“Mən qapıçılarımıza inanıram…Ayaks” ağıllı futbol oynayır” –Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Amsterdamın “Ayaks” klubu ilə oyun qabağı mətbuat konfransı keçirib.

Azərbaycan çempionunun mentoru sabahkı oyundan gözləntilərini bölüşüb.

“Bizi çox vacib oyun gözləyir. – Çox məşhur kluba qarşı oynayırıq. “Ayaks” tarixi boyu gözəl futbol oynaması ilə tanınır. Onlar futbol tarixində xüsusi yer tuturlar. Sevindirici haldır ki, Bakıya belə bir klub gəlir. Yaxşı hazırlaşırıq. Bu matça xüsusi hazırlaşmaq üçün bir neçə günümüz var idi. Futbolçular yaxşı hazırlaşıblar və matçı gözləyirlər. İnanıram ki, sabah azarkeşlər oyundan razı qalacaqlar. Onları razı salmağa çalışacağıq.

Mən həmişə istəyirdim ki, belə klublar Bakıya gəlsin. Bu, yerli futbol üçün vacibdir. Azarkeşlər belə klubları gözləyirlər. Gənc futbolçular belə klubların Bakıya gəlməsini, valideynlərinin də bunu görəndə futbola olan sevgisini artırır.

“Ayaks” böyük klubdur, amma “Qarabağ” belə matçlar öncəsi təzyiq hiss edən komanda deyil. Böyük klublara qarşı həm evdə, həm də səfərdə oynamışıq. Böyük məğlubiyyətlər də oldu. “Qarabağ” təcrübəli komandadır. Biz öz kollektiv futbolumuzu nümayiş etdiririk. Əgər böyümək istəyiriksə, belə klublara qarşı oynamaqdan çəkinməməliyik.

Bəli, biz iki ölkənin futbolunu müqayisə edə bilmərik. Amma böyük uduzmaqdan belə qorxmamalıyıq. Bu kimi matçlar inkişaf etməyə imkan verir. “Ayaks” sürətli, ağıllı futbol oynayır. Onların oyunlarını təhlil etdik. Biz də öyrənirik və bunu deməkdən utanmırıq. Sabah öz oyunumuzla azarkeşləri sevindirməyə çalışacağıq.

Zədəli futbolçularımız var. Marko Vesoviç və Matheus Silva oynamağa hazır deyil. Qarşıda bir məşqimiz var, ondan sonra heyət bəlli olacaq. Bütün futbolçuların sərəncamımda olması və sağlam olması mənim üçün vacibdir. Bu vəziyyətdə hər bir oyunçu nə etməli olduğunu bilir. Belə matçlar ərəfəsində məşqlərin keyfiyyətli aparılması vacibdir. Ona görə də şadam ki, bu matça xüsusi hazırlaşmaq üçün bir neçə günüm qalıb. Və biz tam komanda kimi işləyə bildik.

Qapıçı mövqeyindən narahat olduğumu deməzdim. Hər iki qapıçının öz üzərində işləməsi mənim üçün vacibdir. Bunlar yüksək potensiala malik oyunçulardır. Ola bilsin ki, hansısa oyunda səhv ediblər. Haradasa bunun uyğunlaşma, zehni hazırlıqla əlaqəsi var. Polşa və Portuqaliyada oynadılar. Bəlkə də əvvəllər heç vaxt belə təzyiqə məruz qalmamışdılar. Azərbaycan çempionatı Polşa çempionatından zəif ola bilər, amma biz ən yüksək tələbləri qoyuruq. Mən qapıçılarımıza inanıram. Şahruddinin qayıdışı həm də rəqabətin artması demək olacaq.

Aleksey Kaşçuka gəlincə, o, yaxşılaşır, amma başa düşmək lazımdır ki, o, uzun müddət oynamayıb və kollektiv məşq etməyib. O, artıq çempionatda meydana çıxıb, amma Avropa Liqasında sürət tamam başqadır. Onun neçə dəqiqə oynamağa hazır olacağını demək mənim üçün çətindir. Sabah bizə lazım ola bilər”-deyə Q.Qurbanov bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.