Milli güləş məktəbimiz necə inkişaf edir?

Azərbaycan qədim idman ənələrinə malikdir. İdmandan danışanda ilk növbədə yadımıza güləş düşür.

Güləş idmanın ən qədim növlərindən biridir. Hələ eramızdan 2500 il əvvəl Misirdə güləşlə məşğul olurdular. Qədim yunanlar da idmanın bu növünü çox sevirdilər. O vaxtlar, adətən, qumla örtülü meydançada güləşirdilər. İdmançıların çılpaq bədənlərinə qum yapışır və onların bədənləri nisbətən az sürüşkən olurdu. Bu da idmançılara bir-birindən möhkəm yapışmaq imkanı verirdi. Pəhləvanlar meydanda dolaşır, bir-birini başdan-ayağa süzür və qəflətən hücuma keçirdilər. Hər güləşçinin sevimli bir fəndi var idi: biri öz rəqibinin ayağından tutmağı, o birisi isə rəqibin başını qoltuğunun altında saxlamağı sevirdi. Qədimdə rəqibinin çiynini, kürəyini və ya dizini üç dəfə yerə vuran güləşçi qalib sayılırdı.

Qədim dövrlərdə ayrı-ayrı güləşçilər döşəkdə müxtəlif fəndlər işlədirdilər. Pəhləvanlar bu fəndlərin bəzilərindən indi də istifadə edirlər. Müasir güləşin ən qədim, yəni klassik növü yunan-Roma güləşidir. Bu güləş növü qədim yunanların və romalıların güləşini xatırladır. Xüsusi geyimli güləşçilər xalça üzərinə çıxıb, bir-birinin əlini sıxır və güləşməyə başlayırlar. Məqsəd rəqibin kürəyini yerə vurmaqdır. Buna “təmiz qələbə” deyirlər. “Təmiz qələbə” mümkün olmayanda xal hesabı ilə qalib gəlmək mümkündür. Xallar hər bir uğurlu fənd üçün verilir.

Qobustan qayalarının üzərində olan rəsmlər Azərbaycanda hələ qədim zamanlarda güləşlə məşğul olunduğunu göstərir. Tarixi kökü olan güləş idman növü Azərbaycanda heç vaxt ənənəsini itirməyib.

Keçmiş SSRİ dönəmində keçirilən müxtəlif yarışlarda güləşçilərimiz həmişə uğurlu nəticələr qazanıblar. Həmin illərdə formalaşan möhkəm baza müstəqillik illərində pəhləvanlarımızın qələbələrində əsaslı rol oynadı. Elə bunun nəticəsidir ki, müstəqilliyimizin bərpasından sonra beynəlxalq miqyasda qazandığımız ilk medallar da məhz güləşçilərimizin adı ilə bağlıdır. Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır və bu tanınmada güləşçilərimizin uğurları, beynəlxalq arenalarda əldə etdikləri nəticələrin böyük rolu var.

Azərbaycan bütün dövrlərdə tanınmış güləşçiləri ilə fəxr edib. Keçmiş sovet dövründə idmanın bu növü üzrə təmsilçilərimiz SSRİ yığma komandasının tərkibində müxtəlif mötəbər yarışlarda iştirak edərək mükafatalayiq yerlər tutublar.

Ölkəmizdə populyar olan yunan-Roma və sərbəst güləş növləri zəngin tarixə və özünəməxsus ənənələrə malikdir. Milli güləşin əksər elementlərini, fənd və mübarizə üsullarını özündə birləşdirən sərbəst güləş dünyada “Amerika güləşi” kimi tanınır.

Ölkəmizdə güləşin qədim ənənələrə malik olduğunu insanların toy və bayram şənliklərində qurşaq tutub güləşmələri də sübut edir. Qədimdə güləş yarışları zorxanalarda təşkil olunurdu. XVIII əsrin sonlarında, XIX əsrin əvvəllərində yaşamış Hüseynqulu Mürsəlqulu oğlu və onun tələbəsi Məşədi Əbdül Axundov, Şomu Abdulla, Mirzə Məmmədhüseyn, Sar Pənci və başqaları Azərbaycan güləş məktəbinin əsasının qoyulmasında misilsiz xidmətlər göstəriblər. XX əsrin əvvəllərində pəhləvanlarımız Sali Süleyman, Rəşid və Cümşüd Yusifov qardaşlarının şöhrəti bütün dünyaya yayılmışdı.

 Azərbaycanda peşəkar güləş məktəbi öz təşəkkülünü ikinci dünya müharibəsindən sonra tapıb. “Kusturud” idman klubunun yaradıcılarından olan Rza Baxşəliyev ölkə güləşinin banilərindən hesab olunur. O, SSRİ-nin əməkdar idman ustası, Azərbaycanın əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar məşqçi, güləş üzrə 20 qat ölkə çempionu idi. Dəfələrlə SSRİ çempionu Musa Babayev və İbrahimpaşa Dadaşov, SSRİ mükafatçısı Muxtar Dadaşov və Rəşid Məmmədbəyov məhz bu istedadlı və peşəkar güləşçinin yetirmələridir.

Rəşid Məmmədbəyov Helsinki-1952 Olimpiya Oyunlarında 52 kq çəki dərəcəsində sərbəst güləş üzrə yarışlarda gümüş medal qazanmışdı. Bu, Azərbaycan idmançılarının Olimpiya oyunlarında əldə etdiyi ilk medal idi.

Rza Baxşəliyevin ardınca ölkəmizdə sərbəst və eləcə də milli güləşin inkişafında İslam Hümbətov, Alkiviad Pavlidi, Tokio-1964 Olimpiya Oyunlarının bürünc mükafatçısı Aydın İbrahimov, Nuhbaba və Hacıbaba Şıxıyev qardaşları, Rafiq Hacıyev, Oqtay Hüseynov, Nadir Rəhimov, Xosrof Cəfərov, Muxtar Novruzov, Xəzər İsayev, Aslan Ağayev, Firdovsi Umudov, Namiq və Arif Abdullayev qardaşlarının zəhməti böyük olub.

XIX əsrin sonlarında və XX əsrin əvvəllərində fransız güləşi kimi təşəkkül tapan yunan-Roma növünün vətəni qədim Yunanıstandır. Ölkəmizdə bu növ üzrə ilk dünya çempionu titulunu 1978-ci ildə Meksikada təşkil edilən dünya çempionatında Arif Niftullayev qazanıb. Yunan-Roma güləşi üzrə 3 qat dünya çempionu adına 1980-1990-ci illərdə Məhyəddin Allahverdiyev layiq görülüb. Azərbaycanda bu növün inkişafında xidmət göstərən güləşçilərdən Elçin Cəfərov, Ağakişi İsgəndərov, Əhəd Quliyev, Kamandar Məcidov, Əhəd Əliyev, İlham Umayev, Natiq Eyvazov, Qərib Əliyev, Ağalar Aslanov, Nurəddin Rəcəbov, Tofiq Eyvazov, Hicran Şərifov, Olqar Abdulov, Fərid Mansurov və başqalarının adlarını çəkmək olar.

Azərbaycan müstəqil ölkə kimi 1996-cı ildə ABŞ-ın Atlanta şəhərində keçirilən XXVI Yay Olimpiya Oyunlarında təmsil olunub. İdmançılarımız Atlanta Olimpiadasında ölkəmizi layiqincə təmsil etdilər və sərbəst güləşçimiz Namiq Abdullayev bu mötəbər yarışda gümüş medal qazandı.

2000-ci ildə Sidneyə də kapitan kimi yollanan Namiq Abdullayev Olimpiya oyunlarının açılışında Azərbaycan bayrağı ilə Olimpiya yığmasının önündə gedib.

Afina-2004 Olimpiya Oyunlarında Azərbaycan idmanının yeni şanlı səhifəsi yazılıb. 21-ci minilliyin ilk Olimpiya oyunlarında 12 idman növündə 38 idmançı ilə təmsil olunan milli komandamız bu möhtəşəm yarışdan vətənə 1 qızıl, 4 bürünc medalla qayıdıb. Yunan-Roma güləşi üzrə 66 kq çəki dərəcəsində 22 yaşlı Fərid Mansurov fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medala layiq görülüb.

XXIX Pekin Yay Olimpiya Oyunlarında əldə edilən 7 medalın 4-ü məhz güləşçilərimizin payına düşüb. Bu mötəbər yarışlarda yunan-Roma güləşçilərimizin nəticələri daha ürəkaçan olub. Vitali Rəhimov və Rövşən Bayramov yığma komandamızın aktivinə iki gümüş medal yazdırıblar. Sərbəst güləş üzrə Xetaq Qazyumov, qadın güləşi üzrə isə Mariya Stadnik bürünc medal qazanmaqla Olimpiya medallarının sayını 4-ə çatdırıblar və bir daha ölkəmizdə güləşin yüksək sürətlə inkişaf etdiyini sübuta yetiriblər.

London-2012 Olimpiadasında sərbəst güləş üzrə yığmamız Olimpiya medalları uğrunda 6 çəki dərəcəsində yarışıb. Güləşçilərimizdən Toğrul Əsgərov və Şərif Şərifov Olimpiya çempionu adına layiq görülüblər. Xetaq Qazyumov isə olimpiadanın bürünc mükafatını qazanıb. Beləliklə, sərbəst güləş üzrə Azərbaycan komandası London Olimpiadasını 2 qızıl və 1 bürünc medalla başa vurub.

Qadın güləşi üzrə yarışlarda Mariya Stadnik (48 kq) gümüş, Yuliya Ratkeviç (55 kq) bürünc medala sahib çıxıb. Nəticədə, ölkəmiz qadın güləşi yarışlarında 3-cü yeri tutub.

Ölkəmizdə populyar olan Yunan-Roma və Sərbəst güləş idman növləri zəngin tarixə və özünəməxsus ənənələrə malikdir.

Xalqımızın yaddaşında olan “milli güləş” tarixən daha qədimdir. Bu milli güləşin elementlərinə Qobustan qayalarında, şifahi xalq ədəbiyyatında, klassik ədəbiyyatda, dastanlarda rast gəlmək olar.

Güləşin qədimliyini sübut edən faktlardan biri Azərbaycanda toy və bayram şənliklərində insanların bu növdə özlərini sınamalarıdır. Azərbaycanda güləş yarışları xüsusi yerlərdə: Zorxanalarda keçirilirdi.

20-ci əsrin əvvəllərində pəhləvanlarımız Sali Süleyman, Rəşid və Cümşüd Yusifov qardaşları Dünyada tanınırdılar.

“Milli güləş”in inkişaf etməsi və gənclərin sevimli məşğələsinə çevrilməsi bir tərəfdən milli irsimizi və ənənələrimizlə bağlıdırsa, digər tərəfdən sonradan meydana gəlmiş peşəkar məktəbli ilə əlaqədardır.

Azərbaycanda güləşi bir nömrəli idman növü saymaq olar. Ən böyük uğurlarımız məhz bu idman növüylə bağlıdır. Güləşin bu səviyyəyə gəlib çatmasında böyük rol oynayan məktəblər var. Məhz onların yetişdirdiyi güləşçilər daha sonra klub və cəmiyyətlərə, ordan isə yığmalara cəlb olunaraq püxtələşirlər. Qısası, məktəblər bir növ sağlam “xammal” hazırlayır. Azərbaycanın bütün şəhər və rayonlarında uşaq gənclər idman məktəbləri fəaliyyət göstərir. Onlar arasında sırf güləş üzrə ixtisaslaşan məktəb də var.

Bakıda fəaliyyət göstərən 6 saylı Uşaq-Gənclər Güləş İdman Məktəbidir. Hazırda bölgələrdən cənub və qərb bölgəsi daha fəal təsir bağışlayır. Masallı, Gəncə, Lənkəran, Qazax məktəbləri çox böyük potensiala malik güləşçilər yetişdirir. Əlbəttə, Bakı və Sumqayıt bu mənada daha öndədir. Hər halda, paytaxtda və yaxınlıqdakı sənaye şəhərində güləşin inkişafı üçün mövcud infrastruktur daha yaxşı, məşqçilər daha təcrübəlidir.

Sərbəst və qadın güləşi üzrə yığmalarımızı keçmiş baş məçqçisi Yaqub Məmmədov məktəblərin daha fəal olmasını istəyir. “Sərbəst güləşdə Gəncə güləş məktəbi daha güclüdür. Son bir neçə ildə Nizami yurdu güləşin bu növündə aparıcı rol oynayır. Yunan-Roma güləşində isə daha çox Bakı və Sumqayıt məktəbləri güclüdür. Uşaq Gənclər İdman Məktəblərində iş lazımi səviyyədə qurulmayıb. Maddi-texniki bazanı gücləndirmək lazımdır. Məşqçilərin maaşı artırılmalıdır. Zallarda güləşlə məşğul olan uşaqların qruplara bölünməsi və sair işlər görülməlidir. 90-cı illərin əvvəllərinə Azərbaycanda bir-biriylə güclü rəqabət aparan məktəblər vardı. İndi rəqabət o qədər də güclü deyil. Biz yalnız o halda bu rəqabətdən razı qala bilərik ki, ölkə çempionatında ilk “5-lik”də yer alan güləşçilər istənilən beynəlxalq yarışda medal qazana bilsin. Hansısa legioner başqa ölkədə yer tutmayıb, gəlib ölkəmizdə yerli güləşçiləri qabaqlayırsa, bunun günahı ilk növbədə yerli məşqçilərdədir.

Bizim məşqçilər nəzəriyyəni bu dərəcədə bilmir. Onlar praktiki biliklərlə kifayətlənir. İndi peyda olan məşqçilər tez bir zamanda fəxri ad almağa can atır. Sovet dönəmində SSRİ yığmasına düşmək üçün neçə turnirdə uğur qazanmalıydın. İndi güləşçilər yalnız Azərbaycan çempionatında uğur qazanmaqla beynəlxalq yarışa vəsiqə əldə edirlər. Yetirməsi Avropa çempionu olan kimi əməkdar məşqçi adı almaq istəyən məşqçilər var. Bu da düzgün deyil. Bunun üçün müəyyən vaxt lazımdır. Bu adı almaq üçün ən azı 5 il müddət qoyulmalıdır. Sənin güləşçin uğurunu bir neçə dəfə təkrar etsin, ondan sonra əməkdar məşqçi adını al. Bizim vaxtımızda belə olub”.

Milli Olimpiya Komitəsinin Nəzarət-Təftiş Komissiyasının sədri,  beynəlxalq dərəcəli hakim Hicran Şərifovun açıqlamasına görə, qazanılan uğurların fonunda arxayınçılıq əsla olmamalıdır. Son illər güləş idman növündə həm problemlərlə üzləşdik, həm də lazımsız arxayınçılıq yarandı. Bunun nəticəsini Tokio Olimpiadasında pəhləvanlarımızın medal göstəricilərində aydın gördük. Rio olimpiadasında ölkəmizin aktivinə 9 medal yazdıran güləşçilərimiz Yaponiyada 3 mükafatla kifayətləndilər.

“Bu problemlərlə bağlı Prezident İlham Əliyev iradlarını bildirmiş, problemləri göstərmişdi. Bu vəziyyəti Milli Olimpiya Komitəsi çərçivəsində, idman federasiyaları içində mütəxəssislərlə uzun-uzun müzakirə edirdik.  Azərbaycan Güləş Federiyasında rəhbər dəyişikliyi nəticəsində struktur, məşqçi və yığma komandaların yenidən təşkili sürətlə gedir. Son bir il ərzində təkbaşına idarəçiliyin, qərar qəbul etmənin uğursuz nəticələrini görmüşük. Qərarların qəbulunda müzakirələr aparılmalıdır, baş məşqçi belə tələb edir  deyə qərarlar qəbul olunmamalıdır”.

Onun sözlərinə görə, ən mühüm islahat isə bölgələrdə aparılmalıdır. Azərbaycanın region güləş məktəblərinə həm dəstək artırılmalı, həm də onlardan mütləq şəkildə tələblər olmalıdır.  “Uşaq, yeniyetmə idmanına diqqətin artırılması xüsusi önəm daşımalıdır. Güləş mütəxəssislərinin, təşkilatçılarının paytaxtda, ondan da daha çox bölgələrdə formalşadırılması üçün xüsusi fəaliyyət tədbirləri müəyyənləşdirilməlidir. Problemlər yetərincədir. Sevindirici haldır ki, federasiya rəhbərliyi və onun komandası fəaliyyətlərinə düzgün istiqamətdən başlayıblar”

Ümid edirik bu sahədə başladılan islahatlar nəticəsində beynəlxalq yarışlarda Azərbaycanın bayrağını qaldıran, himnini səsləndirən onlarca gənc yeni adlar olacaq.

 

V.ABBAS

Yazı MEDİA-nın dəstəyi ilə  “uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusunda hazırlanıb.

 

 

Əvvəlki məqalə

HHQ-nin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra edir

Sonrakı məqalə

Binəqədidə avtomobildən 20 min manat oğurlanıb