“Mirvari” gəzinti gəmisində dezinfeksiya işləri aparılıb

- FOTO
09 Mart 2020 - 16:27

Koronavirus infeksiyasının Azərbaycanda yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə görülən qabaqlayıcı tədbirlər çərçivəsində bu gün də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin inzibati binasında, agentliyin Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin, Nəqliyyat və Texniki – Təminat İdarəsinin inzibati binasında dezinfeksiya işləri həyata keçirilib.

“Report” bu barədə Agentliyə istinadən xəbər verir.

Məlumata görə, agentlikdə sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır, əməkdaşlar arasında bu istiqamətdə mütəmadi olaraq profilaktik söhbətlər edilir, maarifləndirmə işləri görülür.

Bu gün, həmçinin Agentliyin nümayəndələrinin iştirakı ilə Dənizkənarı Bulvar İdarəsinin “Mirvari” gəzinti gəmisində də dezinfeksiya işləri həyata keçirilib. Gəmi heyətinə sanitar-gigiyenik vəziyyəti nəzarətdə saxlamaqla bağlı lazımi tövsiyələr verilib.

Qeyd edək ki, Dənizkənarı Milli Parkda xidmət göstərən “Mirvari” gəzinti gəmisinin sərnişin tutumu 446 nəfərdir. Dəniz gəzintilərində tələbata uyğun olaraq əsasən “Mirvari” gəmisindən istifadə olunur. Gəmi orta hesabla gündə 6-7 səfər edir. Tələbatdan asılı olaraq gün ərzində gəzintilərdə ən az 5, ən çox isə 11-12 səfərə qədər artım olur.