“Məmmədyarovun getməsi ilə diplomatiyamızın qara səhifəsi bağlandı” –Tofiq Zülfüqarov (MÜSAHİBƏ)

Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin iclasında xarici işlər naziri Elmar Məmmədyarovu sərt tənqid etdi və ertəsi gün onu vəzifədən kənarlaşdırdı. Bu vəzifəyə təhsil naziri Ceyhun Bayramov təyin olundu. Keçmi xarici işlər naziri Tofiq Zülfüqarov “Press Klub”a müsahibəsində prezidentin E. Məmmədyarovla bağlı söylədiyi tənqidlərə münasibətini açıqlayıb. Sabiq nazir həm də xarici siyasətdəki boşluqlardan, Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivlərindən danışıb:

– Prezidentin xarici işlər nazirinə ünvanladığı iradlarlar çox əsaslı tənqidlərdir. Belə başa düşdüm ki, tənqidlərin kökündə nazirliyin fəaliyyətindəki qanun pozuntuları ilə yanaşı, bu yaxınlarda baş verən həbslər, korrupsiya və büdcə vəsaitlərinin mənimsənilməsi halları da dayanır. Bununla yanaşı, siyasi xəttdə də hər şey hamar deyil. Prezident xüsusi vurğuladı ki, xarici siyasətdə səhvlər çox böyükdür. Açıq söylənildi ki, Dağlıq Qarabağ münaqişəsi ilə həm işğalçı ölkənin nümayəndələri, həm də beynəlxalq təşkilatlarla birbaşa aparılan danışıqlar imitasiya xarakteri daşıyır. Bu məsələdə Lavrovdan başqa Minsk Qrupunun digər həmsədr ölkələrinin nümayəndələri və dioplomatlarla yanaşı, Azərbaycanın Xarici İşlər Nazirliyinin də günahı var. Bu, çox böyük siyasi ittihamdır və hesab edirəm ki, belə ittihamların davamı olacaq.

– İttihamları bir qədər konkretləşdirmək olarmı ki, Elmar Məmmədyarovun siyasi yanlışlıqları nədən ibarətdir, nə vaxt və harada olub?

– Bu barədə Prezident İlham Əliyev öz fikirlərini açıq-aşkar söylədi. Cənab Prezident bəyan etdi ki, bizə imitasiya şəklində qurulan danışıqlar lazım deyil. Qismən də vurğuladı ki, koronavirus epidemiyası ilə mübarizə məsələsində düşmən ölkənin nümayəndələri ilə müzakirə aparmaq nəyə lazımdır?! Bu, onu göstərir ki, mənasız danışıqların aparılmasında, ictimaiyyətdə hansısa proseslərin getdiyinə dair görüntü yaradılmasında Elmar Məmmədyarovun özü də iştirak edib.

– Yəni Elmar Məmmədyarovun özü də imtasiya ilə məşğul olub?

– Bəli, tamamilə doğrudur. Elmar Məmmədyarov özü də imitasiya prosesinin aktiv iştirakçısı olub. Cənab Prezident “Danışıqlar xətrinə aparılan danışıqlar bizə lazım deyil” fikrini xüsusi olaraq bir daha xatırlatdı və dedi ki, bu məsələni dəfələrlə vurğulayıb. Əsas irad da bundan ibarətdir ki, Prezidentin dəfələrlə söylədiyi bu fikirlərdən sonra imitasiya prosesi davam etdirilib. İndi məlum olur ki, Elmar Məmmədyarovun fəaliyyəti Prezidentin siyasi xəttindən – ələlxüsus, Ermənistan-Azərbaycan konfliktinə münasibətdə – ciddi şəkildə fərqlənir. Nazir hətta münaqişənin Azərbaycanın maraqları çərçivəsində həllinə dair kəskin şəkildə bəyanatlar da verməyib. Prezidentin “Mən Elmar Məmmədyarovdan belə bəyanatlar görməmişəm” deməsi dövlətin siyasi xəttinin düzgün yerinə yetirilmədiyinə ciddi iraddır. Yəni, Prezidentin əsas iradı odur ki, bu adam ictimaiyyətlə işləməyib. Mən də Prezidentin iradlarını, bununla bağlı fikirləri haqlı sayıram. Elmar Məmmədyarov özü ciddi fəaliyyət göstərməyib, hər şeyi mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın üstünə yıxıb və hamıda belə təsəvvür yaranır ki, Xarici İşlər Nazirliyində cavdeh şəxs bu gənc xanımdır. Bu isə təbii ki, ciddi iş üslubu deyil.

– Amma bu iradlar niyə məhz bölgədə hərbi vəziyyətin gərginləşdiyi və faktiki olaraq, düşmənlə aktiv müharibənin getdiyi məqamda səsləndirilir? Bunu necə izah edərdiniz?

– Bu, iradların bir hissəsidir. Mən əminəm ki, Prezidentin xarici işlər nazirinə bir çox iradları var, sadəcə, hamısını açıq şəkildə dilə gətirmək istəmədi. O, özü də söylədi ki, nazirə olan iradların hamısını açıq söyləmək niyyətində deyil. Hesab edirəm ki, deyilməyən iradlarda bəlkə də hansısa ciddi məsələlər var ki, onu ictimaiyyətə açıqlamaq düzgün olmazdı.

– Ermənistanın Tovuz istiqamətində törətdiyi təxribatlardan sonra Azərbaycana beynəlxalq dəstəyi qaneedici saymaq olarmı?

– Mən hesab edirəm ki, region ölkələri Azərbaycana ciddi şəkildə dəstək nümayiş etdirdi. Xüsusilə Türkiyə və İranın açıq dəstək verməsi çox müsbət haldır. Gürcüstanın və Ukraynanın da mövqeyi, hesab edirəm ki, bizim maraqlarımızı təmin edir. Nəzərə almaq lazımdır ki, indiki mərhələdə dünyanın qarşısında dayanan böyük siyasi problemlər heç bu qədər diqqəti cəlb etmir. Həm də, kim nə deyir-desin, biz öz Prezidentimizin dilindən eşitmişik ki, bu siyasətin məqsədi işğal altındakı torpaqlarımızı azad etmək və suverenliyi bərpa etməkdən ibarətdir. Azərbaycan xalqı bu tezisi bir daha eşitdi. Biz hamımız bəyan olunan bu siyasi xətti dəstəkləyirik.

– Sizcə, Prezident yerində tapmadığı Elmar Məmmədyarov xarici işlər naziri olaraq, düşmənin üzərimizə hücuma keçdiyi vaxt nə etməli, öz işini necə qurmalı idi?

– Söhbət heç də onun evdə, yaxud kabinetdə işləyib-işləməməsindən getmir, o, sadəcə olaraq vəzifəsinin icrasında tapılmayıb. Beynəlxalq təşkilatların nümayəndəliklərinə, xarici diplomatlara telefon zəngini evdən də etmək olar. Prezidentin iradı o idi ki, Elmar Məmmədyarovun dövlətin maraqlarına ürəyi yanmır. Mən Prezidentin dediklərindən belə başa düşdüm.

– Həm də məlumat yox idi ki, Elmar Məmmədyarov sərhəddə baş verən toqquşmalarla bağlı beynəlxalq təşkilatları məlumatlandırıb, ya yox…

– Söhbət ondan gedir də, çıxsın camaatın qarşısına, jurnalistləri çağırıb brifinq keçirsin, nə iş gördüyü barədə ictimaiyyəti məlumatlandırsın. Mən heç bir vəzifə daşımadan, sadəcə, özümə vətəndaşlıq borcu hesab edərək bunları deyirəm. Amma axı, bu işləri o görməlidir, mətbuat konfransı keçirməli, hərbi attaşeləri, xarici ölkələrin səfirlərini döyüş bölgəsinə aparıb, düşmənin bizə vurduğu ziyanları, dağıntıları göstərməlidir. Səfirliklər bəyanat yaymalı, mətbuat və sosial şəbəkələr vasitəsilə məlumatlar paylaşılmalı, müxtəlif dillərdə yığcam, faktlarla zəngin məlumatlar hazırlanmalı, dağıntıların görüntüləri internetdə yerləşdirilməlidir. Ermənistan-Azərbaycan sərhədində baş verənlərlə əlaqədar hər bir ölkədəki səfirliklərimiz press-relizlər yaymalı idi. Yəni, Xarici İşlər Nazirliyinin görəcəyi işlər o qədərdir ki, sadalamaqla qurtarmaz. Bunların hamısı peşəkar üçün bəlli olan məsələdir. Amma görünür ki, Elmar Məmmədyarov bu istiqamətdə heç bir iş görməyib.

– Otuz ilə yaxındır Dağlıq Qarabağı və ətraf 7 rayonu işğal altında saxlayan Ermənisan bütün dünyanın gözü qarşısında tamamilə başqa istiqamətdən, dövlət sərhədindən ölkəmizin üzərinə silahlı hücuma keçir. Lakin işğalçıya qarşı beynəlxalq etirazlar yenə də zəif təsir bağışladı. Bu, sizin üçün gözlənilən idimi?

– Əvvəla, dövlətimizin ərazi bütövlüyü bizim konstitusion hüququmuzdur. Beynəlxalq təşkilatların buna münasibət bildirib-bildirməməsi ikinci dərəcəli məsələdir. Bizdə buna çox önəm verirlər, bəzən fikirləşirəm ki, bu, psixoloji prioritetdir, kiməsə şikayət edək, onlar da gəlib bizim hüququmuzu pozanlara nəsə desinlər. Beynəlxalq təşkilatların bizim hüququmuzun pozulduğunu deyib-deməməsi ilə nə dəyişəcək ki? Guya onlar bunu deməklə torpaqlarımız azad olunacaq? Xeyr, mən belə fikirləşmirəm. Bu problemin həllinin öz yolu var. Bəli, təbliğat işləri aparılmalıdır, amma heç kim fikirləşməsin ki, kimsə gəlib bizim yerimizə torpaqlarımızı işğaldan azad edərək özümüzə qaytaracaq. Bu münaqişənin həllində əsas şeylər özümüzdən asılıdır. İyunun 14-də axşam Bakıda və Sumqayıtda orduya dəstək aksiyasının keçirilməsi və ictimai həmrəylik həm Azərbaycan cəmiyyətinə, həm də beynəlxalq ictimaiyyətə çox ciddi mesajdır. Yəni, sizin dediyiniz kimi, aradan 30 ilə yaxın vaxt keçsə də, Azərbaycan xalqı öz iradəsini ortaya qoyub, ordumuza və dövlətimizə dəstəyini nümayiş etdirib. Bu, çox vacib bir mesajdır. Çünki həmin aksiyalarda iştirak edən gənclər siyasi mövqeyini, işğal altındakı torpaqlarımıza münasibətini  göstərdilər. Fikrimcə, bu, beynəlxalq ictimaiyyətin də gözündən yayınmadı.

– “Ordu niyə təmas xəttində cəbhə xəttini yarıb, işğal altındakı torpaqlarımıza doğru irəliləmir” sualı ətrafında sosial şəbəkələrdə müzakirələr gedir. Prezident isə sonuncu iclasda diplomatik şəkildə dedi ki, biz hələ tələsmirik, müəyyən mərhələlər var və öz planlarımıza uyğun şəkildə siyasətimizi davam etdirəcəyik. Sizcə, söhbət hansı mərhələdən gedir, nəyi gözləyirik?

– Cəmiyyətin istəyi və adi vətəndaşlarda olan məlumatlar öz yerində, Prezidentdə olan informasiyalar çox fərqlidir, daha geniş və dolğundur. Prezidentdə olan informasiyalar siyasi mənzərəni daha yaxşı göstərir. Əlbəttə, ictimaiyyət də öz mövqeyində və istəyində haqlıdır, mən də təcrübəli insan kimi gözləyirdim ki, sərhəddə təxribat törədən düşmənə qarşı daha kəskin addımlar atıla bilər. Amma Prezident sakit şəkildə dedi ki, bizdə plan üzərində həyata keçirilən siyasət var və bu siyasətin hədəfi işğal altındakı əraziləri azad etməkdir. Bu baxımdan o, digər məsələrə toxunmadı, çünki bu, hərbi və dövlət sirridir. Fikrimcə, Azərbaycan dövlətinin nümayiş etdirdiyi təmkin işğalçıda daha çox təşviş yarada bilər. Ona görə də gözləyək. Hər halda, hədəf barəsində fikirlər söylənilib və bəyan edilib ki, işğal altındakı torpaqlar azad ediləcək, Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq. Bunun hansı şəkildə həyata keçiriləcəyi təbii ki, sirr olaraq qalmalıdır. Görəcəyik. Hər halda, Prezident söylədi ki, şəhidlərimizin qanı yerdə qalmayacaq, düşmənə zərbələr endirilib və endiriləcək.

– Yəni, siz hesab edirsiniz ki, proses davam edəcək?

– Əslində, proses hələ başa çatmayıb və hadisələr davam edir. Kimsə deməsin ki, hər şey qurtardı, hələ hadisələr inkişaf edir.

– Təhsil naziri Ceyhun Bayramov prezidentin sərəncamı ilə xarici işlər naziri təyin olundu. Sizcə, yeni nazir etimadı doğrulda biləcəkmi?

– Mən ilk növbədə yeni naziri təbrik edir, ona uğurlar arzulayıram. Yaxşı başa düşürəm ki, Ceyhun Bayramovun qarşısında hansı çətin vəzifələr durur. Elmar Məmmədyarovun vəzifədən uzaqlaşdırılması ilə diplomatiyamızın qara səhifəsi bağlandı. İnşallah, diplomatiyamızda ağ səhifə açılıb və biz tezliklə uğurlu fəaliyyətlərin başladığını görə biləcəyik. Son illər Xarici İşlər Nazirliyi olaraq adımız gah hansısa qalmaqallarda, gah da müxtəlif cinayət əməllərində hallanırdı. Ona görə “adımız” deyirəm ki, indi Xarici İşlər Nazirliyində işləməsəm də, oranı özümə doğma bilirəm. Çünki uzun müddət mənim də fəaliyyətim birbaşa ora ilə bağlı olub. Təəssüf ki, dimplomatiyamızdakı qara ləkələr bizim xalq arasındakı imicimizi aşağı salırdı. İndi isə bu qara səhifə bağlanır və artıq nazirliyə yeni şəxs rəhbərlik edəcək. Yeni nazir haqqında onu deyə bilərəm ki, müxtəlif yerlərdə işləyib, təcrübəli insandır və ən əsası, cənab Prezident ona etibar edir. Şəxsən tanış deyiləm, amma məlumatları izləyirəm və görürəm ki, yaxşı təcrübəsi var. Hesab edirəm ki, çoxdan qalmış problemləri həll edib, xarici diplomatiyamıza uğur qazandıra və Xarici İşlər Nazirliyini yaxşı vəziyyətə gətirib çıxara bilər. Onun təhsili və təcrübəsi xarici işlər naziri kimi funksiyaları icra etməyə kifayət edir. Çünki menecer kimi böyük kollektivlərlə və camaatla işləmək bacarığına malikdir. Həm iqtisadiyyat, həm də hüquq sahəsində təhsil çox vacibdir. Eyni zamanda, nazirliyin özündə də çox bilikli və təcrübəli kadrlar var. Hesab edirəm ki, bu komanda ilə nazirliyin üzərinə düşən vəzifə öhdəliklərini uğurla yerinə yetirə bilər. Bir daha yeni naziri təbrik edir, fəaliyyətində uğurlar arzulayıram.

Elxan Salahov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Karantin zamanı çimərliklərdən istifadə məsələsinə baxılacaq” –

Sonrakı məqalə

İran məhsullarının Azərbaycana idxalı 43 faiz azalıb –