Moldova Azərbaycanlıları Konqresi Şurasının üzvləri Azərbaycan Prezidentini Qələbə münasibətilə təbrik ediblər

28 Noyabr 2020 - 16:55

Moldova Azərbaycanlıları Konqresi Şurasının sədri Elçin Bayramov, Şuranın üzvləri – Ramil Adıgözəlov, Marif Berqan, Zamin Bayramov, Zamir Qubadov, Aynurə Əbdülrəhimova, Mahizər Məmmədova və Ramiz Ənsərov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə məktub ünvanlayıblar.

APA-nın xəbərinə görə, məktubda deyilir:

“Hörmətli Prezident və cənab Ali Baş Komandan.

Moldova Azərbaycanlıları Konqresi Azərbaycan xalqını və onun lideri kimi şəxsən Sizi Ermənistanla müharibədə parlaq Qələbə və Qarabağın Azərbaycanın tərkibinə qaytarılması münasibətilə təbrik edir.

2020-ci il noyabrın 8-i Qarabağ münaqişəsinin tarixində dönüş anı oldu. Şuşada baş verən hadisələr sübut etdi ki, regionda qüvvələrin ədalətli tarazlığının bərpası və Azərbaycan Ordusunun aşkar üstünlüyünün təsdiqlənməsi zaman məsələsidir. Həqiqətən də həmin zaman yetişdi.

Azərbaycan işğalçıların anlaya biləcəyi dildə – güclü müqavimət və qəhrəmanlıqlar dilində danışmağa başladı. Sizin rəhbərliyinizlə hərbi əməliyyatların aparılması üçün seçilmiş düzgün taktika və Azərbaycan döyüşçülərinin Vətənin mənafeyinə fədakarcasına xidmət etmələri sentyabrın 27-dən bəri hamımızın gözlədiyimiz uğurla nəticələndi.

Erməni ordusunun ardıcıl məğlubiyyətləri kulminasiya nöqtəsinə çatdı – işğalçı kapitulyasiyaya məcbur oldu.

Biz tarixin ölkəmiz üçün bu çətin dövründə Sizin fəaliyyətinizə heyran olduğumuzu bildiririk. Biz həm də ölkəmiz uğrunda döyüşlərdə həlak olmuş qəhrəmanlara görə Sizin və bütün Azərbaycanın hədsiz kədərinə şərikik.

Öz doğmalarının və yaxınlarının sağlamlığı naminə canlarından keçən igid döyüşçülər yetişdirmiş ailələr Azərbaycanın tarixində əbədi qalacaq. Şəhidlərin xatirəsinə ən yaxşı mükafat Qələbə oldu.

Şuşa şəhərinin azad olunması Ordumuzun hərbi və psixoloji üstünlüyünü təmin etdi. Ermənilər məğlub edildi və biabırçı şəkildə uduzaraq Azərbaycanın tarixi torpaqlarından qovuldu. Qarabağın bütün yaşayış məntəqələri bizimdir!

Biz Azərbaycanın sülhü təmin edəcəyi günü səbirsizliklə gözləyirdik. Buna görə də qəti qələbə və vahid Azərbaycanın sabit gələcəyi barədə xoş xəbəri Sizin dilinizdən böyük sevinclə eşitdik. Sizi və bütün Azərbaycanı Qələbə Günü münasibətilə təbrik edirik”.