Məhkəmə əsassız vəsatətlər verən vəkilləri 500 manat cərimələyəcək –

Qanun qəbul edildi
02 İyul 2021 - 14:06

Məhkəmə işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən, o cümlədən dəfələrlə açıq-aşkar əsassız vəsatət və şikayətlər verərək işdə iştirak edən şəxsləri, onların nümayəndələrini və ya vəkilləri 500 manatadək cərimə edə biləcək.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında ikinci oxunuşda müzakirəyə çıxarılmış Mülki Prosessual Məcəlləyə təklif edilən yeni – 174.5-ci maddədə əksini tapıb.

Layihəyə əsasən, cərimənin məbləği məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilməlidir.

Qanun layihəsi səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul edilib.

Qeyd edək ki, əvvəlki redaksiyada dəyişiklik məhkəmənin açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə etməsini nəzərdə tuturdu.