Minsk Belarus Prezidenti Aleksandr Lukaşenko ilə ABŞ Prezidenti Donald Tramp arasında görüş keçirilməsini nəzərdən keçirir və bunun təşkili istiqamətində addımlar atır.
Bu barədə Belarusun xarici işlər naziri Maksim Rıjenkov BMT Baş Assambleyasının iclasları çərçivəsində “RİA Novosti”yə müsahibəsində bildirib.
“Biz prezidentlərin görüşünü həqiqətən də praktiki müstəvidə nəzərdən keçiririk və bunun üçün müvafiq addımlar atılır”, – deyə Belarusun xarici işlər naziri bildirib.
Rıjenkovun sözlərinə görə, Tramp daha əvvəl Lukaşenkonu ABŞ-da keçiriləcək Sülh Şurasının iclasında iştirak etməyə dəvət edib. Lakin Belarus prezidenti bu dəvətdən yararlana bilməyib.
Belarus XİN rəhbəri bunu Avropa İttifaqının qüvvədə olan sanksiyaları ilə bağlı texniki çətinliklərlə izah edib. Onun sözlərinə görə, məhdudiyyətlər həm Belarus prezidentinə, həm də Belarus təyyarələrinin uçuşlarına şamil olunur. Bu isə Belarusla ABŞ arasında birbaşa əlaqəni əhəmiyyətli dərəcədə çətinləşdirir.
Lukaşenko daha əvvəl Tramp ilə görüşün Belarus üçün faydalı olacağını bildirmişdi.
Belarus prezidenti Minskın ikitərəfli münasibətlərin normallaşdırılması məqsədilə Vaşinqtonla əməkdaşlığa hazır olduğunu da vurğulayıb.