“Media Reyestri” KİV üçün hansı imkanlar yaradacaq?

 Prezident İlham Əliyev  “Media Reyestrinin aparılması Qaydaları”nı təsdiqləyən fərman imzalayıb.

“Media haqqında” qanunun 78.3-cü maddəsinə əsasən, bu qanun qüvvəyə minənədək fəaliyyət göstərən çap və onlayn KİV media reyestrinin formalaşdığı gündən 6 ay müddətində Agentliyə müraciət etməlidir. Hazırda fəaliyyət göstərən media qurumlarının reyestrə daxil edilməsi ilə əlaqədar müraciət etmək üçün altı ay vaxtı olacaq.

Eyni zamanda, jurnalistlərin media reyestrinə daxil edilməməsinin səbəbləri də açıqlanıb.

“İnternet əsrində” çevik informasiya siyasəti KİV sahəsində normativ sənədlərin yenidən işlənməsi zərurətini ortaya qoyub. Yeni media trendləri, innovasiya və informasiya texnologiyalarına söykənən bu platforma Azərbaycan KİV-ləri üçün də bir sıra məqamları yenidən formalaşdırmaq zərurəti yaradıb.

Mediya Reyesteri anlayışı da həmin trendin ortaya qoyduğu vacib məsələdir. Bu məsələ ilə bağlı ötən ildən başlanmış müzakirələr zamanı ən müxtəlif mövqelər səslənsə də peşəkar jurnalistlər reyester ideyasını dəsətklədilər və bunu hüquqi tənzimləmə üçün mühüm olduğunu vurğuladılar.

Media Reyesterinə qeydiyyat könüllüdür və bu beynəlxalq təcrübədə tətbiq olunur.  Jurnalistlər reyestrdə qeydə alındıqdan sonra onlara müvafiq vəsiqə veriləcək. Bu vəsiqə özünü Media Reyestrində görmək istəyən jurnalistlərə reyestrdə olmasını təsdiq etmək üçün verilən sənəddir. Bu vəsiqələr vahid jurnalist vəsiqəsi sayılmır, jurnalistin fəaliyyət hüququnu təsdiq edən sənəd iş yerindən verilən vəsiqədir.

Hazırda Azərbaycanda jurnalistlərin və media subyektlərinin sayı ilə bağlı müxtəlif rəqəmlər səsləndirilir. Məhz Media Reyestri buna aydınlıq gətirəcək. Reyester dövlət tərəfindən həmin jurnalistlərə verilən müəyyən imtiyazlardan, ixtisaslarının artırılması ilə bağlı məsələlərdən istifadə etməsinə kömək edəcək.

Qeyd edək ki, bu il iyunun 20-də Avropa Şurasının Venesiya Komissiyası “Media haqqında” Azərbaycan Respublikası Qanununa dair rəyini öz rəsmi veb-saytında yerləşdirib. Medianın İnkişafı Agentliyi tərəfindən rəydə qeyd olunan məsələlərlə bağlı rəsmi mövqe yazılı şəkildə Venesiya Komissiyasına təqdim edib. Venesiya Komissiyası Azərbaycan Konstitusiyasının azad sözə, fikir azadlığına dəstək verdiyini xatırladıb, KİV üzərində dövlət senzurasının qadağan edildiyini xüsusi vurğulayıb. Hesabatda həmçinin qeyd edilir ki, Azərbaycan insan hüquqları üzrə Avropa Konvensiyasını imzalayan dövlət olaraq söz azadlığını dəstəklədiyini bəyan edib.

Tövsiyələrdə qanunun bir sıra məqamları haqqında qeyd edilən təkliflər qarşılıqlı müzakirələrə rəvac verib. Venesiya Komissiyanın fikrincə, KİV-in tənzimlənməsi üçün Avropa təşkilatının vahid modeli yoxdur. Əsas məqam ondan ibarətdir ki, bu nəzarət tərəfsiz olmalıdır.

Audivizual KİV-lər üçün lisenziyanın qeyri-müəyyən vaxt üçün verilməsi, həmçinin çap və onlayn KİV təsis edilməsi üçün dövlət qurumlarının icazəsinin tələb olunmaması ilə bağlı maddə Venesiya komissiyası tərəfindən alqışlanıb.

Rəydə həmçinin  qanunda jurnalistlərin müstəqilliyinə, onların peşə fəaliyətinə qeyri-qanuni müdaxiləni qadağan edən maddələr qanedici sayılır. KİV-lərin və jurnalistlərin azad fəaliyyəti, fikir müxtəlifliyi dövlətin ayrılmaz öhdəliyi olaraq qoyulması dəstəklənir.

MEDİA ilə aparılan müzakirələr hesabatda bu və ya digər şəkildə əks edilib. Məsələn, Media Reysterinə daxil olmaq üçün jurnalistlər üçün qoyulmuş tələbələrə münasibətə rəsmi cavabda deyilir ki, reyster könüllüdür, hər hansı məhdudlaşdırma nəzərdə tutlmur.

Digər tərəfdən  MEDİA-nın cavabından sonra çap mediası və onlayn media olaraq fəaliyyət göstərmək üçün Agentliyə ərizə ilə müraciəti nəzərdə tutan hər hansı maddə ilə bağlı tövsiyyə rəydən çıxarılıb. Komissya həmçinin müzakirələr nəticəsində fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslərin media subyektinin təsisçisi ola bilməməsi maddəsi ilə bağlı  MEDİA Agentliyinin yanaşmasını qəbul edib.

Venesiya Komissiyası MEDİA ilə müzakirələrdə bir sıra rəylərini nəzərə aldığını görmək olur. Burada jurnalistin öz informasiya mənbəyini açıqlaması, jurnalist vəsiqəsinin verilməsi ilə jurnalistlərin akkreditasiyasını fərqləndirən izahat və digərləri göstərmək olar.

MEDİA-nın nümayəndəsi Pərvanə İbrahimovanın sözlərinə görə, Media Reyestrinin formalaşması müvafiq sahədə mövcud olan çatışmazlıqların aradan qaldırılmasına töhfə verəcək. Reyestr jurnalistlərin informasiya təminatını yaxşılaşdıracaq, akkreditasiya prosesini asanlaşdıracaq və informasiyanı onlar üçün daha əlçatan edəcək.

Media Reyestrinin aparılması gələcəkdə media subyektləri və jurnalistlər üçün müxtəlif layihələrin həyata keçirilməsinin hüquqi və iqtisadi əsaslandırılmasını formalaşdırmağa imkan verəcək.

P. İbrahimovanın sözlərinə görə, jurnalistlər Media Reyestrinə daxil edilmək üçün qanunla nəzərdə tutulan bir sıra tələblərə cavab verməlidirlər. Media Reyestrinə daxil edilmək üçün tələblərdən biri də jurnalistika sahəsində ən azı 3 il staja malik olmaqdır. Bu təcrübə əmək müqaviləsi əsasında fəaliyyət göstərilən illəri əhatə edir. Ümumiyyətlə, staj anlayışı məhz əmək müqaviləsi ilə rəsmiləşdirimiş münasibətləriə şamil olunan anlayışdır.

Media Reyestri jurnalistlər üçün könüllüdür və Reyestrə daxil edilmək üçün müraciət etməyən, o cümlədən orta təhsilli jurnalistlər də öz peşə fəaliyyətini sərbəst şəkildə davam etdirə biləcək.

“Yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadənin sözlərinə görə, bu gün Azərbaycan mediasında jurnalist vəsiqəsi gəzdirənlər çox olsa da peşəkar jurnalist azlığı var. Bu baxımdan, Media Reyestrinin fəaliyyəti ağı-qaradan ayırmaq üçün filtr imkanı yaradacaq.

Bakivaxti.az saytının baş redaktoru Qalib İbrahimoğlunun sözlərinə görə, Media Reyestri media subyektlərinin sayının müəyyənləşdirməyə, jurnalistlərin hüquqlarının müdafiəsini təmin etməyə,  akkreditasiyanın səmərəli həyata keçirilməsinə kömək edəcək. Bundan başqa reyestrə adı düşən mətbuat orqanları, jurnalistlər güzəştli ipotekanın şərtlərindən də istifadə edə bilər. Bu isə jurnalistlərin sosial problemlərinin həllində də öz köməyini göstərəcək.

Azpost.info saytının baş redaktoru Xaqani Səfəroğlunun sözlərinə görə, Media reysteri KİV-lərin sənədləşdirilməsi üçün vahid mənbə rolunu oynayacaq. Hazırda media fəaliyyəti ilə məşğul olan qurumlar müxtəlif strukturlarda qeydiyyatdadırlar. Vergi Xidməti, DSMF, notariat, “ASAN Xidmət” və digər qurumlarda müxtəlif sənədləşmələr qeydiyyatdan keçir. Reyestr bütün bu sənədləşməni bir resursda cəmləyəcək. Rəsmi açıqlamalarda vurğulanır ki, bu, heç bir halda jurnalistin yaradıcı fəaliyyətinə müdaxiləni nəzərdə tutmur. Media həm də biznes strukturudur. Əgər sən hansısa media layihəsini ərsəyə gətirmək istəyirsənsə o zaman orada əmək hüquqlarını, işçilərin qanunla tələb olunan statuslarını, hüquqi öhdəliklərini icra etməlisən. Bu baxımdan Reyestr həm də jurnalistlərin öz rəhbərlərindən hüquqlarını tələb etmək, media rəhbərlərinin isə öz öhdəliklərini icra etmək baxımından bir baza ola bilər. Jurnalist isə öz yazılarında azaddır və onu inzibati metodlarla yönəltmək məqbul sayılmır.

Media Reyestrində media subyektləri, onların redaksiyaları və jurnalistlərə dair elektron hökumət portalında mövcud olan məlumatlar inteqrasiya, digər məlumatlar isə istifadəçi tərəfindən daxil edilməklə sistemləşdirilir.

Reyestr medianın inkişafına dəstək layihələrinin iqtisadi və hüquqi əsaslandırmasının formalaşdırılmasına imkan verəcək. Belə ki, media subyektləri və jurnalistlərin hüquqlarının daha yüksək səviyyədə müdafiəsi təmin ediləcək. Həmçinin Reyestrə daxil edilmiş media subyektləri və jurnalistlər müxtəlif xarakterli güzəşt və imtiyazlardan yararlana biləcəklər. Keyfiyyətli xəbər istehsalının təmin edilməsi, müəlliflik hüquqlarının qorunması mümkün olacaq. Media Reyestri jurnalistlərin akkreditasiya prosedurunun daha sürətli və səmərəli həyata keçirilməsini təmin edəcək.

Yeni sistem mediada jurnalist adından sui-istifadə edən, nüfuza xələl gətirən şəxslərin “fəaliyyətinin” qarşısının alınmasına yardım edəcək. Media Reyestri həmçinin yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin stimullaşdırılmasına şərait yaradacaq.

“Media haqqında” Qanun jurnalistlərin peşəkar fəaliyyətinin maneəsiz həyata keçirilməsi üçün hüquqi baza rolunu oynayır. Azərbaycan bu qanunu qəbul edərkən Avropanın KİV -lə bağlı qanunvericilik prinsiplərini əsas götürüb və Avropa Şurasının üzvü kimi öhdəliklərinə, beynəlxalq konvensiyalara və ictimai rəyə söykənərək hazırlayıb. Media Reyesteri bu bazanın mühüm platforması kimi çıxış edəcək.

G.HÜSEYNOVA

Yazı MEDİA-nın dəstəyi ilə “fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” mövzusunda hazırlanıb

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.