Texnologiya nəhəngi “Microsoft” şirkəti daha bir ixtisar dalğasına başlayıb. AzPost xəbər verir ki, bu dəfə üç yüzdən çox əməkdaşa işdən çıxarılmaları ilə bağlı rəsmi bildiriş göndərilib.
İxtisarların əsas səbəbi kimi şirkətin bazardakı dinamik dəyişikliklərə uyğunlaşmaq məqsədilə təşkilati strukturda yenidənqurma aparması göstərilir. Şirkət rəsmiləri bildiriblər ki, bu dəyişikliklər daha çevik və effektiv fəaliyyət üçün zəruridir.
“Microsoft” nümayəndəsi “Bloomberg” agentliyinə bildirib ki, bu ixtisarlar şirkətin ümumi 6 min nəfərlik ixtisar planının bir hissəsidir. Texnologiya sektorunda sürətlə artan süni intellekt xərcləri də bu qərara təsir edən əsas faktorlardan biri olub.
Mənbələrin bildirdiyinə görə, hazırda “Microsoft”un ən böyük xərclərindən biri süni intellekt üçün istifadə edilən məlumat mərkəzlərinin elektrik enerjisi ilə təmin olunmasıdır. Bu da həm texniki, həm də maliyyə baxımından ciddi resurs tələb edir.
Şirkətin baş direktoru Satya Nadella isə məsələ ilə bağlı qeyd edib ki, süni intellekt işçilərin ixtisarını kompensasiya etməklə onların yerinə yetirdiyi vəzifələri daha sürətli və məhsuldar şəkildə yerinə yetirməyə imkan verir.
Rəqəmlərə əsasən, “Microsoft”un dünya üzrə əməkdaşlarının sayı təxminən iki yüz iyirmi səkkiz min nəfər təşkil edir. Onların da təqribən əlli beş faizi ABŞ-da fəaliyyət göstərir.
Bu qərar texnologiya nəhənginin süni intellekt dövründə resurslarını yenidən bölüşdürmək və innovasiyalara daha çox sərmayə yatırmaq strategiyasının bir hissəsi kimi dəyərləndirilir.