“Bizim iclasımız ölkəmizin və tariximizin dönüş yaratdığı gün ərəfəsində keçirilir”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
Sədr bildirib ki, 1991-ci il 18 oktyabrda Azərbaycan parlamenti tərəfindən Dövlət müstəqilliyi haqqında konstitusiya aktı qəbul edilib: “Amma müstəqillik əldə etmək az idi, onu qoruyub saxlamaq əsas idi. Lakin yeni dövrün tələbləriylə ayaqlaşmayan siyasi rəhbərliyin olmadığı şəraitdə hər hansı inkişafdan söhbət gedə bilməzdi. Hərc-mərclik, hakimiyyət davası cəmiyyəti dağılma təhlükəsiylə üzləşdirmişdi. Fürsətdən istifadə edən erməni silahlıları da torpaqlarımızın işğalını gündən-günə genişləndirirdi. Bu zaman xalqımızı AXC-nin taleyi gözləyə bilərdi. Ancaq böyük siyasi lider Heydər Əliyevin hakimiyyətə qayıtması Azərbaycanı dağılmaqdan xilas etdi. Heydər Əliyev xilaskarlıq missiyasını o dövrdə məhz bu binada parlament sədri kimi başlamışdı. 4 ay parlament sədri olduğu müddətdə qanunverici orqanının nüfuzunu qaldırmışdı”.
Spiker qeyd edib ki, Prezident İlham Əliyev Ümummilli liderin siyasətini uğurla davam etdirir: “Prezidentimizin uğurlu siyasəti sayəsində Azərbaycan dünyada daha böyük uğurlara imza atacaq. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü təmin edilib”.
S. Qafarova təklif edib ki, Prezident İlham Əliyevə və Mehriban Əliyevaya Milli Məclis adından müstəqilliyin bərpa olunduğu 18 Oktyabr münasibəti ilə bağlı təbrik məktubları göndərilsin.
Təklif qəbul edilib.