Misir fironuna məxsus bəzək əşyası beş min illik sirrin üstünü açıb –FOTO

Misir fironu Xeopsun anasının gümüş bilərziyinin tədqiq edən alimlər heyrətə gəliblər. Bu bəzək əşyası tarixdə ilk dəfə Misir və Yunanıstan arasında ticarətin mövcud olduğunu sübut edib.

Azpost.info bildirir ki, bu barədə “Archaeological Science: Reports” elmi jurnalı məlumat yayıb.

Alimlər Firon Xeopsun anası, qədim Misir kraliçası I Heteferin məzarından tapılan bilərzikləri tədqiq edərkən qədim Misirlə Yunanıstan arasında ticarətin olduğunu açıqlayıblar.

Beynəlxalq arxeoloqlar qrupu kraliçanın zinət əşyalarını araşdıraraq onun hansı materiallardan hazırlandığını müəyyən ediblər. Məhsulların tərkibində Misirə tanış olan mis, qızıl, qurğuşun, həmçinin firuzə və carnelian kimi  qiymətli daşların fraqmentləri aşkar edilib.

Bununla belə, bir bəzək əşyası  digərlərindən seçilib və mütəxəssislərin xüsusi diqqətini çəkib.

Alimlər bu bəzək əşyasının eramızdan əvvəl 2600-cü ildə düzəldildiyini qeyd edirlər. Kəpənək formalı bilərziyin tərkibində gümüş aşkar edilib. Maraqlıdır ki, o dövrdə Misirdə bu metalın yatağı olmayıb. Alimlər gümüşün tərkibini daha diqqətlə öyrənmək qərarına gəlib. Məlum olub ki,  gümüş Egey dənizindəki yunan adalarında və xüsusən də Lavrion şəhərində çıxarılıb, oradan Misirə daşınıb.

Tədqiqatçılar bildiriblər ki, kəşf iki ölkə arasında əvvəllər heç vaxt məlum olmayan ticarətin ilk sübutudur.

Macquarie Universitetinin tarix və arxeologiya üzrə müəllimi, tədqiqatın müəllifi Karin Sovada deyib ki, bu yeni tapıntı elmdə irəliləyişdir: “Bu, Misir dövlətinin erkən qədim padşahlıq dövründə, piramida tikintisi zamanı ilk ticarət şəbəkəsinin miqyasını mükəmməl şəkildə nümayiş etdirir”.

 

Azpost.info

Əvvəlki məqalə

“Polşa ilə münasibətlər sıfır səviyyəsindədir”

Sonrakı məqalə

Azərbaycan gələn il “Avro-5” benzininin istehsalına başlayacaq