Milli Ödəniş Sistemi ilə bu il 169 mlrd. manatlıq ödənişlər həyata keçirilib

24 Noyabr 2021 - 12:13

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda Milli Ödəniş Sistemi (AZİPS, XÖHKS) vasitəsilə aparılan ödəniş əməliyyatlarının ümumi həcmi 168,78 mlrd. manat, sayı isə 57,77 mln. ədəd təşkil edib.

Economics”in Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, əməliyyatların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 6,8% azalıb.

Hesabat dövrü ərzində Milli Ödəniş Sisteminin əsas komponenti olan Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi (AZİPS) üzrə 141,68 mlrd. manat həcmində 864 min əməliyyat həyata keçirilib ki, bu da illik müqayisədə 10,7% azdır.

Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) üzrə isə yanvar-oktyabrda 27,11 mlrd. manat həcmində 56,91 mln. ədəd əməliyyat həyata keçirilib ki, bu da illik müqayisədə 20,3% çoxdur.