Kosmosdan gələnləri qarşılayan azərbaycanlı –Görkəmli alim və hərbi xadim Kərim Kərimovun 114 yaşı tamam olur

Noyabrın 14-də görkəmli alim və hərbi xadim, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı, general-leytenant Kərim Kərimovun doğum günüdür. O, kosmik aparatların və raket texnikasının yaradılması, kosmosa uçuşların intensivləşməsi və kosmonavtikanın inkişaf etdirilməsi sahəsində müstəsna xidmətlər göstərib.

Kərim Abbasəli oğlu Kərimov 1917-ci il noyabrın 14-də Bakı şəhərində anadan olub. O, 1942-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra SSRİ Artilleriya Akademiyasında ali təhsilini davam etdirib. Akademiyada təhsilini başa vuran Kərim Kərimov Qvardiya Minaatan Hissələrinin Baş İdarəsinə xidmətə göndərilib. O, burada “Katyuşa” tipli minaatan qurğuları və onların mərmilərinin sənayedən qəbul edilməsi işi ilə məşğul olub və bu sahədə səmərəli fəaliyyət göstərib. 1941-1945-ci illər müharibəsindən sonra SSRİ Müdafiə Nazirliyinin aparatında 20 il xidmət edib, orada baş mühəndislikdən Kosmik vasitələr idarəsinin rəisi vəzifəsinə qədər yüksəlib.

Kərim Kərimov SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə saxlanılmaqla, 1965-ci ildə mülki nazirliyə – yeni yaradılmış Ümumi Maşınqayırma Nazirliyinə ezam olunub və burada kosmik raket texnikası üzrə işlərin təşkil edilməsi ilə bilavasitə məşğul olan Üçüncü Baş İdarəyə rəhbərlik edib. O, eyni zamanda, 1966-cı ildə Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasının sədri təyin edilib. Kərim Kərimov Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasının sədri qalmaqla, 1974-cü ildə Mərkəzi Elmi-Tədqiqat Maşınqayırma İnstitutu direktorunun birinci müavini vəzifəsinə keçirilib. 1991-ci ildə istefaya çıxsa da, Uçuşları İdarəetmə Mərkəzində məsləhətçi kimi çalışaraq, ömrünün sonuna kimi kosmonavtika ilə əlaqəsini kəsməyib.

Bütün ömrünü kosmik raket texnikasının inkişafına həsr edən K.Kərimovun fəaliyyəti XX əsrdə kosmosun fəth olunması tarixinin ayrılmaz hissəsini təşkil edir. İyirmi beş il ərzində Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasına başçılıq etmiş K.Kərimovun adı SSRİ-də kosmosun öyrənilməsi sahəsində bir çox nadir elmi-texniki layihələrin həyata keçirilməsi ilə sıx bağlı olub.

K.Kərimov, həmçinin elmi fəaliyyətlə məşğul olub, kosmik fəzanın tədqiqi işinə mühüm töhfələr verib. O, hələ 1946-cı ildən ballistik raketlərin radioölçmə sistemlərinin yaradılması istiqamətində işlər aparıb. Alimin elmi-texniki araşdırmaları nəticəsində raketlərin daxili parametrlərinə nəzarət edən “Don” radioölçmə sistemi yaradılıb və kosmik raketlərdə tətbiq olunub. Keçən əsrin 50-ci illərində kosmosa uçuşların intensivləşdirilməsində və süni peyklərin yaradılmasında, Günəş sistemi planetlərinin və Ayın avtomat qurğular və insan tərəfindən öyrənilməsi işinin təşkil edilməsində bir alim və mütəxəssis kimi Kərim Kərimovun böyük xidmətləri olub. Kosmik fəzanın tədqiq edilməsi məqsədilə güclü “Soyuz” raket daşıyıcılarının yaradılması, “Salyut” orbital stansiyasının qurulması bilavasitə onun rəhbərliyi ilə həyata keçirilib. Məhz bu layihənin davamı kimi, kosmik fəzada çoxmodullu “Mir” orbital stansiyası yaradılıb.

Baykonur kosmodromunun əsası qoyulan gündən K.Kərimov Kosmik Gəmilər üzrə Dövlət Komissiyasının tərkibinə daxil edilib. Kosmik aparatların yaradılmasında, dünyada ilk dəfə insanın kosmosa göndərilməsində K.Kərimovun da rolu az olmayıb. Nəticədə ilk kosmonavt Yuri Qaqarinin tarixi uçuşu uğurla başa çatdıqdan sonra SSRİ-nin ən yüksək ordeni – Lenin ordeni ilə təltif olunub. O, həyatını raket texnikası ilə bağlayıb, ömrünün sonunadək raket texnikasının yaradılması və inkişafı naminə var gücü ilə çalışıb, zehni və fiziki qüvvəsini əsirgəməyib. Zavodlarda işlədiyi dövrdə onun yüksək təşkilatçılıq qabiliyyəti də özünü büruzə verib. 1945-ci ildən SSRİ Müdafiə Nazirliyi sistemində raket texnologiyaları yaradan konstruktor büroları və zavodlarında çalışan Kərim Kərimov bir neçə elmi ixtiranın müəllifi olub.

İstehsalat-təşkilat və elmi fəaliyyətinə görə general-leytenant Kərim Kərimov Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülüb, bir çox orden və medallarla təltif olunub, 2 dəfə dövlət mükafatı alıb. Kosmonavtikanın inkişafındakı xidmətlərinə görə dövlət mükafatlarına layiq görülən K.Kərimov müstəqil Azərbaycanın “Şöhrət” ordeni ilə də təltif edilib.

Kərim Kərimov 2003-cü il martın 29-da ömrünün 86-cı ilində Moskva şəhərində vəfat edib və orada da dəfn olunub.

Xatırladaq ki, Prezident İlham Əliyev 2017-ci il yanvarın 30-da “Kərim Kərimovun 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Həmin ilin noyabrın 17-də AMEA-da görkəmli alim və hərbi xadim, general-leytenant Kərim Kərimovun anadan olmasının 100 illiyi qeyd edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Filippin Prezidentinin qızı vitse-prezident olmaq üçün namizədliyini verib

Sonrakı məqalə

Milyonları olan aparıcı Solovyov pandemiyaya görə 500 manat yardım almaqdan utanmayıb