Masallıda şəhid Sənan Seyfullayevin xatirəsi əbədiləşdirilib

Masallı rayonunun Ərkivan qəsəbəsində Vətən müharibəsində qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalmış Sənan Seyfullayevin şəhadətinin ildönümündə adına inşa edilmiş bulaq abidə kompleksinin açılış mərasimi keçirilib.

Bu münasibətlə keçirilən mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Milli Məclisin üzvləri Anar İsgəndərov, Məşhur Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, qəsəbə sakinləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Mərasimdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən Masallı döyüşçülərin qəhrəmanlığından danışıb.

Şəhidin cəbhə yoldaşı, ehtiyatda olan baş leytenant Ceyhun Qurbanov çıxışında şəhid Sənan Seyfullayevin döyüş yolundan, Vətən sevgisindən söhbət açıb.

Şəhid Sənan Seyfullayevin atası Hafiz Seyfullayev, dayısı Taleh Sultanov onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Tədbirdə məktəblilər Vətənə, şəhidlərimizə həsr olunan şeirlər söyləyiblər.

Rayon rəsmiləri şəhid Sənan Seyfullayevin vəfatının ildönümü mərasiminə qatılaraq, onun ailə üzvlərinə səbir diləyib, qayğıları ilə maraqlanıblar.

Şəhid Sənan Seyfullayevin məzarı ziyarət edilərək üzərinə tər qərənfillər düzülüb, ruhuna dualar oxunub.

Qeyd edək ki, Sənan Mətləb oğlu Seyfullayev 1998-ci il sentyabrın 26-da Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. O, 2016-cı ilin oktyabr ayında müddətli hərbi xidmətə yollanıb, Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində kəşfiyyatçı əsgər kimi xidmət edib. 2017-ci ilin aprelində ordu sıralarından tərxis olunub.

Vətən müharibəsinin ilk günündən digər qəhrəman oğullarımız kimi Sənan Seyfullayev də Vətən torpağını düşmən tapdağından azad etmək üçün könüllü olaraq müharibəyə yollanıb. O, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarının azad edilməsində böyük şücaət göstərib.

İgid döyüşçü oktyabrın 30-da Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə, “Qanlı Təpə” yüksəkliyinin düşməndən azad edilməsində qəhrəmanlıqla şəhid olub.

Yetmiş bir gün itkin kimi axtarılan Sənan Seyfullayev 2021-ci il yanvarın 10-da şəhid olaraq tapılıb. Yanvarın 12-də Masallı rayonu igid oğlunu qarşılayaraq izdihamla son mənzilə yola salıb.

Azərbaycan Ordusunun əsgəri Sənan Seyfullayevin nəşi doğulduğu Ərkivan qəsəbəsində – 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhid mayor Anar Novruzovun, “Azərbaycan Bayrağı” ordenli baş leytenant Sahib Şirəliyevin məzarı yanında torpağa tapşırılıb.

Şəhid Sənan Seyfullayev ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

KTMT-nin komandanı Qazaxıstanda missiyalarının başa çatdığını bəyan edib

Sonrakı məqalə

Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin sabiq sədr müavinləri saxlanılıb