“Molla yanına getdiyimiz üçün qəzetdə tənqid eləmişdilər” –QMİ sədrinin uşaqlıq dostları

Azərbaycanda SSRİ dönəmində islam dininin əsaslarını öyrənmək çox çətin iş idi. Xüsusən uşaqların dinlə bağlı bilgilərinə ciddi məhdudiyyətlər qoyulmuşdu.

Sovet nəsli işıqlı kommunizm qurmaq üçün yaxşı oxumalı, işləməli və “tiryək” sayılan dindən uzaq durmalı idilər. Sovet hökumətinin bütün sistemi dini, dindarları və din xadimlərini aşağılamaq, ələ salmaq və istehza obyektinə çevirmək üşün daim çalışırdı.

Belə bir şəraitdə islam dinini təbliğ etmək, onu yaymaq və gələcək ardıcıllarını yetişdirmək üçün bölgələrdə yarımgizli fəaliyyət göstərən axundlar, din xadimləri çox ağır şərtlər altına düşürdülər.

Bu baxımdan ayrı-ayrı rayonlarda yaşayan hörmətli din adamlarının yanında xırda qruplar şəklində islam dininin əsaslarını öyrənmək üçün gələn uşaqlar minillik dini inancın nəsldən-nəslə ötürülməsi üçün bir vəsilə oldular.

Min bir çətinliklə oxuyan bu uşaqlar sonralar ölkənin dini cameəsinin bazasını təşkil edə bildilər.

FOTO: Şeyx Qüdrət

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə də sərt sovet rejiminin bütün məhdudiyyətlərinə baxmayaraq uşaq yaşlarından islam dininin əsaslarını öyrənməyə can atan bu nəslin nümayəndələrindəndir. O, özünü bölgənin ən tanınmış din xadimlərindən sayılan və Şeyx Qüdrət kimi tanınan Qüdrət Ağakişi oğlu Abbasovun şagirdi sayır. Masallının Babaser kəndində yaşayan Şeyx Qüdrət dövrünün ilahiyyat elmini gözəl bilən din xadimi olub. 1891-ci ildə anadan olan Şeyx Qüdrət öz dövründə Nəcəfdə təhsil almış Şeyx Bəşir Ərkivani və Molla Hüseyn Biləsuvarlıdan dərs alıb. Daha sonra Ərdəbildə mədrəsədə 5 il dini təhsil alıb. 1958-ci ildə Şeyxülislam vəzifəsini tutmaq təklif olunsa qəbul etməyib.

Dərs dediyi uşaqlarda dinin əsaslarını, mərhəməti, elmi təbliğ edərək onların cəmiyyətdə yerlərini tutması üçün çalışıb.

Sovet ateist sisteminin sərt nəzarəti isə bu uşaqlar üçün sınaq dövrü olaraq yaddaşda qalıb.

QMİ sədri özü müsahibələrində o dövrün çətinliklərindən danışıb: “Dini biliklərimi təkmilləşdirmək üçün hörmətli Şeyx Qüdrətin yanına getdim. Orada ərəb və fars dilini, fiqh elimini öyrənməyə başladım. Ən çətin illərim idi. Quranı gizli oxuyurdum. 10 kilometr yolu elə olurdu piyada gəlirdim. Gecə qayıtmalı olurdum. O zaman yollar çox pis idi. Quran əlimdə olduğu üçün qorxmamışam. Orta məktəbə dərsə Quran kitabı ilə gəlirdim. Çünki məktəbdən evə qayıdıb sonra mollanın yanın getməyi çatdırmaq olmurdu”.

O dövrdə Allahşükür Paşazadə ilə birgə Şeyx Qüdrətin yanına dini dərs almağa gedən Masallının Boradigah kənd sakini Hacı Cəlil Zahirovun sözlərinə görə, şeyx çox bacarıqlı və hazırlıqlı uşaq idi.

FOTO:Hacı Cəlil Zahirov

“1960-cı illər idi. Allahşükür Lənkərandan, uzaq yoldan gəlir, orta məktəbdə dərslər bitdikdən sonra Şeyx Qüdrətin yanına Quran dərslərinə gedərdik. Gec olanda bəzən bizim evdə qalardı”.

Hacı Cəlilin sözlərinə görə, o zaman uşaqların dini təhsil alması, axund yanına getməsi çox çətin məsələ idi. SSRİ-də sərt ateizm tərbiyəsi buna imkan vermirdi: “Bir dəfə orta məktəbdə bizimlə bağlı divar qəzetinin satira səhifəsində kəskin tənqidi yazı yazmışdılar”.

“Şeyx uşaq vaxtından dini elmlərə həvəsi ilə seçilirdi. Uşaqlar arasında çox təmkinli və ciddi olurdu. Hamıya kömək etməyə çalışırdı. Ünsiyyətcil idi, tez qavramağı, götürməyi bacarırdı”.

Şeyx Qüdrət balaca Allahşükürün fəhmini və dini biliklərə həvəslə yiyələnməsini görür, onun gələcəkdə bu sahədə irəli gedəcəyinə inanırdı.

“Mən bir müddət dini öyrənməyə həvəs göstərdim. Sonra götür-qoydan sonra bu yolun çətinliyini, özümü buna hazır görmədiyim üçün dini təhsil arxasınca getmədim. 60-cı illərin sonunda A.Paşazadə və digərləri ilə birgə Daşkəndə ruhani təhsil almaq üçün getmək imkanı olsa da bundan imtina etdim. Tamam başqa sahəni seçdim. A.Paşazadə isə bu yola davam etdi və çox yaxşı, bilikli din adamı oldu. Özbəkistandan qayıdıb 70-ci illərdə QMİ-də çalışanda onunla əlaqələrimiz var idi. Bu gün də münasibətlərimz yaxşıdır”-deyə Hacı Cəlil bildirib.

QMİ sədri uşaqlıqda

Hacı Allahşükür Paşazadənin sinif yoldaşı İltifat Muğbiloğlu mediaya müsahibəsində deyib ki, QMİ sədrinin dil, ədəbiyyat, xarici dil, tarix, həmçinin, təbiət fənlərinə də marağı vardı: “Elə bil ki, onda Allah tərəfindən verilən fitrət vardı. Tez ünsiyyət quran idi. Tez qavramağı, götürməyi bacarırdı. Yaxşı əl qabiliyyəti vardı, gözəl rəsmlər çəkirdi. V.Hüqonun “Səfillər” romanını çox xoşlayırdı”.

Şeyx Qüdrətin yaxşı tələbəsi olaraq tanınan A.Paşazadə digər uşaqlarla birgə mükəmməl dini təhsil almaq üçün Daşkənddə oxumaq təklifi gələndə tərəddüd etmədən razılıq verdilər: “Gördülər yaxşı oxuyuram. Dedilər Buxaraya gedərsən oxumağa? Şeyx Qüdrət məsləhət gördü ki, ora oxumağa gedək. Bizi Daşkəndə yola saldılar. Orada imtahan verdik. Buxaraya, Mir-Ərəb mədrəsəsinə getdik”-deyə QMİ sədri müsahibəsində deyib.

Beləliklə Şeyx Qüdrətin zəmanəti və Təzəpir məscidinin göndərişilə 3 yeniyetmə uşaq- Allahşükür Paşazadə, Əhməd Abbasov və Mirəziz Seyidzadə Özbəkistanın Buxara şəhərindəki ali dini təhsil mərkəzlərinə göndəriliblər.

Buxarada oxuyan tələbələr sonradan Azərbaycanın dini camesində tanınan şəxslərə çevrildilər. QMİ-də çalışan A.Paşazadə 1979-cu ildən Qafqaz Müsəlmanları İdarəsinin sədri seçilib. O bütün SSRİ-də bu vəzifəyə seçilən ən gənc Şeyxülislam idi.

FOTO: Gənc Hacı Əhməd və Allahşükür Paşazadə Buxarada tələbəlik dövründə

Hacı Əhməd uzun müddət Təzəpir məscidinin axundu olub, xarici ölkələrdə keçirilən beynəlxalq konfranslarda iştirak edib. O, 2015-ci ildə dünyasını dəyişib.

Şeyx Qüdrətin tələbələrindən olan, tanınmış din xadimi mərhum Hacı Mirəziz Seyidzadə Qafqaz Müsəlmanlar İdarəsinin Fətva şöbəsinin müdiri vəzifəsində çalışıb, 2014-cü ildə vəfat edib.

SSRİ dönəmində dini biliklərə yiyələnən uşaqlar az olsa da onların taleyinə Azərbaycanın inanc və iman sarvanı olmaq, islam dininin müqəddəs dəyərlərini gənc nəslə çatdırmaq missiyası düşdü. Bu nəsil 1991-ci ildə Azərbaycanın milli-azadlıq mübarizəsində ön sırada oldu və Vətənin ən çətin günlərində xalqla çiyin-çiyinə dayandı.

FOTO: Hacı Mirəziz Seyidzadə

Şeyx Qüdrət 1975-ci ildə vəfat etməsinə baxmayaraq bu günə qədər unudulmur, xalq arasında onun əziz xatirəsi hörmətlə yad olunur.

Aydın Məmmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Ölkədə Pandemiya nəzarət altındadır” –

Sonrakı məqalə

Şamaxı Polis Şöbəsinin sabiq rəis müavini 7 il azadlıqdan məhrum edilib