“Millət başsız qalanda, hamı qaçanda Şeyxülislam bu millətə sahib çıxdı” –FƏZAİL İBRAHİMLİ

 “Dini etiqad azadlığı haqqında” qanuna son dəyişikliklər Şeyxülislam Allahşükür Paşazadəyə qarşı yönəlməyib. Bu qanun dini etiqad azadlığı ilə bağlı yeni çağırışlara cavab vermək üçün atılan addımdır”.

Azpost.info bildirir ki, bu sözləri Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli son təkliflər barədə APA-ya verdiyi müsahibədə danışarkən deyib.

Komitə sədrinin sözlərinə görə, “Dini etiqad azadlığı haqqında” qanun 1992-ci ildə qəbul olunub. Azərbaycan Konstitusiyasına və respublikamızın tərəfdaş çıxdığı beynəlxalq müqavilələrə əsasən, Azərbaycan dini etiqad azadlığı ilə bağlı müasir çağırışlara cavab verən addımlar atılmalı idi: “Bu, Milli Məclisin hazırladığı dəyişiklikdir. Biz indi 2021-ci il 18 iyunda edilən dəyişikliyə 5 maddədə dəyişiklik edirik. Bu dəyişikliklər elə-belə, yatıb yuxuda ortaya çıxmayıb. Biz Türkiyə təcrübəsinə istinad etdik. Məlum oldu ki, Türkiyədə bu sahədə təşkilati məsələlərlə dini məsələlər ayrıdır”.

F.İbrahimlinin sözlərinə görə, hazırda QMİ həm dini, həm də təşkilati məsələləri icra edir. Dəyişikliklə dini ibadət və ziyarət yerlərinə kadrların təyinatı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ötürülür: “Dəyişikliklərdən ikincisi, din xadimlərinin attestasiyası, üçüncüsü, ianələrlə bağlıdır. Mən siyasətlə məşğul olandan hər kəs tərəfindən olmasa da, QMİ-nin ünvanına iki məsələ ilə bağlı daim tənqidlər, təhqirlər olub. Birincisi, təyinat məsələsi idi. Təbii ki, QMİ din xadimlərini Dövlət Komitəsinə məlumat verib, məsləhətləşib təyin edirdi. Bu insanlar ora təyin olunandan sonra Şeyxin yanına mələk libasında gəlirdilər. İndi Şeyx haradan bilsin ki, gələn adam buqələmundur, rəngini dəyişə bilir, dinə münasibəti din sevgisi deyil, balıqçının balığa münasibətidir. Aha, bir qüsur, hadisə baş verdi, Şeyxin bir məscidinin imamı xarab çıxdı, bütün KİV, ayrı-ayrı adamlar Şeyxin üzərinə gedirdi. Şeyx bundan pul alıb təyin etməmişdi, inanıb təyin etmişdi, indi xarab çıxıb. Amma bu xarab təkcə dini idarədənmi çıxır? Nə qədər etimad göstərilənlər etimadı doğrultmayıb, həbsxanada yatır. Bu, iqtisadiyyatda da, səhiyyədə də, siyasətdə də, hamısında var. Şeyxin canı qurtarır! Onun imicinə xələl gətirən ən böyük iş bu idi. Elə bil ki, qanuna bu dəyişikliklər Şeyx üçün bir sipərdir”.

Deputat həmçinin ianələr məsələsinə də toxunub: “Səhərdən axşamacan ancaq deyirdilər ki, Şeyx nəzir qutularından varlanıb. Əslində, həqiqət belə deyildi axı! Bu, tamamilə təşkilatçılıq məsələləri idi. Hansı qurum cavabdeh olacaqsa, yaxşı, yaxud pis mənada artıq o qurumun adı hallanacaq.

Şeyxə gəlincə, mən haqqında çox xoş sözlər deyə bilərəm. Şeyx haqqında ən güclü sözləri isə Ulu Öndər Heydər Əliyev deyib, ona yüksək qiymət verib. Prezident İlham Əliyev də Şeyxin əməyini daim yüksək qiymətləndirib. Şeyxin əlində heç nə də olmasa, tərcümeyi-halında bir vizit kartı var. Millət başsız qalanda, Mərkəzi Komitə, Ali Sovet qaçıb gizlənəndə Şeyx bu millətə sahib çıxdı, atalıq etdi. Şəhidlərimiz ortada qalmışdı, dəfn edən yox idi, Şeyx həmin Şeyxdir. Ona görə Şeyxin fəaliyyətini çox yüksək qiymətləndirirəm”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Avropa İttifaqı Şurasının rəhbəri erməni hərbçilərinin qaytarılmasına münasibət bildirdi

Sonrakı məqalə

Şair Əli Vəkil vəfat edib