“McDonald’s”ın 10 ildir çürüməyən burgeri və kartofu –

Nə üçün xarab olmur? (FOTO)
03 Noyabr 2019 - 14:11

2009-cu ildə “McDonald’s” İslandiyadakı bütün restoranlarını bağlayanda, bir şəxs sonuncu burger və kartof qızartmasını almağa qərar verir.

“Eşitmişdim ki, McDonald’s-ın yeməkləri heç vaxt çürümür. Qərara gəldim ki, bunu özüm sınaqdan keçirim”, -Hjortur Smarason AFP-ə deyib.

Azpost.info BBC radiosuna istinadən bildirir ki, bu həftə həmin yeməyin alınmasının üzərindən 10 il keçib və yemək sanki dünən alınmış kimi görünür. İndi həmin yemək İslandiyanın cənubundakı “Snotra House” hostelindəki şüşə kabinetdə saxlanılır.

“Bu qoca hələ də buradadır, özünü çox yaxşı hiss edir. Düzü hələ də çox yaxşı vəziyyətdə qalıb”,- hostelin sahibi Siggi Sigurdur BBC News-a bildirib: “Sözsüz ki, bu, maraqlıdır, lakin eyni zamanda nəylə qidalandığın barədə səni düşünməyə vadar edir. Onun üzərində heç bir çürüntü izi yoxdur, sadəcə qabı biraz köhnə görünür”.

Hostel bildirib ki, dünyanın hər yerindən insanlar burgeri izləmək üçün buraya gəlir və sayta hər gün 400 000-dən çox baxış olur. Smarason ilkin mərhələdə yeməyi plastik torbada saxlayıb. “Üç ildən sonra o, yeməkdə elə bir ciddi dəyişikliyin olmadığını görüb onu İslandiya Milli Muzeyinə verib. Lakin muzey mütəxəssisi onu saxlamaq üçün təchizatın olmadığı qənaətinə gələrək yeməyi sahibinə qaytarıb”, – Snotra House bildirib.

Yemək bir müddət Reykyavikdəki başqa bir hosteldə saxlandıqdan sonra indiki məkanına gətirilib. Sosial media istifadəçiləri yeməyin fotolarını paylaşaraq onun niyə bu qədər uzun müddətə çürüməməsi ilə bağlı geniş müzakirələrə yol açıblar. Bu, “McDonald’s” yeməklərinin çürüməməsi ilə bağlı ilk belə təcrübə deyil. Əvvəllər də bunu sınaqdan keçirən insanlar olub.

2013-cü iləd McDonald’s bildirib ki, “düzgün şəraitdə burgerlərimiz, digər bir çox yeməklər kimi çürüyə bilər”.  Lakin rütubətsizlik şəraitində onlarda “bakteriyalar və çürüntü əmələ gəlməyəcək”.

İslandiya Universitetinin yemək elmi üzrə mühazirəçisi Bjorn Adalbjornsson bu şərhi təsdiq edərək bildirib ki, rütubət olmayan yerdə “yemək sadəcə olaraq quruyacaq”.