Lalə Şövkətin, Sərdar Cəlaloğlunun, Etibar Məmmədovun pulsuz partiyaları –MSK-nın hesabatında partiyaların büdcəsi niyə boş göstərilir?

Azərbaycanda ictimai-siyasi həyatın “nəbzi” siyasi partiyaların fəaliyyətindən çox asılıdır. Ölkədə 50-dən artıq partiya qeydiyyatdan keçib.

İdeoloji və məsələlərə baxışda fərqli qrupların cəmləşdiyi siyasi qüvvələr dövlət siyasətinin müəyyən edilməsində özünəməxsus təsir faktorudur.

Azərbaycanda siyasi partiyaların zəngin ənənəsi var. Müstəqilliyin ilk illərindən etibarən yaranmış bu partiyalar müxtəlif illərdə özlərinin zirvə və qurub saatını yaşayıb. Bu gün siyasi partiyaların bir qrupu Milli Məclisdə təmsil olunur, digərləri isə siyasi işini “küçədə” davam etdirir.

Ölkədə son illərdə hakimiyyətin partiyalarla başladığı siyasi əməkdaşlıq prosesi bir sıra məqamlarına görə, diqqəti cəlb edir. Bir neçə ildir ki, parlamentdə təmsil olunan partiyalar dövlət tərəfindən maliyyə yardımı alır, siyasi dialoq müstəvisində işlər nəticəsində partiyaların bir qismi qərargahlarla təmin edilib.

Bütün bunlar yaxşıdır. Amma siyasi partiyaların cəmiyyətlə işləmək niyyəti onun fəaliyyətindən aydın görünməlidir. Bu baxımdan siyasi qüvvələrin bərbad maliyyə sistemi, kasıblığı onları böyük siyasi iddialarını “karton ayaqlı nəhəng”ə çevirir.

Azərbaycanda siyasi partiyaların maliyyə vəziyyəti çox qeyri-müəyyən və pərakəndədir. Böyük siyasi qrupların maraqları kimi çıxış edən bir sıra partiyaların həddən artıq pis maliyyə durumu sadəcə heyrət doğurur.

Bu baxımdan siyasi partiyaların Mərkəzi Seçki Komissiyasına təqdim etdikləri maliyyə arayışındakı rəqəmlər təəccüblüdür.

Azpost.info partiyaların 2019-cu ili üzrə maliyyə vəziyyətinə dair MSK-ya təqdim etdiyi sənədləri araşdırıb.

Azərbaycanın qeydə alınmış ilk siyasi partiyası olan, on minlərlə üzvü olduğunu bəyan edən Milli İstiqlal Partiyası( AMİP) 1 il ərzində yığdığı üzvlük haqlarının məbləğini cəmi 1650 manat göstərib. Bu dövr ərzində AMİP-ə heç bir ianə olunmayıb. Partiya seçki kampaniyası üçün də heç bir xərc çəkməyib, partiyanın saxlanmasına və informasiya təminatına cəmi 1536 manat xərcləyib.

Müsavat Partiyası da 2019-cu ildə cəmi 5600 manat üzvlük haqqı yığıb. Partiyaya 2269 manat ianə verilib. Seçki kampaniyası zamanı xərclərin ödənilməsi üçün Müsavata heç bir vəsait daxil olmayıb. Siyasi partiyanın saxlanmasına və informasiya təminatına çəkilən xərclər isə 7514 manat olub.

Klassik Xalq Cəbhəsi Partiyasını pulsuz partiya saymaq olar. MSK-ya təqdim etdikləri maliyyə arayışında partiyanın büdcəsində 1 qəpik də olsun pulun olduğu göstərilməyib. KXCP-nin nə gəliri var, nə xərcləri…Heç ianə edən də yoxdur. Sabiq dövlət katibi Lalə Şövkətin lideri olduğu Liberal Partiyasında, sabiq Baş nazir Pənah Hüseynin rəhbəri olduğu Azərbaycan Xalq Partiyasında, Sərdar Cəlaloğlunun sədri olduğu Demokrat Partiyasında (ADP), İqbal Ağazadənin sədri olduğu Ümid Partiyasında da vəziyyət belədir: Partiyalarn pulu yoxdur.

Əli Əliyevin sədri olduğu Vətəndaş və İnkişaf Partiyasına (VİP) 2019-cu il ərzində cəmi 200 manat ianə edilib. Partiya “lüt-üryandır”: Nə gəliri, nə də xərcləri göstərilib.

Sabiq baş prokuror İlyas İsmayılovun sədri olduğu Ədalət Partiyasına 750 manat ianə verilib və partiya bu pulu cari işlərə xərcləyib.

Parlamentdə təmsil olunan partiyalar isə MSK-ya maliyyə hesabatında dövlət yardımı kimi aldıqları məbləği göstəriblər. Bu məbləğ 100 min manatdan bir qədər çoxdur.

Məsələn, ASDP bu puldan 100 minini partiyanın saxlanmasına və informasiya təminatına, 8600 manatını cari işlərə xərcləyib. 8 min manatını isə rayon təşkilatlarına əmək haqqı kimi qeyd edib.

Vəhdət Partiyası da yalnız dvlət yardımı ilə “dolanan” partiyadır.

Fazil Mustafanın sədri olduğu Böyük Quruluş Partiyası parlamentdə təmsil olunduğu üçün dövlət yardımı alanların siyahısındadır. 2019-cu ildə verdiyi hesabatda partiya qeyd edib ki, 503 manat üzvlük haqqı yığıb. Dövlətdən aldığı 118 min 518 manat yardımdan siyasi partiyanın saxlanması və informasiya təminatı üçün 41 min manat xərc çəkib.

Partiya ictimaiyyətlə əlaqələrə və seçkilərin keçirilməsinə 28 min 535 manat xərcləyib. Aşağı təşkilatlara xərcləri isə 24 min 500 manat olub. Belə görünür partiyanın Azərbaycanda çoxsaylı rayon təşkilatları şəbəkəsi mövcuddur. 15 min manatdan çox isə sair xərclər kimi göstərilib.

Digər parlament partiyaları da bu qayda da müxtəlif xərcləri qeyd ediblər.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sənədində əks olunan rəqəmləri səmərəli xərclər hesab etmək olar. Qeyd olunan dövr ərzində BAXCP-yə 28 min manat ianə verilib. Dövlətin ayırdığı 118 min 518 manat pulu isə partiya strukturlarının saxlanması üçün istifadə edilib. Partiyanın saxlanmasına 34 min 694 manat, ictimaiyyətlə əlaqələr və seçkilərin keçirilməsinə 72 min 224 manat, rayon təşkilatlarına 10 min manat, sair xərclərə 2 min manata yaxın sərf edildiyi açıqlanıb. Bunu MSK-ya təqim edilmiş şəffaf hesabatlardan biri kimi qeyd etmək olar.

Sənədlərə baxarkən maraqlı bir məqamı müşahidə etmək olur. Partiyaların böyük əksəriyyəti üzvlük haqqı yığımır. Siyasi qüvvələrə ianələr də verilmir. Halbuki klassik partiya idarəçiliyində bu amillər əsas məsələ sayılır.

Təbilğata pulu olmayan təşkilat, ictimai əsaslarla çalışan partiya könüllüləri, rayon təşkilatlarına pulsuz rəhbərlik edən sədrlər, seçkilər zamanı partiya təbliğatında havayı iş aparan partiya aparatı – Azərbaycan siyasi qüvvələrinin sənədlərdə əksi bunu göstərir.

Azpost.info

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Arzu Rəhimova general-polkovnik ali hərbi rütbəsi verilib

Sonrakı məqalə

Qazaxıstan paytaxtında karantin rejimi yumşaldılır