Misirdə arxeoloqlar təxminən 5 min il yaşı olan iki qədim məzar aşkar ediblər. Alimlər hesab edirlər ki, bu tapıntılar sonradan məşhur Giza piramidalarının tikintisində istifadə olunan mühəndislik texnologiyalarının mənşəyini anlamağa kömək edə bilər.
Bu barədə Daily Mail məlumat yayıb.
Qədim məzarlar Nil çayının şərq sahilində, Minya vilayətinin Cəbəl ət-Tayr bölgəsində aşkarlanıb. Tədqiqatçıların sözlərinə görə, məzarların konstruksiyası göstərir ki, mürəkkəb mühəndislik həlləri Giza piramidalarının inşasından əsrlər əvvəl tətbiq olunmağa başlayıb.

Alimlərin xüsusi diqqətini məzarların divarları cəlb edib. Divarlar aşağı hissədə daha enli, yuxarıya doğru isə tədricən daralan formada tikilib. Bu quruluş tikililərin dayanıqlığını artırıb və sonradan Misirin monumental memarlığının xarakterik xüsusiyyətlərindən birinə çevrilib.
Arxeoloqlar həmçinin daş emalının izlərini və divarlara inteqrasiya edilmiş iri taxta tirləri də aşkar ediblər. Bu tirlərdən bəziləri tikilinin demək olar ki, bütün uzunluğu boyunca uzanır və ehtimal olunur ki, tikinti zamanı konstruksiyanın möhkəmləndirilməsi məqsədilə istifadə edilib.
Mütəxəssislərin fikrincə, yeni tapıntılar qədim Misirdə mühəndislik və tikinti texnologiyalarının inkişaf mərhələsini daha dəqiq öyrənməyə, həmçinin piramidaların inşasında istifadə olunan üsulların mənşəyini aydınlaşdırmağa imkan verə bilər.
N.Talıblı
