“Layihədə “Facebook”, “Tik-tok”, “Tvitter”lə bağlı tənzimləmə nə üçün yer almayıb?” –Deputatlar "Media haqqında" qanunu müzakirə edib (RƏYLƏR)

“XXI əsrdə müharibələrin aparılmasında informasiya savaşı xüsusi yer tutur”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Media haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deputat Tural Gəncəliyev deyib.

Deputat bildirib ki, artıq Qərb ölkələrində informasiya müharibələrinin aparılmasının yeni konsepsiyalarının hazırlanması üzərində iş gedir: “İnformasiya təhlükəsizliyinin qorunmasında “Media haqqında” yeni qanun mühüm yer tutacaq. İnformasiya cəbhəsində gedən müharibə davam edəcək və Azərbaycan buna hazır olmalıdır. Bizim güclü, dünya standartlarına cavab verən media qurumlarına ehtiyacımız var. Dövlətlər məhz psixoloji təzyiqlər vasitəsilə metodlardan istifadə etməyə çalışır və çalışacaqlar”.

Deputat Vahid Əhmədov qeyd edib ki, bu qanunun Milli Məclisə təqdim edilməsi çox vacib idi: ““KİV haqqında” qanunun qəbulundan 20 il keçib. Ulu öndər Heydər Əliyev hakimiyyətə gələndə Azərbaycanda senzuranın ləğvi ilə bağlı qərar verdi, Azərbaycanda jurnalistlər üçün çox azad bir mühit yaratdı. Heydər Əliyev ona yaxınlaşan bütün jurnalistlərə cavab verirdi. O elə şərait yaradırdı ki, media azad olsun. Belə hesab edirəm ki, 44 günlük Vətən müharibəsində medianın üzərinə düşən işin ağırlığını Prezident İlham Əliyev öz üzərinə götürdü”.

Deputat bildirib ki, medianın, jurnalistin azad olmasını istəyir: “Ona görə ən birinci medianın maliyyə məsələsi həllini tapmalıdır. Media reklam şirkətləri ilə normal işləməlidir. Amma Azərbaycanda medianın reklam bazarı kifayət qədər aşağıdır. Azərbaycanda reket jurnalistlər çoxdur, onları saxlayan nazirlər, məmurlar, şirkətlər var. Onlar istənilən vaxt media orqanını qapatmaq imkanına malikdir. Mən media rəhbərlərinin ali təhsilli olmasının tərəfdarıyam. Reyestrin olması vacibdir”.

Deputat Fazil Mustafa Media Reyestrinin tapılmış ən uğurlu variant olduğunu bildirib: “Bu reyestrdə jurnalistlər qeydiyyatdan keçməlidir. Ancaq yaxşı olar ki, Media Reyestrinə daxil olmağın şərtləri yüngülləşdirilsin. Ali təhsil, əmək kitabçası məsələsi şərt olmamalıdır. Azərbaycan Beynəlxalq Universiteti bitirən tələbələr var, onlar diplomlarını ala bilməyiblər”.

Deputat, həmçinin, Vətən müharibəsi dövründə informasiya savaşında iştirak edən jurnalistlərin mükafatlandırılmasını təklif edib.

Deputat Cavid Osmanov diqqətə çatdırıb ki, qanun layihəsi Azərbaycanda medianın inkişafı üçün şərait yaradır: “Qanunda nəzərdə tutulan müddəalar milli medianın formalaşmasında vacib rol oynayacaq. Qanun layihəsi barədə məlumatları cəmiyyətə tamamilə təhrif olunmuş formada çatdıranlar var. Bu cür insanlar Vətən müharibəsi dövründə də var idi. Bu qanun layihəsi ilə müəyyən məhdudiyyətlərin, senzuraların tətbiq olunacağı ilə bağlı cəmiyyətdə fikir formalaşdırmağa çalışırlar. Onlar antimilli fəaliyyət göstərirlər. Onlar bu yaxınlarda etiraf etdilər ki, özləri üçün lider seçiblər. O zaman onların Azərbaycanda qəbul ediləcək bu qanun layihəsi barədə heç söz deməyə belə mənəvi haqları yoxdur. Onlar Ermənistanın Baş nazirini özlərinə lider seçiblər”.

Deputat Məlahət İbrahimqızı sosial şəbəkələrdən qaynaqlanan təhlükə ilə bağlı maraqlanıb: “Qanun layihəsində “Facebook”, “Tik-tok”, “Tvitter”lə bağlı tənzimləmə nə üçün yer almayıb? Əlbəttə, bizdə senzura yoxdur, amma bunlar bizim milli təhlükəsizliyimizlə bağlı məsələlərdir”.
Spiker Sahibə Qafarova təklif edib ki, jurnalistika fakültəsinin müəllimləri də qanun layihəsinin müzakirəsinə dəvət edilsin: “Onların da bu qanun layihəsinin geniş formatda keçiriləcək ikinci müzakirəsində iştirakı təmin edilsin”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Son sutkada 922 nəfər COVID-19-a yoluxub, 19 nəfər vəfat edib

Sonrakı məqalə

“Jurnalistikanın bürokratikləşməsi meylləri görünür”-