Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə keçirilən iclasında “Media haqqında” qanun layihəsinin müzakirəsi başlayıb.
Müzakirədə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Milli Məclisin deputatları, media qurumlarının rəhbərləri və digər şəxslər iştirak edir.
Media subyektləri 4 kateqoriyaya bölünəcək.
Layihəyə əsasən, audiovizual, çap, onlayn və informasiya agentlikləri media subyektləridir.
Onlar aşağıdakı kimi təsnifləşdirilir:
– Audiovizual media – televiziya və radio yayımının, o cümlədən, sifarişli yayım xidmətinin müxtəlif texniki üsul və vasitələrlə audio və (və ya) vizual formada istifadəçiyə təqdim edilməsini həyata keçirən media;
– Çap mediası – il ərzində müəyyən dövriliklə planlaşdırılmış vaxtda və ya müvafiq materiallar toplandıqda mətn və ya vizual formada olan kütləvi informasiyanı vahid tərtibata malik kağız və (və ya) elektron daşıyıcıda yayımlayan media;
– Onlayn media – audiovizual media və çap mediası istisna olmaqla mətn, audio, vizual və ya digər elektron (rəqəmsal) formada olan kütləvi informasiyanı veb-saytda yayımlayan media;
– İnformasiya agentliyi – kütləvi informasiyanın əldə olunmasını, ötürülməsini, istehsalını və yayımını həyata keçirən, habelə digər media subyektləri ilə informasiya verilməsi (əldə edilməsi) haqqında müqavilələr bağlayan, əldə etdiyi informasiyanın müntəzəm olaraq həmin müqavilələr üzrə çatdırılmasını təmin edən media.
Media Reyestrinə daxil edilmiş jurnalistlərin peşə fəaliyyətinin həyata keçirilməsinə digər dövlətlər tərəfindən xüsusi məhdudiyyətlər qoyulduqda həmin məhdudiyyətləri tətbiq etmiş dövlətin jurnalistlərinə Azərbaycan Respublikasında da eyni məhdudiyyətlər qoyula bilər.
Layihəyə əsasən, Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəlikləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda açılacaq.
Azərbaycan Respublikasında akkreditasiya olunmuş xarici jurnalistlərin və digər xarici media nümayəndələrinin hüquqi statusu və peşə fəaliyyəti Azərbaycan Respublikasının normativ hüquqi aktları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənəcək.
Jurnalistlərin Azərbaycan Respublikasında akkreditasiyası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.
Qeyd edək ki, hazırda qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” qanuna əsasən, Azərbaycan Respublikasında akkreditə olunmuş xarici müxbirlərin və xarici kütləvi informasiya vasitələrinin digər nümayəndələrinin hüquqi statusu və peşə fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi və müvafiq dövlətlərarası müqavilələrlə tənzim edilir. Azərbaycan Respublikasında xarici kütləvi informasiya vasitələrinin nümayəndəlikləri, dövlətlərarası müqavilələrdə ayrı qayda müəyyənləşdirilməmişdirsə, müvafiq icra hakimiyyəti orqanının razılığı ilə açılır.
Xarici müxbirlərin Azərbaycan Respublikasında akkreditəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu qanuna müvafiq olaraq həyata keçirilir. Azərbaycan Respublikasında akkreditə olunmuş xarici müxbirlərə jurnalistin bu qanunla müəyyən edilmiş statusu şamil edilir. Azərbaycan Respublikasında müəyyən edilmiş qaydada akkreditə olunmamış əcnəbi müxbirlər xarici hüquqi şəxslərin nümayəndəliklərinə şamil edilən hüquqlardan istifadə edir və vəzifələr daşıyırlar. Azərbaycan Respublikası kütləvi informasiya vasitələrinin müxbirlərinin peşə fəaliyyətini həyata keçirmək üçün öz ərazisində xüsusi məhdudiyyətlər qoymuş dövlətin kütləvi informasiya vasitəsi müxbirlərinə münasibətdə cavab olaraq eyni məhdudiyyətlər qoyula bilər.
Media sahəsində fəaliyyət göstərən şəxslər üçün güzəştlər və imtiyazlar müəyyənləşir.
Layihəyə əsasən, Media Reyestrinə daxil edilmiş şəxslər üçün aşağıdakı güzəşt və imtiyazlar müəyyənləşdirilə bilər:
– media subyektlərinə dövlət orqanları (qurumları) tərəfindən rəsmi elan və sosial reklamların sifarişi;
– media subyektlərinin işçilərinin və jurnalistlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilən təlimlərdə ödənişsiz və ya güzəştli əsaslarla iştirakı;
– müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilən dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlər üzrə layihələrdə iştirakı;
– maliyyə xarakterli güzəşt və imtiyazlardan (güzəştli kreditlərdən yararlanmaq daxil olmaqla) istifadə;
– sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması ilə bağlı güzəştlərdən yararlanma.
İrqi, dini, mənşə, cinsi, etnik və digər ayrıseçkiliyin təbliği ilə bağlı tələblər pozulduqda Audiovizual Şura tərəfindən yayım 24 saat müvəqqəti dayandırılacaq.
Layihəyə əsasən, eyni zamanda əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol veriləndə, zorakılıq və qəddarlıqla, bağlı tələblər pozulduqda da yayım Şuranın qərarı ilə 24 saat müddətinədək müvəqqəti dayandırılacaq.
Eyni zamanda mediada dərc olunan və (və ya) yayımlanan informasiyada parapsixologiya (ekstrasens, medium və s.), mövhumatçılıq və ya digər xürafələrin təbliğinə yol verilməməlidir. Bu tələblər pozulduqda da yayım Şuranın qərarı ilə 24 saat müddətinədək müvəqqəti dayandırılacaq. Həmçinin mediada dərc olunan və (və ya) yayımlanan informasiyada pornoqrafiya məzmunlu materialların dərc edilməsinə (yayımlanmasına) yol verilməməsi ilə bağlı tələb pozulduqda da yayım Şuranın qərarı ilə 24 saat müddətinədək müvəqqəti dayandırılacaq.
Layihəyə əsasən, hərbi və fövqəladə vəziyyət dövründə media subyektlərinin və jurnalistlərin fəaliyyətinə dair tələblər pozulduqda yayım Audiovizual Şuranın qərarı ilə 1 aya qədər dayandırılacaq. Dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar barədə ictimaiyyətə məlumatın verilməsi və terror əleyhinə aparılan əməliyyat zonasında media subyektlərinin və jurnalistlərin fəaliyyəti ilə bağlı tələblər pozulduqda da yayım Şuranın qərarı ilə 1 gündən 1 ayadək müddətə müvəqqəti dayandırılacaq.
Şuranın qərarı ilə yayım 1 gündən 1 ayadək müddətə Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmətsizliyə yol verilməməsi və terrorçuluq, dini ekstremizm, zorakılıq və qəddarlıq təbliğ olunmamalı, habelə terrorçuluğun maliyyələşdirilməsinə, terrorçuluq məqsədilə təlimlərin təşkil edilməsinə və ya keçirilməsinə yönələn məlumatlar yayılmamalıdır, terrorçuluğa açıq çağırışlar edilməməsi ilə bağlı tələblər pozulduqda da dayandırıla bilər.
Audovizual Şura Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşlara, etnik, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına, terrorçuluğa açıq çağırışlar, habelə terrorçuluğun maliyyələşdirilməsinə, terrorçuluq məqsədilə təlimlərin təşkil edilməsinə və ya keçiririlməsinə yönələn məlumatlar yayımladıqda yayımın dərhal dayandırılması barədə qərar qəbul etməlidir. Layihəyə əsasən, qeyd edilən hallarda Şura yayımçının lisenziyasının ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. Bu hallarda Şuranın qərarı ilə yayım 1 gündən 1 ayadək müddətə müvəqqəti dayandırılacaq.
Şura tərəfindən yayımın dayandırılması barədə qərarın surəti dərhal məlumat üçün audiovizual yayımçıya, icra üçün infrastruktur operatoruna, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və platforma operatorlarına göndərilməlidir.
Media subyekti digər media subyektinin informasiyasını və proqramlarını istinad etməklə abunəlik və ya müqavilə əsasında istifadə edə bilər.
Layihəyə əsasən, abunəlik və ya müqavilə olmadıqda media subyekti digər media subyektinin hər bir informasiyasının yalnız üçdə birindən çox olmayan hissəsini istinad etməklə istifadə edə bilər.
Bu məhdudiyyətlər dövlət orqanları (qurumları) tərəfindən yayılan rəsmi məlumatlara (press-relizlərə) və informasiya agentliklərinin informasiyasından istifadə hallarına şamil edilməyəcək. Bu Qanunun 77.2-ci maddəsində nəzərdə tutulmuş hallarda media subyektləri məlumat və informasiyaların həqiqətə uyğun olub-olmamasına görə məsuliyyət daşımayacaq.
Qanunun 77.2-ci maddəsi mediada yayılmış həqiqətə uyğun olmayan məlumata görə redaksiya, eləcə də jurnalistin aşağıdakı hallarda məsuliyyət daşımadığını nəzərdə tutacaq:
– həmin məlumat dövlət orqanlarının (qurumlarının) vəzifəli şəxsləri və ya onların mətbuat xidmətləri tərəfindən rəsmi yayılmışdırsa;
– həmin məlumat informasiya agentliklərindən və ya idarə, müəssisə, təşkilat, siyasi partiya və qeyri-hökumət təşkilatlarının mətbuat xidmətləri tərəfindən yayılmışdırsa;
– həmin məlumat Milli Məclisin deputatlarının, dövlət orqanlarının (qurumlarının), bələdiyyələrin, idarə, müәssisә, təşkilat və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, habelə vəzifəli şəxslərin rəsmi çıxışlarında olduğu kimi təkrar edilmişdirsə;
– həmin məlumat canlı yayımla efirə gedən çıxışlarda səsləndirilmişdirsə.
Media subyektinə dair tələblər müəyyənləşir.
Layihəyə əsasən, media subyektinə dair tələblər aşağıdakılardır:
– təsisçi fiziki şəxs olduqda Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşı olmalıdır;
– təsisçi hüquqi şəxs olduqda onun nizamnamə kapitalında üstün iştirak payı (75 faiz) Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşına (vətəndaşlarına) və (və ya) Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxsə (hüquqi şəxslərə) məxsus olmalıdır;
– media subyekti fiziki şəxs olduqda Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşı olmalıdır;
– yuxarıda nəzərdə tutulmuş tələblər media subyektinin təsisçisi olan hüquqi şəxsin birbaşa və dolayısı ilə iştirakçısı olan şəxslərin iştirakçılarına da şamil edilir.
Layihəyə əsasən, aşağıdakı şəxslər media subyektinin təsisçisi (iştirakçısı) ola bilməzlər:
– ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilmiş şəxslər;
– məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər;
– məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər;
– siyasi partiyalar (çap mediası istisna olmaqla);
– dini qurumlar (çap mediası istisna olmaqla).
Media subyektinin onun təsisçisi (iştirakçısı) olmayan xarici ölkələrin fiziki və ya hüquqi şəxsləri, onların filial və nümayəndəlikləri, həmin şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri hüquqi şəxslər, habelə xarici ölkələrin dövlət qurumları tərəfindən maliyyələşdirilməsinə yol verilmir. Audiovizual media subyektinin iştirakçılarının tərkibində hər hansı bir dəyişiklik edilməzdən 1 ay əvvəl Şuraya məlumat verilməlidir. Şura dəyişikliyin bu Qanunun tələblərinə uyğun olması barədə 1 ay müddətində əsaslandırılmış rəy verir. Verilmiş müsbət rəy əsasında audiovizual media subyektinin iştirakçılarının tərkibində edilmiş dəyişikliyi təsdiq edən sənədlər 1 ay müddətində Şuraya təqdim olunmalıdır. Audiovizual media subyekti Şuraya, digər media subyektləri isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təsisçiləri və iştirakçıları, habelə idarəetmə orqanının rəhbəri barədə məlumatı hər il dekabr ayının 30-dək təqdim etməlidir.
Media subyektinin idarəetmə orqanının rəhbəri ali təhsilli olmalı, habelə qanunun tələblərinə cavab verməlidir.
Qeyd edək ki, hazırda qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” qanuna əsasən, kütləvi informasiya vasitələrini dövlət orqanları, bələdiyyələr, siyasi partiyalar (yalnız mətbu nəşrlər üçün), ictimai birliklər, idarə, müəssisə və təşkilatlar, Azərbaycan Respublikası ərazisində daimi yaşayan vətəndaşlar təklikdə və ya başqaları ilə birlikdə təsis etmək hüququna malikdirlər. Kütləvi informasiya vasitəsinin adında dövlət təşkilatlarının, beynəlxalq qurumların, idarə və müəssisələrin, yerli özünüidarəetmə orqanlarının adından istifadə olunmasına həmin qurumların razılığı ilə yol verilir. Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarını özündə əks etdirən (yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) və ya əvvəl təsis edilmiş digər mətbu nəşrlə eyni və ya oxşar ada malik olan mətbu nəşrlərin təsis edilməsinə yol verilmir. Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində kütləvi informasiya vasitəsi təsis etməsi Azərbaycan Respublikasının bağladığı dövlətlərarası müqavilə ilə tənzimlənir (xarici dövlətin hüquqi şəxsi dedikdə, hüquqi şəxsin nizamnamə kapitalının və ya səhmlərinin 30 faizindən çoxunun xarici dövlətlərin hüquqi şəxslərinə və vətəndaşlarına məxsus olduğu və ya təsisçilərinin 1/3 hissəsindən çoxunun xarici dövlətin hüquqi şəxsi və ya vətəndaşı olan hüquqi şəxslər başa düşülür).
Çap mediası subyektləri fiziki və ya hüquqi şəxslər ola bilər.
Layihəyə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən orqanlar (qurumlar), Milli Məclis, Konstitusiya Məhkəməsi və Ali Məhkəmə istisna olmaqla, digər dövlət orqanları (qurumları) çap mediası subyektinin təsisçisi ola bilməzlər.
Çap mediası və onlayn media subyektlərinin fəaliyyəti və media məhsullarının yayımlanması Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasının hüquqi şəxslərinin sponsorluğu ilə maliyyələşdirilə bilər.
Layihəyə əsasən, “Reklam haqqında” qanun ilə reklamı qadağan edilmiş malların istehsalı və (və ya) satışı ilə məşğul olan şəxslər sponsor ola bilməzlər. Xarici ölkələrin hüquqi və fiziki şəxsləri çap mediası və onlayn media subyektlərinin hər bir məhsulunun yalnız 25 (iyirmi beş) faizədək olan hissəsinə sponsorluq edə bilərlər.
Qeyd edilib ki, çap mediası və onlayn media subyektlərinə sponsorluq jurnalistin müstəqilliyinə təsir edə bilməz. Sponsorun maliyyə yardımı ilə hazırlanmış dövri mətbu nəşrlərdə bu barədə məlumat çap olunmalıdır. Sponsor reklamı “Reklam haqqında” qanuna uyğun olaraq yayımlanır.
Media Reyestrinə daxil edilmiş jurnalistlərin peşə fəaliyyətinin həyata keçirilməsinə digər dövlətlər tərəfindən xüsusi məhdudiyyətlər qoyulduqda həmin məhdudiyyətləri tətbiq etmiş dövlətin jurnalistlərinə Azərbaycan Respublikasında da eyni məhdudiyyətlər qoyula bilər.
Layihəyə əsasən, Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəlikləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda açılacaq.
Azərbaycan Respublikasında akkreditasiya olunmuş xarici jurnalistlərin və digər xarici media nümayəndələrinin hüquqi statusu və peşə fəaliyyəti Azərbaycan Respublikasının normativ hüquqi aktları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənəcək.
Jurnalistlərin Azərbaycan Respublikasında akkreditasiyası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.
Qeyd edək ki, hazırda qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” qanuna əsasən, Azərbaycan Respublikasında akkreditə olunmuş xarici müxbirlərin və xarici kütləvi informasiya vasitələrinin digər nümayəndələrinin hüquqi statusu və peşə fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi və müvafiq dövlətlərarası müqavilələrlə tənzim edilir. Azərbaycan Respublikasında xarici kütləvi informasiya vasitələrinin nümayəndəlikləri, dövlətlərarası müqavilələrdə ayrı qayda müəyyənləşdirilməmişdirsə, müvafiq icra hakimiyyəti orqanının razılığı ilə açılır.
Xarici müxbirlərin Azərbaycan Respublikasında akkreditəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu qanuna müvafiq olaraq həyata keçirilir. Azərbaycan Respublikasında akkreditə olunmuş xarici müxbirlərə jurnalistin bu qanunla müəyyən edilmiş statusu şamil edilir. Azərbaycan Respublikasında müəyyən edilmiş qaydada akkreditə olunmamış əcnəbi müxbirlər xarici hüquqi şəxslərin nümayəndəliklərinə şamil edilən hüquqlardan istifadə edir və vəzifələr daşıyırlar. Azərbaycan Respublikası kütləvi informasiya vasitələrinin müxbirlərinin peşə fəaliyyətini həyata keçirmək üçün öz ərazisində xüsusi məhdudiyyətlər qoymuş dövlətin kütləvi informasiya vasitəsi müxbirlərinə münasibətdə cavab olaraq eyni məhdudiyyətlər qoyula bilər.
Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən jurnalist vəsiqəsi veriləcək.
Layihəyə əsasən, bu, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən xarici jurnalistlərə şamil edilmir. Xarici jurnalistlər Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərmək üçün əvvəlcədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət etməlidirlər. Onlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən razılıq verildikdən sonra fəaliyyət göstərə bilərlər.
Media subyektləri mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblərə cavab verməməsi halları il ərzində 3 (üç) dəfə aşkar edildikdə Media Reyestrindən çıxarılacaq.
Layihəyə əsasən, qəzetlərin davamlı yayımlanan nəşr olmasına və onlayn media subyektinin (redaksiyaları) davamlı hesab olunması ilə bağlı tələbləri pozulduqda media subyektləri Media Reyesterindən çıxarılacaq.
Eyni zamanda aşağıdakı hallarda media subyektləri Media Reyestrindən çıxarılacaq:
– fiziki şəxs olan media subyekti öldükdə və ya qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə ölmüş və ya itkin düşmüş elan edildikdə;
– Media Reyestrinə daxil edilmiş çap mediası və ya onlayn media subyektinin reyestr məlumatlarında dəyişiklik edildikdə dəyişiklik baş verdiyi tarixdən 14 (on dörd) iş günü ərzində bu məlumatlar müvafiq təsdiqedici sənədlərlə birlikdə müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqana (quruma) təqdim edilmədikdə;
– audiovizual media subyektinin lisenziyası ləğv edildikdə.
Media Reyestrinə daxil edilmiş jurnalistlər aşağıdakı hallarda Media Reyestrindən çıxarılır:
– jurnalistin ərizəsi olduqda;
– ağır və xüsusilə ağır cinayətlərə görə məsuliyyətə cəlb edildikdə;
– öldükdə və ya qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə ölmüş və ya itkin düşmüş elan edildikdə;
– işlədiyi media subyekti, yaxud fərdi olaraq müəllif hüquqları əsasında işlədiyi yeganə media subyekti Media Reyestrindən çıxarıldıqda;
– fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə işləyən jurnalist vergi uçotundan çıxarıldıqda və ya sahibkarlıq fəaliyyəti dayandırıldıqda.
Jurnalist Media Reyestrindən çıxarıldıqda onun jurnalist vəsiqəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ləğv edilir və bu barədə onun veb-saytında məlumat yerləşdirilir.
Şuranın lisenziyanın ləğvi barədə qərar qəbul edildiyi gündən 3 (üç) iş günü müddətində həmin qərar barədə məlumatı Media Reyestrinə daxil edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim olunmuş məlumatlar əsasında audiovizual media subyektləri birbaşa Media Reyestrindən çıxarılacaq.
Media haqqında” qanun Azərbaycan Respublikasının ərazisində təsis olunmuş media subyektlərinə, redaksiyalara, onların məhsullarına, həmçinin Azərbaycan Respublikasının hüdudlarından kənarda olan və fəaliyyəti Azərbaycan Respublikasının ərazisinə və əhalisinə istiqamətlənmiş bütün media subyektlərinə, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılan media məhsullarının yalnız Azərbaycan Respublikasının ərazisində yayılan hissəsinə, habelə jurnalistlərə şamil ediləcək.
Layihəyə əsasən, qanunun müddəaları aşağıdakılara şamil edilməyəcək:
– media subyekti hesab edilməyən şəxslər (jurnalistlər istisna olmaqla) tərəfindən yayımlanan informasiyaya;
– kütləvi informasiyanın yayılması istisna olmaqla informasiya texnologiyalarından istifadə etməklə istifadəçilərin bir-birinə göndərdiyi yazışmalara (korrespondensiyaya).
Qanun layihəsinə əsasən, media subyektlərinin seçkiqabağı və referendumqabağı təşviqatla bağlı fəaliyyətinin xüsusiyyətləri Seçki Məcəlləsi ilə tənzimlənəcək.
Dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar barədə ictimaiyyətə məlumatın verilməsi zamanı məhdudiyyətlər müəyyənləşir.
Layihəyə əsasən, “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanunun 9.3-cü maddəsində nəzərdə tutulmuş məlumatların yayılmasına yol verilməyəcək.
Beləliklə, aşağıdakı məlumatların yayılmasına yol verilmir:
– dini ekstremizm əleyhinə xüsusi əməliyyatların aparılması taktikası və texniki üsulları haqqında məlumatlar;
– dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zonasında və ya bu zonanın hüdudlarından kənarda olan insanların həyatına və sağlamlığına təhlükə yaradan və dini ekstremizm əleyhinə xüsusi əməliyyatların aparılmasına maneə törədən məlumatlar;
– dini ekstremizmə bəraət qazandıran və ya onun təbliğinə xidmət edən məlumatlar;
– dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyatlarda iştirak edən, habelə bu əməliyyatların aparılmasına kömək edən şəxslər haqqında məlumatlar.
Media subyektləri tərəfindən yayımlanmış materialların saxlanılmasına dair tələblər müəyyənləşir.
Layihəyə əsasən, audiovizual yayımçılar öz proqramlarını 3 ay müddətində saxlamalıdırlar. Seçkiqabağı və referendumqabağı təşviqata aid audiovizual proqramların audio və (və ya) videoyazısı aparılmalı, həmin yazılar yayımlandığı gündən 12 ay müddətində müvafiq audiovizual yayımçı tərəfindən saxlanılmalıdır. Audiovizual yayımçı ödənişli və ödənişsiz efir vaxtının ayrılmasına dair hesabat sənədlərini səsvermə günündən başlayaraq 5 il müddətində saxlamalıdır.
Media sahəsində dövlətin vəzifələri müəyyənləşir.
Layihəyə əsasən, media sahəsində dövlətin əsas vəzifələri aşağıdakılardır:
– media sahəsində fikir müxtəlifliyi və fəaliyyət azadlığını təmin etmək;
– Azərbaycan Respublikasında hər kəsin informasiya ilə təmin olunması üçün şərait yaratmaq;
– istifadəçiləri, xüsusilə də uşaqları zərərli informasiyanın təsirlərindən qorumaq;
– medianın inkişafını təşviq etmək və stimullaşdırıcı tədbirlər həyata keçirmək;
– media subyektlərinin və jurnalistlərin fəaliyyətini stimullaşdırmaq;
– media sahəsində rəqabət mühitini təmin etmək, media subyektlərinin və jurnalistlərin fəaliyyəti üçün bərabər imkanlar yaratmaq;
– Azərbaycan Respublikasının media məkanının təhlükəsizliyini təmin etmək;
– ictimai yayımın təmin olunması üçün şərait yaratmaq.
Jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə etmək yolverilməzdir.
Layihəyə əsasən, Azərbaycan Respublikasının qanunları ilə məhdudlaşdırılmayan, ümumi istifadə üçün nəzərdə tutulmuş məlumatların toplanması, hazırlanması, redaktə və istehsalı, ötürülməsi, habelə həmin məlumatlara dair fikir bildirilməsi (şərh verilməsi) ilə bağlı jurnalistlərin təqib edilməsi və onlara təzyiq göstərilməsi yolverilməzdir.
Jurnalistlər müstəqillik, öz mənafelərini təmsil edən təşkilatlarda birləşmək, peşə borclarını yerinə yetirərkən şəxsi toxunulmazlıq, şərəf və ləyaqətlərini müdafiə etmək hüquqlarına malikdirlər.