MSK-nın iclası başladı

- 28 saylı Sabunçu Üçüncü Seçki Dairəsi ilə bağlı qərar qəbul edildi (YENİLƏNİR)
21 Fevral 2020 - 16:10

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 28 saylı Sabunçu Üçüncü Seçki Dairəsindən qeydə alınan namizəd Aygün Süleymanlının (Muradxanlı) müraciətinə baxılıb. 

APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının üzvü İlham Məmmədov bildirib ki, müraciət ekspert qrupu tərəfindən araşdırılıb: “Araşdırma ilə əlaqədar müvafiq Dairə Seçki Komissiyasından alınan sənədlər də araşdırma materiallarına əlavə edilib. İddiaçı öz müraciətində səsvermə günü Seçki Dairəsi üzrə bütün məntəqələrdə qanun pozuntularının olduğunu bildirib, buna görə də səsvermənin nəticələrinin ləğvini istəyib. Lakin araşdırma zamanı müraciətdə göstərilən hallar təsdiqini tapmayıb. Təklif edirəm ki, Aygün Süleymanlının müraciəti təmin edilməsin”.

MSK müraciəti müzakirəyə çıxarıb və A.Süleymanlının müraciəti təmin edilməyib.

*****

Trend-in məlumatına görə, iclası MSK sədri Məzahir Pənahov açıq elan edib.

İclasda 114 saylı Şəki kənd birinci seçki dairəsi ilə bağlı daxil olan müraciət qanunla müəyyən olunan vaxtdan gec göndərildiyi üçün ərizəçiyə geri qaytarılıb.

*****

Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası başlayıb.

“Report” xəbər verir ki, iclasda komissiya üzvləri 2020-ci ilin fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar daxil olan daha bir neçə müraciətə baxır.

MSK tərəfindən gündəlikdə duran məsələlərlə bağlı müvafiq qərarlar qəbul ediləcək.

Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilmiş iclasında, ümumilikdə, 4 dairə üzrə baş tutan seçkidə səsvermənin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib.

Nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır:

– 80 saylı İmişli-Beyləqan seçki dairəsi – lider namizəd Çingiz Qənizadə

– 74 saylı Lənkəran kənd seçki dairəsi – lider namizəd Hadı Rəcəbli

– 35 saylı Xətai üçüncü seçki dairəsi – lider namizəd Rauf Arifoğlu

– 33 saylı Xətai birinci seçki dairəsi – lider namizəd Hüseynbala Mirələmov.