Microsoft dünya üzrə genişmiqyaslı kibercasusluq kampaniyası barədə xəbərdarlıq edib. Şirkətin məlumatına görə, hücumların arxasında Rusiyanın kəşfiyyat orqanları ilə əlaqələndirilən haker qrupu dayanır.
Bildirilir ki, hakerlər əsasən otellərdə, konfrans mərkəzlərində və digər ictimai məkanlarda qalan şəxsləri, xüsusilə ezamiyyətdə olan dövlət rəsmilərini və şirkət əməkdaşlarını hədəfə alırlar.
Microsoft-un məlumatına görə, istifadəçi otelin pulsuz Wi-Fi şəbəkəsinə qoşulduqdan sonra ona brauzer və ya əməliyyat sistemini “yeniləmək” təklifi göstərilir. Lakin yeniləmə əvəzinə cihaza zərərli proqram quraşdırılır.
Bu virus istifadəçilərin parollarını və sənədlərini oğurlaya, klaviaturada yazılan məlumatları qeydə ala, hətta cihazın kamerası və mikrofonunu gizli şəkildə aktivləşdirə bilir.
Kibertəhlükəsizlik mütəxəssisləri hesab edirlər ki, söhbət təsadüfi haker hücumlarından deyil, yaxşı təşkil olunmuş casusluq şəbəkəsindən gedir.
Bu səbəbdən ekspertlər ictimai məkanlarda pulsuz Wi-Fi şəbəkələrindən istifadə edərkən naməlum yeniləmə fayllarını quraşdırmamağı, yalnız rəsmi proqram yeniləmələrindən istifadə etməyi və mümkün olduqda VPN xidmətlərindən yararlanmağı tövsiyə edirlər.