Bir müddət əvvəl “kitab oxumuram” demək insanda müəyyən narahatlıq yarada bilərdi. İndi isə gənc nəslin bəzi nümayəndələri üçün kitaba marağın olmaması az qala adi hala çevrilib.
Məşhur bloqer Aliks Erlin gözlənilməz etirafı da bu tendensiyanı yenidən gündəmə gətirib.
“Interview Magazine” jurnalının Instagram səhifəsində 25 yaşlı influenserə sonuncu dəfə hansı kitabı oxuduğu barədə sual verilib. “Mən heç vaxt kitab oxumamışam”, – Erl Milanda sakit şəkildə cavab verib.
Bu etiraf onun geniş auditoriyası nəzərə alınanda xüsusilə diqqət çəkib. Erlin TikTok-da 8,7 milyon, Instagram-da isə təxminən 6 milyon izləyicisi var. O, əsasən makiyaj, geyim və gündəlik həyatını nümayiş etdirdiyi “mənimlə hazırlaş” formatlı videolarla məşhurlaşıb.
Lakin kitab oxumayan gənc təkcə o deyil.
Amerikalılar kitab oxumağa daha az vaxt ayırır
“New York Post”da yayımlanan materialda Erlin etirafının daha geniş tendensiyanın göstəricisi ola biləcəyi qeyd olunur. Söhbət insanların asudə vaxtını kitab əvəzinə smartfon və digər rəqəmsal məzmunla keçirməsinin artmasından gedir.
2025-ci ildə tədqiqatçılar ABŞ-da vaxt istifadəsi ilə bağlı araşdırmanın 20 illik məlumatlarını təhlil ediblər. Təxminən 250 min insanı əhatə edən məlumatlara əsasən, adi gün ərzində zövq üçün kitab oxuyan amerikalıların payı son iki onillikdə demək olar ki, iki dəfə azalıb.
2004-cü ildə amerikalıların 28 faizi adi günündə zövq üçün kitab oxuyurdusa, 2023-cü ildə bu göstərici 16 faizə düşüb.
Xüsusilə yeniyetmələr arasında fərq daha qabarıqdır. 15-19 yaşlı amerikalılar gündə orta hesabla 1,3 saatı kompüterdə əyləncəyə sərf edir. Zövq üçün oxumağa ayırdıqları vaxt isə təxminən 9 dəqiqədir.
Böyük Britaniyada da oxşar mənzərədir
Kitaba marağın azalması yalnız ABŞ-a xas deyil.
Böyük Britaniyada uşaqlar və yeniyetmələr arasında aparılan araşdırmaya görə, onların yalnız 32 faizi zövq üçün oxumağı sevdiyini bildirir. Bu göstərici 2005-ci illə müqayisədə 36 faiz azalıb.
Məsələ yalnız kitab oxumaq istəyinin azalması ilə də məhdudlaşmır. ABŞ-ın Milli Təhsil Tərəqqisinin Qiymətləndirilməsi məlumatlarına əsasən, 2024-cü ildə amerikalı məktəb məzunlarının yalnız təxminən üçdə biri mətnləri inamla oxuyub başa düşmək üçün kifayət hesab edilən səviyyəyə çatıb.
Universitetlər də tələbələrin oxuma vərdişinə uyğunlaşır
Kitab oxumağa marağın azalması ali təhsilə də təsir göstərir.
ABŞ-ın nüfuzlu universitetlərinin müəllimləri “The Atlantic”ə bildiriblər ki, bəzi tələbələr bir semestr ərzində bir neçə kitab oxumaq tələbini təəccüblə qarşılayırlar.
Bəzi müəllimlər isə bunun qarşılığında oxu tapşırıqlarının həcmini azaldır və ya məcburi mütaliənin bir hissəsindən imtina edirlər.
Hətta Kolumbiya Universitetində də vəziyyətə uyğun dəyişiklik edilib. 2024-cü ildə “Literature Humanities” adlı məcburi kursun proqramına yenidən baxılıb və Fyodor Dostoyevskinin təxminən 500 səhifəlik “Cinayət və cəza” romanı siyahıdan çıxarılıb.
Məqsəd tələbələrin il ərzində oxumalı olduğu digər təxminən 20 kitaba daha çox diqqət ayırmasını təmin etmək olub.
Bir kollec müəllimi isə tələbələrin məcburi mətni oxumaqdansa, tədris videolarına baxmağa daha meylli olduğunu bildirib. Buna görə bəzi hallarda kitab və məqalələrin yerinə təhsil videolarından istifadə etməyə başlayıb.
Problem təkcə kitabdan uzaqlaşmaq deyil
Müəllifin fikrincə, əsas məsələ bütöv bir nəslin smartfonlar və qısa məzmun axını içərisində böyüməsidir.
Kitab oxumaq yalnız məlumat toplamaq vasitəsi deyil. Uzun mətn insanın mürəkkəb süjeti izləməsinə, gözlənilməz fikirlərlə qarşılaşmasına, diqqətini daha uzun müddət bir mövzuda saxlamasına və çətin bir əsəri sona çatdırmağın verdiyi məmnuniyyəti yaşamasına imkan verir.
Qısa videolar və sosial şəbəkə məzmunu isə informasiyanı daha sürətli və asan qəbul etməyə imkan yaratsa da, uzunmüddətli oxuma vərdişini əvəz edib-etmədiyi ayrıca müzakirə mövzusudur.
Aliks Erlin “heç vaxt kitab oxumamışam” etirafı buna görə yalnız bir bloqerin şəxsi seçimi kimi deyil, rəqəmsal dövrdə oxuma vərdişlərinin necə dəyişdiyini göstərən daha geniş müzakirənin bir hissəsi kimi diqqət çəkib.
N.Talıblı