“Moskvadan əməliyyatı başa çatdırmağı tələb edə bilmərik” –Çin XİN

“Hansısa üçüncü ölkənin qınağı döyüşü dayandırmayacaq”.

Azpost.info xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin Avropa departamentinin rəhbəri Van Lutun Avropa İttifaqı-Çin onlayn sammitindən sonra keçirilən brifinqdə deyib. Lutun bildirib ki, Çin Ukraynada atəşkəsin tərəfdarıdır, lakin Rusiyadan xüsusi əməliyyatı başa çatdırmağı tələb edə bilməz.

Onun sözlərinə görə, hərbi əməliyyatların başlanması suveren Rusiyanın müstəqil qərarıdır və Moskva onları başqa ölkənin istəyi ilə dayandırmayacaq: “Bu, belə işləyə bilməz ki, biz Rusiyaya üz tutub “Siz bu müharibəni dayandırmalısınız” deyəcəyik, onlar da dayandıracaqlar. Belə olmur. Bu məsələnin açarı Çinin əlində deyil”.

Van Lutun Çinin münaqişənin həlli üçün səy göstərdiyinə diqqət çəkib: “Rusiyanın xüsusi əməliyyatının başlamasının ikinci günü Çin prezidenti Si Cinpin Rusiya prezidenti Vladimir Putinə zəng edib. Bir neçə gündən sonra Rusiya ilə Ukrayna arasında danışıqların birinci raundu baş tutub. İndiyədək beş raund keçib və biz artıq müəyyən irəliləyişlər görürük”.

XİN rəsmisi deyib ki, Çin Ukrayna böhranında tərəf deyil. Ona görə də münaqişə ətrafında yaranmış vəziyyət Çinin digər ölkələr, o cümlədən Rusiya ilə ticarət əməkdaşlığına təsir etməməlidir: “Hətta Avropa Rusiya ilə normal iş aparır. Siz Rusiya ilə bütün ticarətinizi dayandırmadınız. Deməli, bizim Rusiya ilə normal ticarət əməkdaşlığımıza da toxunulmamalıdır”.

Lutun Pekinin sanksiyalara qarşı olduğunu xatırladıb. Onun fikrincə, nəticələr bütün dünyaya təsir göstərə, istehsal zəncirlərini, qloballaşmanı və İkinci Dünya müharibəsindən sonra qurulan iqtisadi nizamı təhlükə altına qoya bilər.

Azpost.info

Əvvəlki məqalə

COVİD-19-un müalicəsinə cəlb edilən həkimlərin maaşına əlavələr uzadıldı

Sonrakı məqalə

Türkiyənin Azərbaycandakı səfiri koronavirusa yoluxub