, məsələn, Beynəlxalq Mülki Aviasiya Təşkilatı vasitəsilə məlumat mübadiləsi üçün qlobal protokollara ehtiyac qalmaqdadır.
Adi sərnişin təyyarəsi üçün kosmik tullantı ilə toqquşma riski digər təhlükələrlə müqayisədə son dərəcə aşağıdır. Lakin mühəndislər və tənzimləyici qurumlar bu vəziyyəti qorumaq, hətta ehtimalı çox az olsa belə, potensial olaraq fəlakətli qəzanın qarşısını almaq üçün işlərini davam etdirirlər.