“Mail.ru, “Vkontakte” və “Odnoklassniki” defolt təhlükəsi ilə üzləşib”

Rusiyanın əvvəllər Mail.ru Group kimi tanınan VK Holdinqi (“Vkontakte” , ” Odnoklassniki “, Mail.ru, M.Games və s. servislər daxildir) qiymətli kağızların sahiblərinə ödəniş edə bilmədiyi üçün texniki defoltla üzləşib.
Azpost.info bildirir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.
Ekspertin sözlərinə görə, Holdinqin London Fond Birjasında fəaliyyəti Rusiyaya tətbiq edilən sanksiyalar çərçivəsində 2022-ci ilin 3 mart tarixdən dayandırılıb və hazırda onun bütün öhdəlikləri ödəyə biləcək maliyyə vəsaiti yoxdur: “İstiqraz sahibləri onlara olan bütün borcların vaxtından əvvəl ödənilməsini tələb etsələr, VK-nın bunun üçün kifayət qədər pulu olmaya bilər ki, bu da texniki defoltla nəticələnəcək. Xatırladıram ki, VK Holdinqin rəhbəri Vladimir Kiriyenkodur (Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenkonun oğludur), hansı ki, onun özünə də sanksiya tətbiq edilib”.
O.Gündüz deyib ki, eyni zamanda, Amerikanın NASDAQ birjasında Rusiyanın məşhur internet mağazası Ozon.ru və Nyu-York Fond Birjasında da Yandex (1.2 milyard dollar) şirkəti də eyni problemlə üzləşib: “Beləliklə, Rusiyanın rəqəmsal mühiti çökmək üzrədir, bir yandan xarici texnoloji şirkətlər Rusiya bazarını tərk edib, digər tərəfdən də Rusiyanın özünün rəqəmsal şirkətləri iflasla üzləşib. Nə qədər tab gətirə biləcəklər, ümumiyyətlə, tab gətirə biləcəklərmi? Bunu da zaman göstərəcək”.
Ekspertin sözlərinə görə, artıq Rusiyadan xeyli sayda İT şirkətlər və İT mütəxəssislər də iş üçün, miqrasiya üçün Azərbaycanın İT sektoruna müraciətlər etməkdədir.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“XİN rəhbərini bu gün Moskvaya göndərirəm…” –

Sonrakı məqalə

Polşa, Çex Respublikası və Sloveniyanın Baş nazirləri Kiyevə gəlib