“Lazım olan bütün vaksinlər ən tanınmış şirkətlərdən alınır” –

Səhiyyə naziri
29 Aprel 2020 - 09:50

Aprelin 20-dən 26-dək ölkəmizdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə immunlaşdırma həftəsi keçirilib.

Bunu həftənin yekunları barədə məlumat verən Səhiyyə naziri Oqtay Şirəliyev deyib: “2006-cı ildən ölkəmizdə bir sıra yoluxucu xəstəliklərə qarşı peyvəndləmə tədbirləri aparılır. Elə bunun nəticəsidir ki, onun tətbiq edilməsi sayəsində bəzi infeksion xəstəliklərin qarşısı alınıb. Vaxtilə çox böyük narahatlıq yaradan göyöskürək, qızılca, məxmərək, difteriya, iflic, tetanus və s. kimi ümumən 11 yoluxucu xəstəliyə qarşı immunlaşdırma tədbirləri aparılıb. Budəfəki immunlaşdırma tədbiri zamanı əvvəllər bu tədbirdən yayınan, kənarda qalan uşaqlar arasında tətbiq edilib. Onun aparılmaması başqa xəstəliklərin yaranması üçün də problemlər yarada bilərdi. Ümumdünya Səhiyyə Təşkilatı bu tədbiri apardığına görə daim Azərbaycanı dəstəkləyir və bunun sayəsində qorxulu infeksiyaların yayılmasının qarşısı alınır. Ölkəmizdə bu sahə ilə məşğul olan tibb mütəxəssisləri bu işi çox yaxşı bilirlər. Lazım olan bütün vaksinlər ÜST-ün məsləhəti ilə ən tanınmış şirkətlərdən alınır və ona görə də bu tədbirin aparılmasını çox vacib bir məsələ hesab edirəm”.

Nazir daha sonra deyib: “Son vaxtlar koronavirus pandemiyası ilə əlaqədar ən müxtəlif söhbətlər səslənir. “Peyvənd aparılan ölkələrlə aparılmayanlar arasında ölüm faizlərini müqayisə edəndə istər-istəməz onun müəyyən təsiri olduğunu düşünürsən. Hətta bir ara peyvəndlərin əvvəlki formada aparılması çağırışları səslənirdi. Bunun nə dərəcədə doğru olub-olmamasını ancaq alimlər, mütəxəssislər və onların apardığı tədqiqatlar ortaya qoya bilər”.