Moskvanın “Böyük Vətən Müharibəsi” ideologiyası nəyə xidmət edir? –

Polşalı politoloqun ŞƏRHİ
12 Sentyabr 2019 - 23:05

Varşava Universitetinin əməkdaşı, politoloq Kazimej Vuyçiçski (Kazimierz Wóycicki) yerli “Rzeczpospolita” qəzetinin müxbiri Lukaş Koxanovskiyə (Łukasz Kochanowski) müsahibə verib.

Müxbir xatırladıb ki, Rusiya rəhbərliyi dərc etdiyi sənədlərlə 1939-cu ilin sentyabrında Polşaya hücuma haqq qazandırmaq istəyir. Bu məsələyə münasibət bildirən politoloq qeyd edib ki, bir çox halda Rusiya ilə SSRİ-nin mesajı identikdir: “Bu, əvvəl də, indi də Böyük Vətən Müharibəsi ideologiyası idi. İndi bu, Rusiyanın imperiya statutunun legitimləşdirilməsinə, keçmişdə isə SSRİ-nin və onun təsir dairələrinə hüquqlarının legitimləşdirilməsinə xidmət edib. Vladimir Putin indinin özündə də müharibənin qurbanlarından danışarkən, 20 milyon nəfərə istinad edir. Bu da elə səslənir ki, sanki həmin insalar ilk növbədə ruslar olublar. Əslində isə 8-10 milyon ukraynalı, 3 milyon belarus, təxminən 500 min özbək həlak olub. Onların hamısı müstəqillik əldə etmiş xalqlardır. Və bu dövlətlərin müharibə və onun qurbanları haqqında öz xatirə hüququ var”. 

Ekspert SSRİ dövründə İkinci Dünya Müharibəsinin hansı şəkildə təqdim olunduğuna aydınlıq gətirib: “İlk növbədə müharibə 1939-cu ildə deyil, 1941-ci ildə başlayıb. Bu da Stalinlə Hitler arasında xoşagəlməz əməkdaşlıq dövrünün üstündən adlamağa kömək edib. Bunun müdafiə xarakterli müharibə, qərbin hücumuna cavab olduğu deyilib. SSRİ qazandığı qələbəyə görə ilk növbədə özünə borcludur. Müharibədən sonra əsarətdə saxladığı hər kəs buna görə ona minnətdar olmalıdır. Sovet İttifaqının ruslaşdırılmış xalqlarının beyinlərinə yeridirdilər ki, onlar qəhrəmanlıq mübarizəsi ilə əlaqəli tarixi zəfərin müəlliflərindən biri olub. SSRİ bunun əsasında böyük rus millətçilyi konsepsiyasını genişlətməklə milli düşüncəni formalaşdırıb. “Sovet xalqını” faşizm üzərinə qələbəyə görə qürur hissi birləşdirməli idi”.

Ardınca Vuyçiçski qeyd edir ki, hücum həmişə aparılıb: “Bu, neoimperiya ideologiyasının ayrılmaz hissəsi, son dövrlər isə informasiya müharibəsinin elementidir. Rus siyasəti cari siyasi vəziyyətə və təbliğat ehtiyaclarına adaptasiya olunan tarixin spesifik intepretasiyasına əsaslanır. Bu da öz növbəsində keçmişin araşdırılmasına və kritik dərkinə mane olur”.

“Müasir Rusiya çarizm ideologiyası ilə bolşevizmin sintezini həyata keçirir. Qərb çürük kimi təsvir olunur,  SSRİ Xalq Daxili İşlər Komissarlığının əməkdaşı Putin xristianlığı müdafiə edir, rus cəhalətpərəstliyi isə müstəqil sivilizasiya üçün baza roluna iddia edir”, – sonda politoloq bildirir. (Xpressa.net)