Məscidi dağıdan Ermənistan və Allah evlərinə fərq qoymayan Azərbaycan

Şeyxin dəstək verdiyi “dini çələng” dünyaya necə səs salır? 

 

Azərbaycan ərazi bütövlüyünün bərpası uğrunda apardığı 44 günlük müharibədə parlaq qələbə qazandı. Mənfur düşmən darmadağın edildi.

Bu qalibiyyəti həzm edə bilməyən Ermənistan və onun beynəlxalq havadarları son günlər ölkəmizə qarşı tamam ayrı müstəvidə böhtan və təzyiq kampaniyası təşkil etməyə cəhd göstərirlər.

Ermənistan və ona dəstək verən bu qüvvələr guya Azərbaycan ərazisində olan kilsə və digər xristian abidələrinin taleyindən nigaran qaldıqlarını bəyan edir, hay-küy salaraq “stəkanda fırtına” yaratmaq istəyirlər.

Azərbaycan ərazisində tarix boyu səmavi dinlərə məxsus yüzlərlə dini abidə mövcud olub. Tariximizin müxtəlif vaxtlarında xalqımızın formalaşmasında rol oynamış bu abidələr bu gün də qorunur. Qədim alban kilsələri, yəhudi sinaqoqları, xristian ibadətgahları ölkəmizdə tarix boyu müxtəlif dinlərin birgəyaşayışına şahidlik edib. Bu tolerantlıq ənənələri bu gün də öz ən yaxşı nümunələrini ortaya qoyur.

Vətən Müharibəsi günlərində biz bunun bir daha şahidi olduq. Müxtəlif dini inanca sahib Azərbaycan vətəndaşları vahid vətənləri uğrunda qorxmadan düşmən üzərinə atıldılar. Qalib oldular.

Darmadağın olunmuş Ermənistanın yalançı “xristian abidələrini qorumaq” bağırtısı əslində dünyaya özünün tolerantlıq siyasəti ilə uğurlu model təqdim etmiş müsəlman Azərbaycanı barədə xristian dövlətləri arasında etimadını zəiflətmək məqsədi daşıyır.

Amma bütün bu cəhdlər əbəsdir.

Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı ərazilərdə mədəni abidələrə, dini ibadətgahlara münasibəti indi bütün dünyanı heyrətə salmaqdadır. Dağıdılan məsdilər, sökülən pravoslav kilsələri, məhv edilmiş məbədlər bir-bir üzə çıxdıqca “mədəni və qədim xalq” barəsində uydurulmuş mif dağılır.

Prezident İlham Əliyev xalqa müraciətində bu vəhşliyə toxunaraq erməni yalanlarına dəstək verməyə cəhd edən ölkələrə öz mesajını da çatdırıb: “Narahatlıq ifadə etmək istəyən bəzi Qərb dairələri bizim dağılmış məscidlərə baxsınlar, Ağdam, Şuşa, Zəngilan, Cəbrayıl, Füzuli məscidlərinə və digər məscidlərə. O məscidlər ya dağıdılıb, ya da ki, təhqir edilib, donuzlar saxlanılıb. Niyə bu, narahatlıq doğurmurdu? Otuz il bu barədə niyə heç kim məsələ qaldırmırdı, bizdən başqa?”

Dövlət başçısı bu yöndə Qafqaz Müsəlmanları İdarəsi və onun sədri Allahşükür Paşazadənin fəaliyyətinə işarə edərək vurğuladı ki, Azərbaycanın multikulturalizmlə, dinlərarası münasibətlə bağlı apardığı siyasət bütün dünya tərəfindən, dini rəhbərlər və dünya liderləri tərəfindən təqdirlə qarşılanır.

Azərbaycandakı dini konfessiyaların rəhbərlərinin Qarabağda erməni vandallar tərəfindən dağıdılan və zərər vurulan dini abidələrimizlə bağlı birgə bəyanatında bu məsələ ciddi şəkildə qaldırılıb.  Sənəddə deyilir ki, dünya ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı təkcə etnik təmizləmə, soyqırımı və işğal deyil, uzun illər ərzində ölkəmizin öz müxtəlifliyi ilə fərqlənən mədəni və mənəvi irsinə qarşı təcavüz siyasəti yeritdiyini bilməlidir. “Ermənistanın monoetnikliyə söykənən dövlət siyasəti onun işğal etdiyi ərazilərdə də yalnız erməni izi yaratmağa xidmət edib. Azərbaycanın işğal altında olan ərazilərində tarixən mövcud olmuş qədim alban, pravoslav, müsəlman dini və mədəni irsini tamamilə silməyə çalışıb. Mədəni-mənəvi irs nümunələrimizi ya tamamilə dağıdıb, ya da tarixini və mənşəyini saxtalaşdıraraq özününkiləşdirib – erməniləşdirib, qriqoriyanlaşdırıb”.

Bəyanatda vurğulanır ki, yalnız müsəlman məscidlərini məhv etməklə kifayətlənməyən Ermənistan Şuşadakı İoann Predteça pravoslav kilsəsini, digər bölgələrdəki Alban-udi məbədlərini qəsb edərək qriqoriyanlaşdırıb, Xocavənd pravoslav kilsəsini tamamilə dağıdıb.

Belə vandallığın əsas məqsədi “böyük Ermənistan” yaratmaq xülyası ilə bizim minilliklər ərzində yaşadığımız torpaqlarda həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı məhv etmək olub.

Azərbaycanı mədəni abidələri dağıtmaqda ittiham etmək sadəcə absurddur. Elə Bakının mərkəzində yer tutan erməni kilsəsi ölkəmizə gələn bütün xarici ekspertlərin, müşahidəçilərin xoş təəccübünə səbəb olur.

Multikultural ənənələrə sadiq olan Azərbaycan dünyanın müxtəlif bölgələrində, o cümlədən Vatikanda, Fransada, Bolqarıstanda, Serbiyada tarixi abidələrin, məscid və kilsələrin bərpasına əvəzsiz töhfələr verir. 2016-cı ilin oktyabr ayında Azərbaycana səfər edən Roma Papası Fransisk ölkəmizdə müxtəlif mədəniyyətlər və dini konfessiyalar arasında əməkdaşlıq və dialoqu yüksək qiymətləndirib. 2019-cu ilin noyabr ayında Dünya dini liderlərinin II Bakı sammitinin iştriakçıları ölkəmizin multikulturalizm mərkəzlərindən biri olduğunu etiraf etdilər. Səmavi dinləri təmsil edən nufuzlu din xadimləri dinlərarası mədəni dialoqun təşviqində Azərbaycanın rolunu dəstəklədilər.

Belə münasibətin formalaşmasında dövlətimizin yürütdüyü uzun illərin ardıcıl siyasəti dayanır. Azərbaycanın müxtəlif inanc, mədəni ənənə daşıyıcısı olan bu model vətəndaş cəmiyyətinin əsas əxlaqi prinsipi kimi çıxış edir. Belə mədəni əməkdaşlıq yüz illərlə qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər sistemi formalaşdırıb.

Dinlərarası dialoq və dini tolerantlığın təbliğində Qafqaz Müsəlmanları İdarəsinin və onun sədri Şeyxülislam Allahşükür Paşazadənin fəaliyyəti geniş və çoxcəhətlidir. QMİ tolerantlıq mədəniyyətinin inkişafında özünəməxsus rol oynayır və dini konfessiyalar arasında əməkdaşlığın yaradılmasında unikal fəaliyyət göstərib.

Ölkəmizin müxtəlif mədəniyyətlərin qovuşuğunda yerləşməsi Azərbaycan dövlətindən xüsusi həssaslıq tələb edir. Dinləri bir-birinə qarşı qoymaqla dünyada geopolitik dividend qazanmaq istəyənlərin at oynatdığı bir zamanda tolerantlıq prinsipləri böyük əhəmiyyət kəsb edir.

QMİ sədri Azərbyacan prezidentinin bu günkü qarmaqarışıq dünyada elan etdiyi birgəyaşayış və tolerantlıq ideyalarının təbliğində mühüm rol oynamaqla məzhəbləri özündə birləşdirən bir dini lider olaraq tolerantlıq numunəsi yarada bilib.

Ölkədə bu gün mövcud konfessiyalararası əməkdaşlıq və dini zəmində olan münasibətlər QMİ sədrinin bu yöndə apardığı fəaliyyətin əsasını təşkil edib. Qeyd edək ki, dini icmalara dövlət tərəfindən ayrılan maliyyə yardımının siyahısında təkcə islam deyil, qeyri-islam dini icmaları da yer alır.

Ölkənin mühüm dövlət və dini tədbirlərində, beynəlxalq platformadakı əməkdaşlıqda Şeyxülislamın ətrafında ölkəmizin dini konfessiya rəhbərləri oturur və mühüm məsələlər birgə müzakirə olunur.

Çağdaş dövrdə müsəlman ölkələri üçün nadir olan bu vəziyyət təkcə siyasətlə bağlamaq doğru olmazdı. Bu həm də Şeyxülislamın dinindən asılı olmayaraq bütün məzhəblərə göstərdiyi isti və etibarlı münasibətin nümayişdir.

Belə əməkdaşlıq qeyri-islam konfessiyalarına məxsus dini abidələrinə olan münasibəti də ifadə edir. QMİ ölkədəki bu dini abidələrin qorunmasında və ibadət evlərinin fəaliyyətinin təşkilində məsuliyyəti də danılmazdır.

A.Paşazadənin beynəlxalq müstəvidə dini rəhbərlərin Bakıya olan etimadının formalaşmasında, ictimai rəyin yaranmasında verdiyi töhfələr yaddaqalandır. Prezident İlham Əliyevin bu siyasətinin əsas prioritetləri ilə “silahlanan” QMİ sədri dinlərarası uğurlu əməkdaşlıın gözəl nümunəsini ortaya qoydu və Azərbaycanı dini zorakılıq girdabında çapalayan ölkələrə  tolerant dövlət nümunəsi kimi təqdim edə bildi.

Belə unikal vahid “dini çələng” Azərbaycanın humanist və ülvi dəyərlərlə söykənən nümunəsini yaradaraq bunu  dünya ilə bölüşməyə hazır olduğunu bir daha bəyan etdi.

Prezident öz müraciətində daim bəyan edib ki, işğaldan azad olunmuş torpaqlarda da bütün dini və mədəni abidələr, ibadət evləri bərpa ediləcək.

Nifrət və kin püskürən xarici qüvvələrin arzuları gözlərində qalacaq. Qoy, ölkəmizin bədxahları narahat olmasın: Biz mənfur düşməndən fərqli olaraq Allah evlərinə fərq qoymuruq. Onların hər birinin divarları arxasında etdiyimiz birgə dualar vəhdətimizin gözəl nümayişdir.

Həmişə də belə olacaq!

Emin ABBASOV

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Moldova Azərbaycanlıları Konqresi Şurasının üzvləri Azərbaycan Prezidentini Qələbə münasibətilə təbrik ediblər

Sonrakı məqalə

Ayətullah Xameneyi iranlı alimin öldürülməsi ilə bağlı açıqlama yayıb